• Bz. Dek 1st, 2024

Söyüdlüdə şirkətin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı

ByYenigun.news

İyl 13, 2023


Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul edilib.

Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış komissiyanın ikinci iclasında bu barədə qərar qəbul etdiyini deyib.

Cəlb edilmiş beynəlxalq şirkət tərəfindən aparılacaq qiymətləndirmənin nəticələrinə və veriləcək tövsiyələrə uyğun olaraq işini təşkil edəcəyi təqdirdə müəssisənin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxıla bilər.

Baş nazir qeyd edib ki, ərazidə fəaliyyət göstərən şirkət tərəfindən növbəti dövrdə istehsalatda müasir texnika və yeni texnologiyaların tətbiqi təmin edilməlidir.

Bildirilib ki, bu müddət ərzində müəssisə müəyyən edilən bütün nöqsanları aradan qaldırmalı, fəaliyyətini müvafiq qanunvericiliyin tələblərinə uyğun qurmalıdır, o cümlədən işçilər qarşısında sosial öhdəliklərini yerinə yetirməlidir.

Vurğulanıb ki, beynəlxalq şirkətlər cəlb edilməklə mövcud tullantı anbarı və gölün bəndinin dayanıqlılığının yoxlanılması və istifadə imkanlarının qiymətləndirilməsi, həmçinin ərazidə fəaliyyət göstərən şirkətin sosial-korporativ öhdəlikləri çərçivəsində yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, habelə bütün digər məsələlərin həllində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və komissiyaya üzv olan dövlət qurumlarının iştirakı ilə əlaqələndirilmiş şəkildə ciddi və mütəmadi iş aparılmalıdır. Eyni zamanda Səhiyyə Nazirliyinə aidiyyəti üzrə daimi nəzarətin həyata keçirilməsi və kənd əhalisinin, o cümlədən müəssisədə çalışan əməkdaşların vaxtaşırı dispanzerizasiya onunmalarının təmin edilməsi ilə bağlı göstəriş verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir