• Şb. Noy 30th, 2024

Sandro Teti: “Paris təhrik etsə də, korsikalılar heç vaxt özlərini fransız saymayıblar” – İTALİYADAN MÜSAHİBƏ

ByYenigun.news

Mar 14, 2023


Bastiya şəhər məhkəməsinin Fransa Konstitusiyasına istinad edərək Korsika Assambleyasındakı debatlarda və faktiki olaraq dövlət qurumlarında Korsika dilinin istifadəsini qadağan edən qərarı Avropada mütləq mənfi reaksiya doğuracaq.

Bu barədə Oxu.Az-a müsahibəsində italiyalı politoloq, publisist, Romada “Sandro Teti” nəşriyyat evinin təsisçisi və rəhbəri Sandro Teti bildirib.

Xatırladaq ki, Bastiya şəhər məhkəməsinin çıxardığı hökm artıq Korsika Millət Partiyasının lideri Jan-Kristof Ancelini, Korsika İcraiyyə Şurasının prezidenti, hüquqşünas və siyasi xadim Jil Simeoni, Korsika Assambleyasının sədri Mariya-Antuanetta Mopertyui və bir çox başqaları tərəfindən qınanılıb. Qeyd edilən qərarda fransız dili dövlət vəzifələrinin icrası zamanı istifadəsinə icazə verilən yeganə dil olaraq nəzərdə tutulur. Korsikadakı siyasi qüvvələr “məhkəmənin qərarını və onun verdiyi motivasiyanı” təhqir kimi qəbul ediblər. Yeri gəlmişkən, dil məsələsi ilə yanaşı, məhkəmə həmçinin “faktiki olaraq Korsika xalqının varlığını müəyyən edən” yerli qaydalara da toxunub. Bu da eyni şəkildə Fransa Konstitusiyasının pozulması kimi dəyərləndirilib.

Sandro Tetinin sözlərinə görə, Korsika dili italyan dilinə çox yaxındır və onminlərlə insan bu dildə danışır.

– Qəribə də olsa, bəzi italyan ləhcələri Korsika dili ilə müqayisədə ədəbi italyan dilindən daha çox fərqlənir. Daha artığını deyim, faktiki olaraq Korsika ilə həmsərhəd olan Sardiniyanın (İtaliyanın tərkibinə daxil olan ada) ləhcəsi bizim üçün ayrıca dil hesab olunur. Korsikalıların isə öz dilləri var. Mən Fransa hakimiyyətinin qərarını başa düşə bilmirəm və çox təəccüblənirəm. Axı Avropa İttifaqının bəyan etdiyi dəyərlər arasında milli azlıqların dillərinin qorunması, onlara hörmət olunması və inkişaf etdirilməsi kimi prinsiplər də var.

Məsələn, məşhur Napoleon Bonapart Korsikada anadan olub və o, Korsika dilində danışırdı. Korsikalılar özləri çox qürurlu xalqdır. Onlar dəfələrlə təkcə muxtariyyət deyil, həm də Fransadan müstəqillik tələb ediblər. Ötən əsrin 60-70-ci illərində Korsikanın müstəqilliyi uğrunda hərəkat mövcud idi ki, bu hərəkatın hətta öz hərbi qanadı var idi. Odur ki, mən baş verənlərlə bağlı çaşqınlıq içindəyəm. Korsikada, əslində, iki dil var. Onlar öz aralarında Korsika dilini danışırlar, lakin fransız dilini də bilirlər.

Bizdə, İtaliyada bir çox rəsmi regional dillər var. Avstriya və Sloveniya ilə həmsərhəd olan Friuli bölgəsində Friuli dili var, Laden dili var (çox adam bu dildə danışmır, lakin İsveçrədə də istifadə olunur). Təbii ki, Cənubi Tirolda (İtaliyanın Trentino-Alto Adice bölgəsi – red.) alman dili geniş yayılıb. Küçələrdə və hər yerdə bütün nişanlar qanunla iki dildə olmalıdır. Əgər məhkəməyə müraciət etmək lazım gələrsə, o zaman ünsiyyət dilini seçmək mümkündür, məsələn, ya alman, ya da italyan dili. Və həmişə peşəkar tərcüməçilər fəaliyyət göstərirlər.

– Yeri gəlmişkən, ötən il Korsika Milli Azadlıq Cəbhəsi bəyan etdi ki, Fransadan müstəqillik uğrunda yenidən silahlı mübarizəyə başlaya bilər.

– Bilirsiniz, aydındır ki, bu addım düşmənçiliyin artmasına gətirib çıxaracaq. Belə çıxır ki, onlar (Fransa hakimiyyəti – red.) korsikalıları hansısa reaksiya vermələri üçün təhrik edirlər. Ola bilsin ki, bu, ölkə əhalisinin diqqətini yayındırmaq üçün edilir, çünki mən bu absurd qərarı başqa cür izah edə bilmirəm. Bildiyiniz kimi, Fransa indi iflic vəziyyətindədir. Hər kəs pensiya islahatına qarşı tətil edir, Paris küçələri zibillə doludur və heç kim də yığışdırmır.

– Burada həmçinin ikili standartlar məsələsi də var. Məlumdur ki, Fransa Azərbaycan Qarabağında erməni separatizmini dəstəkləyir…

– … bəli, bu hamıya məlum olan faktdır…

– Digər tərəfdən isə Paris Korsikada öz vətəndaşlarının hüquqlarını pozur…

– Bu, aşkar ikili standartlardır. Və bu qərar Avropada, xüsusən də milli azlıqların olduğu ölkələrdə sərt tənqidlərə məruz qalacaq. Məsələn, İspaniyada, İtaliyada və başqa ölkələrdə.

Ümumiyyətlə, bu, çox həssas və ağrılı mövzudur. Korsikalılar həmişə özlərini daha çox ayrıca bir xalq kimi və ya italyanlar kimi hiss ediblər, lakin əsla fransalılar kimi hiss etməyiblər.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir