Səudiyyə Ərəbistanı ilə İranın münasibətləri inkişaf edən xətt üzrə olmayıb. Regionun bu iki ölkəsi arasında əlaqələr 2016-cı ildə kəsilmişdi. Buna səbəb krallığın diplomatik missiyasının Tehranda hücuma məruz qalması olmuşdu. Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki Baş konsulluğunun binası yandırılmışdı.
Bunlar iki ölkə arasında baş vermiş olaylara nümunələrdir.
2023-cü il martında Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşmasına dair razılıq əldə edilib. Hazırda ölkələr arasında səfir səviyyəsində diplomatik münasibət bərpa olunub.
Bu günlərdə iki ölkə arasında yeni xoşagəlməz hadisə baş verib.
İdman humanist sahə sayılır. Dövlətlər arasında pozulan münasibətlərin bərpasında ondan normallaşma məqsədilə bəzən istifadə edirlər. Məsələn, Türkiyə ilə Ermənistan arasında futbol qarşılaşmalarını buna nümunə göstərmək olar.
Oktyabrın 2-də Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandası futbol üzrə Asiya Çempionlar Liqasının C qrupunun 2-ci turunun İranın “Sepahan” klubuna qarşı oyununu İsfahandakı “Nəqş-e Cahan” stadionunda keçirməli idi. Səudiyyə təmsilçisi stadionda qoyulmuş İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“SEPAH”) Qüds qoşunun komandanı, general Qasım Süleymaninin büstünün qoyulmasına etiraz edərək, son anda meydana çıxmayıb.
Səudiyyə Ərəbistanı KİV-i bunu stadionda futbolla əlaqəsi olmayan siyasi elementin olması ilə əlaqələndirib.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian hadisəyə münasibət bildirərək deyib ki, idman siyasi alət olmamalıdır. O söyləyib ki, hadisə zamanı stadionda imiş və Səudiyyə Ərəbistanından olan həmkarı ilə telefonla təmasda olub: “İran və Səudiyyə Ərəbistanı matçın hər iki tərəfi qane edəcək vaxtda keçirilməsini razılaşdırıblar”.
Deməli, oyun keçiriləcək. Ancaq idmanın siyasətə alət olmaması prinsipinə İran nə dərəcədə sadiqdir?
Həmin hadisənin ertəsi günü “Sepah”ın sosial şəbəkədəki səhifəsində Qasım Süleymaninin büstü və Səudiyyə Ərəbistanının futbolçusu təsvir edilmiş karikatura yayılıb. Həmin rəsmdə yazılıb: “Qasım Süleymani 3 – Səudiyyə 0”. Bu, siyasi deyil?
Hər bir dövlətin stadiona və başqa idman komplekslərinə ad verməsi daxili məsələdir. Bu baxımdan İsfahandakı “Nəqş-e Cahan”a general Süleymaninin büstünün qoyulmasının idmanla nə əlaqəsi var? Tehran daha çox idmanı siyasətə alət edir. Sual yaranır, İsfahanda məşhur idmançılar olmayıb? Niyə həmin kompleksə onlardan birinin büstü qoyulmur? Yaxud xatirəsi əbədiləşdirilmir? Belə olan halda idman daha çox təbliğ edilər. Süleymaninin büstü müharibənin, SEPAH-ın fəaliyyətinin təbliği deməkdir. Bu isə sırf siyasi-ideoloji addımdır.
1998-ci il iyunun 21-də Fransada keçirilən futbol üzrə dünya çempionatında Lion şəhərinin “Jerlan” stadionunda ABŞ ilə İran qarşılaşmışdı. Oyunun 40-cı dəqiqəsində İran millisinin oyunçusu Həmid Reza Estili baş zərbəsi ilə hesabı açdı, 84-cü dəqiqədə isə Mehdi Mehdavikiya komandasının ikinci qolunu vurdu. 87-ci dəqiqədə Brayan Makbrayd hesab arasındakı fərqi azaltdı. Oyun İranın qələbəsi ilə başa çatdı – 2:1.
Onda İranın ali rəhbəri Əli Xamenei bunu “Böyük şeytan” (onlar ABŞ-ni belə adlandırırlar) üzərində qələbə” adlandırmışdı. Bu, siyasi bəyanat deyil? Bu, idmanın siyasətə alət edilməsinə ən parlaq nümunədir.
Bu rəqiblər 2022-ci il noyabrın 29-da Qətərin Doha şəhərindəki “Ət-Tumama” stadionunda yenə qarşılaşdılar. Həmin oyun 1:0 hesabı ilə ABŞ komandasının xeyrinə başa çatdı. Xameneinin məntiqi ilə İran “Böyük şeytan”a uduzdu. ABŞ-nin keçmiş prezidenti Corc Buş İranı “şər bucağı” adlandırırdı. İranın başladığı həmin siyasi yanaşma ilə Ağ Ev də “şər bucağına qalib gəldik” acıqlaması verməli idi?
İran idmançılarının siyasi iddialara görə İsraildən olan həmkarları ilə qarşılaşmadan imtina etmələrinə dair çoxsaylı nümunələr var. Bu ilin avqustunda Polşanın Veliçka şəhərində ağırlıqqaldırma üzrə veteranlar arasında turnir keçirilib. Həmin yarışda İsrailli idmançı Maksim Svirski gümüş, onun iranlı həmkarı Mustafa Rəcai isə bürünc medal qazanıb. Mükafatlandırmadan sonra isarilli və iranlı idmançılar əl verib görüşüblər. İranın Ağır Atletika Federasiyası onu bu hərəkətinə görə ömürlük diskvalifikasiya edib.
Əli Xamenei 2021-ci ildə ölkə idmançılarını “medal almaq xətrinə cinayətkar İsrail rejiminin təmsilçilərinin əllərini sıxmamağa” çağırış etmişdi. Təzyiqlərə məruz qalacaqlarından ehtiyat etdikləri üçün İran idmançıları israilli həmkarları ilə qarşılaşmaqdan imtina edirlər.
Yeri gəlmişkən, sentyabrda Kriştianu Ronaldunun oynadığı Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu Tehranın “Azadi” stadionunda yerli “Perspolis”, krallığın “Əl-Hilal”ı isə İranın “Nassac” komandası ilə qarşılaşıb. Oyunlar insidentsiz başa çatıb. Deməli, idmandan siyasi alət kimi istifadə edən boykot olunur. Səudiyyəli futbolçuların etdiyi kimi. İdmanı siyasət oyunu edənlərin ölkəsindən isə idmançılar qaçırlar…
“Report” İnformasiya Agentliyi