Gah Laçın dəhlizi ilə Qarabağdakı qanunsuz erməni birləşmələrinə silah daşıyırlar, gah başlarından böyük qələt edib, Fərrux kəndinə müşahidə kameraları yerləşdirməyə cəhd edirlər, gah da erməni qızları ilə günlərini keçirirlər. Rəsmi adı sülhməramlı olan, lakin sülhü təmin etməkdən başqa hər hoqqadan çıxan bu terrorməramlıların “buraxdığı quşlar” saymaqla bitmir. Gəlin 10 noyabrda imzalanan kapitulyasiya aktının 4-cü bəndini xatırlayaq. Orada yazılır ki, Rusiya sülhməramlı kontingenti erməni silahlı birləşmələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Yəni “sülhməramlı”ların öhdəliklərindən biri də bu terror qruplaşmalarını ərazidən rədd etməkdir. Amma onlar əvəzində terrorçuları himayə etməklə məşğuldurlar.
Təhlükəsizlik üzrə ekspert Cümşüd Nuriyev məsələyə belə münasibət bildirib:
“Sülhməramlıların BMT tərəfindən hər hansı bir mandatı yoxdur. Bundan başqa, sülhməramlılar BMT Nizamnaməsinin 36-cı, 46-cı maddələrini kobud şəkildə pozaraq münaqişəni yatırmaq əvəzinə, qızışdırmaqla məşğuldurlar”.
Görünür, hər fürsətdə erməniyə qahmar çıxan, hətta “din” qardaşlarının təxribatlarına göz yuman şərməramlılar sonlarını özləri hazırlayır.
C.Nuriyev Azərbaycanın etimadını doğrultmayan rusiyalı hərbçilərlə bağlı atıla biləcək addımlar haqqında isə bunları deyib:
“BMT Təhlükəsizlik Şurasına sülhməramlıların burada yerləşməsinə səlahiyyət verib-verməməsi ilə bağlı müraciət etməliyik. Təbii ki, Rusiya təşkilata üzv olduğundan BMT veto qoya bilər. Amma bu siyasi addımı atmalıyıq. İkincisi, Azərbaycan parlamenti Rusiya Dövlət Dumasına müraciət etməlidir ki, üzərilərinə öhdəliklər götürsünlər və bu öhdəliklər ratifikasiya olunsun. Bundan başqa, Müdafiə Nazirliyi XİN-ə arayış verməlidir. XİN isə səfirliyə nota göndərməlidir”.