“Quran”ın yandırılması hallarının qeydə alındığı Danimarkada bu qəbildən hərəkətlərin qadağan edilməsinin planlaşdırıldığı açıqlanıb. Və ola bilər ki, bir aydan sonra belə bir qərar verilsin”.
Bu sözləri Oxu.Az-a müsahibəsində Danimarkadan olan jurnalist, analitik, beynəlxalq əlaqələr üzrə ekspert Samer Elias deyib.
Samer Elias ötən yay İsveçin ardınca Danimarkada da “Quran”ın yandırılması ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də Danimarka hakimiyyətinin dini kitabların təhqir olunmasını qadağan etmək qərarı barədə bildirib ki, belə bir qanunun qəbul olunması mümkündür.
“Bəli, bu belədir. Şans var ki, belə bir qanunun parlamentdən keçirilməsinə nail olunsun. Çünki hökumət koalisiyası ölkənin qanunverici orqanında çoxluğa malikdir. Amma qanuna görə, bir ay ərzində məsləhətləşmələr aparılmalıdır, ondan sonra isə Folketinqdə (Xalq Şurasında) üç oxunuşda nəzərdən keçiriləcək. Hazırda bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Əksəriyyət bu qərarı alqışlayır, lakin təbii ki, buna qarşı çıxan bir neçə partiya da var. Bəzi sol və ultrasağ partiyalar da onların sırasındadır. Bununla belə düşünürəm ki, nəticədə qanun qəbul olunacaq”, – deyə analitik qeyd edib.
Samer Elias “Quran”ın yandırılması ilə bağlı barbar hərəkətlər davam edəcəyi halda Türkiyə parlamentinin İsveçin NATO-ya qəbulu ilə bağlı protokolları təsdiq edib-etməyəcəyi ilə bağlı da fikrini bildirib.
“Hesab edirəm ki, Türkiyə parlamenti təsdiq etməyəcək. Türkiyənin arxasından hələ Macarıstan da “boylanır” ki, bu ölkə parlamenti də hələ öz sözünü deməyib.
Və nə qədər qəribə səslənsə də, bu, Türkiyənin xeyrinədir. Çünki Ankaranın Qərb, Ukrayna və Rusiya arasında vasitəçi mövqeyi yalnız güclənəcək. Türkiyə bu cür danışıqlar apara biləcək yeganə ölkədir”, – deyə ekspert vurğulayıb.
Nair Əliyev