Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutan Qlobal Media Forumunda “Təhlükəsizlik məsələləri” adlı üçüncü sessiya başlayıb.
“Report” xəbər verir ki, sessiyada jurnalistlərin təhlükəsizliyi mövzusuna toxunulub.
Tədbirdə yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edirlər.
Milli Məclisin deputatı Nigar Arpadarai, Rumıniyanın Milli İnformasiya Agentliyi – “AGEPRES”in baş direktoru Klaudiya Viktoriya Nikola, “HK+” Milli Strategiyalar Araşdırma Layihəsi Agentliyinin müdir müavini, Koreya Siyasi Elm Assosiasiyasının vitse-prezidenti, Hankuk Xarici Tədqiqatlar Universitetinin professoru Ci Vong Cung, AZƏRTAC-ın xüsusi müxbiri Vüqar Seyidov dünyada baş verən müxtəlif hadisələr fonunda qərəzsiz və faktlara əsaslanan xəbərlərin yayılmasının, eyni zamanda yanlış və çaşdırıcı məlumatların qarşısının alınmasının sağlam informasiya mühitinin yaranması üçün əsas şərtlərdən olduğunu qeyd ediblər. Bildirilib ki, böhran vəziyyətlərində, habelə gözlənilməyən və ya proqnozlaşdırılması mürəkkəb olan fors-major hadisələr zamanı ictimaiyyəti məlumatlandırma mexanizmlərinin mövcudıuğu, həmçinin hadisələr haqqında ilk mənbədən, dəqiq informasiyaların müvafiq kanallara çatdırılması üçün jurnalistlərin operativ və peşəkar fəaliyyəti xüsusi önəm daşıyır. Jurnalistlər qaynar nöqtələrdə, münaqişə zonalarında böyük təzyiq altında fəaliyyət göstərərək baş verən hadisələr haqqında dolğun informasiyaları toplamaq və yaymaqla mühüm missiyanı yerinə yetirərək bir çox hallarda uzunmüddətli inkişaf, sülh perspektivlərini artırırlar.
Çıxışçılar diqqətə çatdırıb ki, jurnalistikada önəmli ixtisas istiqamətlərindən biri olan “münaqişə jurnalistikası” ciddi insan hüquq pozuntuları, hərbi cinayətlər və digər məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa, beynəlxalq humanitar hüququn implementasiyası və onun pozulmasının qarşısının alınmasına xidmət edir. Bu baxımdan, jurnalistlərin peşə öhdəliklərini yerinə yetirmələri və cəmiyyətə xidmət etmələri üçün media nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi son dövrlərin əsas məsələlərindəndir. Bu məqsədlə jurnalistlərin təhlükəsizliyinin qorunması ilə bağlı müxtəlif qabaqcıl və uğurlu strategiyaların araşdırılması və hazırlanması, zəruri avadanlıqlarla təmin edilməsi ciddi zərurətdir.
Forumun iştirakçıları böhran vəziyyətlərinin kommunikasiya mexanizmlərinin təkmilləşdirilməsi, münaqişə zonalarında jurnalistlərin qarşılaşdığı təhlükə və çağırışlar barədə məlumatlılığın artırılması, peşəkar “münaqişə jurnalistikası”nın inkişafı və jurnalistlərin təhlükəsizliyinin qorunması məsələləri ətrafında müzakirə aparıblar.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir.