“Gürcüstanda erməni separatizmi yoxa çıxmayıb, sadəcə olaraq bir müddətlik gizlənib”.
Bunu Oxu.Az-a açıqlamasında gürcüstanlı politoloq, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafı Fondunun baş direktoru Simon Kopadze deyib.
Qeyd edək ki, radikal erməni resurslarının daim sitat gətirdiyi tanınmış erməni aktivist, bloqer Diana Barikyan Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsi ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, bu, Ermənistan tərəfinin Qarabağdan imtinasını rəsmiləşdirəcək. Prinsipcə, bu qorxu İrəvanın Azərbaycanla ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasını nəzərdə tutan sazişi imzalamasına mane olur.
Üstəlik, Diana Barikyan hesab edir ki, Bakı ilə İrəvan arasında sülh sazişi həm də İrəvanın digər “erməni marzaları”ndan (regionlardan – red.) imtinasını möhkəmləndirəcək. Barikyan bu marzalar sırasında Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsini (“Cavaxk” adlanır), Azərbaycan Naxçıvanını və “Qərbi Ermənistanın marzalarını” (Türkiyə ərazilərini nəzərdə tutur – red.) misal çəkib. Erməni aktivistlər isə xüsusilə narahatdır ki, erməni tərəfi istənilən təzminatdan və “erməni soyqırımı”nı tanımaq tələblərindən imtina etməli olacaq.
Simon Kopadzenin sözlərinə görə, Samsxe-Cavaxetiyada erməni separatizmi hələ də qalmaqdadır:
“Onlar sadəcə olaraq İkinci Qarabağ müharibəsi zamanı fəallıqlarını azaltmışdılar və müharibə başa çatdıqdan sonra bir müddət gözləmə siyasətini seçməyi daha məqsədəuyğun hesab etdilər. Əks halda ciddi şəkildə Gürcüstanın reaksiyası ilə qarşılaşa bilərdilər.
Onlar başa düşmürlər ki, qonşularla sülh danışıqları aparmaq, sülh içində yaşamaq boş-boş işlərlə məşğul olmaqdan yaxşıdır. Hər cür çirkin oyunlarla məşğul olmaqdansa, birlikdə bölgəni inkişaf etdirmək daha yaxşıdır. Amma nə erməni siyasətçiləri, nə də milli səviyyədə erməni cəmiyyəti bunu anlamaq səviyyəsinə çatmayıb.
Tbilisidə və Bakıda konfranslar keçirilir, biz orada münasibətlərin perspektivlərini müzakirə edirik. İstərdim ki, belə görüşlərdə Cənubi Qafqazın bütün dövlətləri iştirak etsinlər, amma Ermənistan bu sırada yoxdur və bizim layihələrimizə qoşulmayıb. Amma bu, bütün region üçün faydalı olardı.
İndi isə xatırlatdığınız Diana Barikyan kimi bloqerlərlə bağlı danışaq. Axı o tək deyil. Rusiyalı erməni təbliğatçıları – “vətənpərvərlər” var, məsələn, Marqarita Simonyan, onun əri Tiqran Keosayan və bir çox başqaları. Onların açıqlamaları ilə bağlı hətta şərh vermək belə utancvericidir.
Qayıdaq “Ermənistan marzaları”na. Onlar yatıb yuxularında “Böyük Ermənistan”ı görürlər, amma 2020-ci ildə Azərbaycan onlara layiqli cavablarını elə verdi ki, hələ də özlərinə gələ bilmirlər.
Ötən əsrin əvvəllərində Rusiya hakimiyyəti ermənilərə Türkiyənin nəzarətində olan böyük əraziləri vəd etmişdi ki, orada erməni dövlətinin yaradılması mümkün olsun. Amma bu baş tutmadı. Ermənistan artıq bizim torpaqlarımızda peyda oldu.
İrəvan ermənilərə verildi, amma oradakı ümumi əhalinin cəmi 28%-ni ermənilər təşkil edirdi. Bundan əvvəl ermənilər bolşeviklərlə birlikdə 1918-ci ildə Azərbaycanda qırğın törətmiş, cənub sərhədlərimizdə isə lazlara qarşı soyqırımı etmiş, 100-ə yaxın kəndin əhalisini qırmışdılar.
Ən diqqətçəkən məqam odur ki, Ermənistanda hələ də düşünürlər ki, Samsxe-Cavaxetiya, Qarabağ, Naxçıvanın onlarla hansısa əlaqəsi var və bu ərazilərə qarşı iddia irəli sürə bilərlər. Amma onlar bizim ərazilərə 1828-ci ildən sonra köçürülüblər və bununla bağlı çoxlu sübutlar var”.
Nair Əliyev