• Ça. Noy 26th, 2024

Şuşada 1 saylı tam orta məktəbin binasının tikintisi sürətlə davam etdirilir – FOTO

ByYenigun.news

Sen 28, 2022

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərində 1 saylı tam orta məktəbin binasında aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və Birinci vitse-prezidentə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, ümumi tikinti sahəsi 4300 kvadratmetrə yaxın olan yeni məktəb binasının inşaat işlərinə 2021-ci ilin oktyabrında başlanılıb. Məktəb 960 şagird yerlikdir. Burada şagirdlərin təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün hərtərəfli şərait yaradılacaq.

Ölkəmizin mədəniyyət paytaxtı Şuşa Azərbaycanın ictimai-siyasi həyatında da özünəməxsus rol oynayıb. Azərbaycanın ictimai-siyasi fikir tarixində mühüm yer tutan bir sıra görkəmli şəxsiyyətlər, maarifçi ziyalılar məhz Şuşada doğulub boya-başa çatıblar. Həmin şəxslər Şuşada fəaliyyət göstərən, dövrün qabaqcıl təhsil müəssisələrinin yetirmələri idilər. Belə ki, Şuşada fəaliyyət göstərən xəttatlıq, teatr, musiqi, vokal, eləcə də ilk qızlar, rus-tatar məktəbləri, qızlar seminariyası, realnı məktəb yerli əhalinin intellektual səviyyəsini, dünyagörüşünü inkişaf etdirməyə, şəhərin ziyalı səviyyəsini qoruyub saxlamağa imkan verdi. Şuşada 1 saylı tam orta məktəbin inşası məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Belə ki, məktəbin inşası bu qədim şəhərin təhsil mərkəzi şöhrətinin qaytarılması missiyasına xidmət edən növbəti addımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir