İranın molla rejiminin imperialist təfəkkürə söykənən ehtirasları Cənubi Qafqazdakı sabitliyə böyük təhdid olaraq qalmaqdadır.
Tehranın bütün müasir siyasəti bir vaxtlar mövcud olmuş fars imperiyasının qədim və mifik qüdrətinin işartılarını əks etdirməyə çalışmaq və onun yüzillərdir mövcud olmayan varlığına vərəsəlik hüququna sahib çıxmaq cəhdlərinə söykənir. Bu baxımdan bu ölkənin siyasi “elita”sı müasir dünyanı yalnız öz məhdud təfəkkür səviyyəsi çərçivəsində dərk edir və həmin dərkin formalaşdırdığı öz kiçik dünyasında hər şeyə haqqının çatdığını düşünür. Məsələn, sözügedən siyasi “elita”nın bir qrupu üçün Cənubi Qafqaz bütünlükdə İran mülküdürsə, digər bir qismi bununla kifayətlənmir və bütün müsəlman dünyasına haqqı çatdığını iddia edir. Bu, molla rejiminin islam aləminə hamilik iddialarında da açıq-aşkar özünü göstərir.
Bu rəhbərliyin sözügedən kiçik dünyasında vurğuladığımız hər iki istiqamət üzrə maraqların toqquşduğu yeganə ölkə isə Azərbaycandır. Azərbaycan həm Cənubi Qafqazın inkişaf rəmzi olaraq, həm də müsəlman ölkəsi kimi Tehranın planlarında ayrıca bir xətt təşkil edir.
Molla rejimi regiondakı məkrli planları və fitnələrində Azərbaycana qarşı “xüsusi” münasibəti ilə seçilir. İlk növbədə ona görə ki, İranla Azərbaycanı din amili də bağlayır.
Yəqin ki, hər birimiz molla respublikasının ali dini rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejatın ölkəmizdən qaçmasını xatırlayırıq. Ocaqnejatın qaçışı onun təmsil etdiyi qaragüruhun planlarının, Azərbaycana xəyanətinin ifşası idi.
Ocaqnejatın Azərbaycandan qaçışı molla rejiminin xəstə təxəyyül məhsulu strategiyasına, bu rejimin Azərbaycanla bağlı iyrənc əməllərinə vurulmuş ən ağır zərbə idi.
Ancaq bəzən xəstə üzvü kəsmək orqanizmin tamamilə təmizlənməsi, xəstəlikdən qorunması anlamına gəlmir. Son dövrdə müşahidə edilən proseslər onu göstərir ki, Azərbaycanda Ocaqnejatın təmsil etdiyi qaragüruhun törəmələri qalmaqdadır və onlar gizli şəkildə fəaliyyətlərinə davam etməyə çalışırlar.
Elə bir müddət əvvəl Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa etməsi də molla rejiminin maskalanmış Ocaqnejatlarının fəaliyyətlərinə davam etdiklərini göstərib.
Üstəlik, DTX-nin açıqlamasında diqqətçəkən bir məqama da nəzər salmaq yerinə düşür:
“Araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilmişdir”.
Görünən odur ki, molla rejimi öz planlarına diplomatik missiyaları da cəlb etməkdə israr edir. Bu məqamda Azərbaycandan qaçan Ocaqnejatın da əslində “diplomat” olduğunu vurğulamaq lazımdır.
Planları icra edən son əlaltının kimliyi burada xüsusi önəm daşımır. Əsas odur ki, üzərində “313” yazılan köynəklərin Azərbaycana gətirilməsinin arxasında birbaşa molla rejimi dayanır.
Tehranın “313” anlayışından istifadəsi isə heç də təsadüfi deyil. Bu, Azərbaycandakı şiə məzhəbinə sadiq müsəlmanların inanclarından məkrli planlarında istifadə etmək üçün onları təşviq etməyə yönəlmiş bir addımdır. Çünki şiə məzhəbində İmam Mehdi zühur edərkən onun müqəddəs yolunda yanında dayanacaq 313 nəfərə inanılır. Həmin 313 nəfərdən biri olmaq isə bir müsəlman üçün böyük bir qürur və Allahın lütfü sayılır. Molla rejimi də məhz insanların bu inancı və sevgisindən sui-istifadə edir.
Ermənilər tərəfindən islam dəyərləri təhqir olunanda, məscidlər tövləyə çevriləndə, müsəlmanların qəbirləri, onların mülkləri talan ediləndə ağzına su alıb oturan çalmalıların müqəddəs anlayışlara hörmətlə yanaşmalarını düşünmək də sadəlövhlükdür. Xüsusən son onilliklər aydın şəkildə göstərir ki, molla rejiminin maraqlarından söhbət gedirsə, islamdakı bütün müqəddəs anlayışlar bu radikal qrup tərəfindən həmin iyrənc planlara xidmətə yönəldilə bilər.
İnsanların dini inanclarından sui-istifadə elə əmmaməlilərin silahlandırıb digər ölkələrə göndərdikləri terrorçulardan da görünür. Dünyanın bir çox müsəlman ölkəsində məhz İranın hazırlıq keçib, silahlandırıb göndərdiyi “müsəlman” terrorçular müsəlmanların qanını tökürlər. Bir çox qaynar nöqtələrdə törədilən fitnə və xaosun arxasında həmin qüvvələr dayanır.
Odur ki, molla rejimi atdığı addımla nəinki 313 nəfərin bir araya gələcəyi, İmam Mehdinin zühur edəcəyi günə xidmət edir, əksinə, dünyada müsəlmanlara qarşı aqressiyanın artmasına, islamla terrorun eyniləşdirilməsi kimi düzgün olmayan fikirlərin əsaslandırılmasına zəmin yaradır.
Bir ildən bir qədər artıq müddət əvvəl Ocaqnejatın qaçışı göstərdi ki, Azərbaycan dövləti ona qarşı qurulan oyunlara adekvat cavab verməyə və qarşısını almağa tamamilə qadirdir. Qeyd etdiyimiz əməliyyat bir daha xatırlatdı ki, Ocaqnejatkimilər öz xəstəliklərini gizli yollarla yaymağa davam edirlər. Əməliyyat həm də onu göstərdi ki, Azərbaycan qətiyyətlə bu fitnələrin qarşısını alır və gələcəkdə də onların baş qaldırmasına imkan verməyəcək.
Rejim əlaltılarının sonu ən yaxşı halda Ocaqnejat misalındakı kimi olacaq. Xainlər ya dəmir barmaqlıqlar arxasında günahları sübuta yetirilib öz xəstə təfəkkürləri ilə baş-başa qalacaq, ya da Ocaqnejat kimi canlarını götürüb qaçmaqla öz xəyanətlərini özləri ifşa edəcəklər. Bütün hallarda Azərbaycan dövləti və onunla həmrəy olan müdrik Azərbaycan xalqı bu oyunların qarşısında dimdik duracaq, fitnəkarlara rəvac verməyəcək. Başını götürüb qaçanlar isə öz kiçik dünyalarında guya hər kükrəyəndə sanksiyalarla üzləşən, həmin o çox inandıqları şirin, əslində, mövcud olmadığını, onun yerində qalmış quyruqla yola çıxdıqlarını anlayacaqlar.
Orxan Tağıyev