2 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Çex Respublikasının sənaye və ticarət naziri Yozef Sikela ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib, iqtisadi sahədə, o cümlədən neft-qaz sektorunda qarşılıqlı səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Görüş çərçivəsində Çexiyanın xam neft və neft-kimya məhsulları ilə təchiz olunmasında SOCAR-ın artan rolundan bəhs edilib, Avropanın enerji təhlükəsizliyi sisteminin mühüm tərkib hissəsinə çevrilən Cənub Qaz Dəhlizinin əhəmiyyəti vurğulanıb, bu xüsusda Avropaya əlavə qaz həcmlərinin tədarükü ilə bağlı görülən işlərdən danışılıb.
Görüşdə, həmçinin Avropanın ən böyük enerji şirkətlərindən biri olan CEZ ilə SOCAR arasında potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, təbii qaz təchizatı, maye təbii qaz (LNG) ticarəti, təcrübə mübadilələrinin aparılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.