“Bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların hər biri yaşadığı ölkənin vətəndaşıdır, onun qanun-qaydaları ilə yaşamalıdır və istədiyi yol ilə getməlidir. Ancaq eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar gərək müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qursunlar”.
Bu sözləri Dünya Azərbaycanlılarının ilk qurultayında çıxışı zamanı Azərbaycanın ümummilli lideri Heydər Əliyev deyib. Qurultay Heydər Əliyevin 23 may 2001-ci il tarixli, 724 nömrəli Sərəncamına əsasən 2001-ci il noyabr ayının 9-10-da Bakı şəhərində keçirilmişdir.
Heydər Əliyevin bu sözləri onun ölkəmizdən xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması və diaspor quruculuğunda rolunun tarixi əhəmiyyətini ortaya qoyur.
H.Əliyevin noyabrın 9-da – qurultayın ilk günündə səsləndirdiyi fikirlər isə diaspor quruculuğunun məqsədini, diaspor üzvlərinin daşıdığı missiyanın müstəqil Azərbaycan üçün əhəmiyyətini ortaya qoyur:
“Hamımız çox iş görməliyik ki… müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər, iqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər. O ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də, müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasətini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına yardım etsinlər.
Müstəqil Azərbaycan həmişə sizin dayaq yeriniz olacaq, pənah gətirdiyiniz yer olacaqdır və təbiidir ki, Azərbaycanda biz də sizi özümüzün elçiləri hesab edirik, sizə çox ümidlər bəsləyirik, sizə arxalanırıq, sizi özümüzə dayaq hesab edirik”.
Heydər Əliyev öz çıxışı ilə birmənalı şəkildə Azərbaycan dövlətinin gələcəyinin diasporla sıx əməkdaşlıq şəraitində inkişaf edəcəyinin anonsunu edib. Bu işdə diasporun qarşısında duran əsas məqsədləri açıqlayıb və dövlətin xaricdə yaşayan həmvətənlərimizə daim qayğı göstərməyə hazır olduğunu bildirib.
Ümummilli liderin diaspor quruculuğundakı böyük səyləri Azərbaycan Prezidenti İlham Əliyevin dövründə də uğurla davam etdirilir. Dövlət başçısının güclü Azərbaycan diasporunun formalaşması istiqamətində siyasəti müvafiq sahədə qazanılmış bir çox uğurların təməlini təşkil edir.
Prezident İlham Əliyevin rəhbərliyində Azərbaycan dövlətinin diasporla bağlı siyasəti ilk növbədə xaricdə yaşayan azərbaycanlıların dövlətin dəstəyini hiss etməsinə, həmçinin xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının bir nöqtəyə vurmasına, vahid amal uğrunda birləşməsinə yönəlib.
“Biz bir məqsədə qulluq edirik, biz hamımız istəyirik ki, Azərbaycan daha da güclənsin. Hamımız istəyirik ki, xaricdəki azərbaycanlılar rahat yaşasınlar, yaşadıqları ölkələrdə yüksək mövqelərə malik olsunlar və Azərbaycanı ləyaqətlə təmsil etsinlər”, – deyə Prezident İlham Əliyev qeyd edib.
Dövlət başçısının fikirlərindən aydın duyulur ki, dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün ali məqsəd Azərbaycan dövlətinin güclənməsi və bu qüdrətli dövlətin dünyanın hər bir guşəsindəki azərbaycanlıların maraqlarını müdafiə edə bilməsidir.
Məhz Azərbaycan dövlətinin ali maraqları və bütün dünyadakı azərbaycanlıların həmin ali maraqlar naminə birləşməsi, diaspor təşkilatlarımızın nüfuzunun artması və bu istiqamətdə atılan addımlar, müvafiq addımların təyin olunması prosesində Dünya Azərbaycanlılarının Qurultayları mühüm rol oynayır.
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada həmin qurultaylardan sayca beşincisi başlayıb.
Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi üçün dünyadakı bütün həmvətənlərimizin iftixar, qürur mənbəyi sayılan Şuşanın seçilməsi isə heç də təsadüfi deyil. Şəhərin hər birimiz üçün tarixi, mənəvi və simvolik əhəmiyyəti Şuşanı dünya azərbaycanlılarını birləşdirən məkana çevirib.
44 günlük müharibə dövründə informasiya, təbliğat müstəvisində mübarizə aparan dünya azərbaycanlılarının bu gün Şuşada toplaşması dövlətin onların nümayiş etdirdiyi vəhdət və birliyə verdiyi yüksək qiymətin göstəricisidir.
Bu gün dünyanın 65 ölkəsindən gəlmiş 400 nəfərə yaxın diaspor nümayəndəsi hər bir azərbaycanlının olmaq istədiyi, bu uğurda mübarizə apardığı və yumruq kimi birləşərək azadlığa qovuşmasında pay sahibi olduğu Şuşa şəhərində toplaşıb. Məhz bu məqamlar nəzərə alınaraq V qurultay həm də Zəfər Qurultayı kimi anılmağa başlayıb.
Dünya Azərbaycanlılarının V qurultayı diasporumuzun gələcək fəaliyyəti üçün istiqamətləri müəyyən edəcək. Postmüharibə dövründə diasporla Azərbaycan dövlətinin birgə fəaliyyətinin səmərəli təşkili üçün meyarlar, diasporun gələcək fəaliyyətində önə çıxarılmalı olan məqamları gündəmə gətirəcək.
Müharibəyə qədər qarşısında duran vəzifəni ləyaqətlə yerinə yetirən, müharibə dövründə də öz mübarizəsini ən yüksək səviyyədə davam etdirən Azərbaycan diasporu artıq mövcud reallıqların işığında öz fəaliyyətini davam etdirməlidir.
Münaqişənin başa çatması ilə diasporun da əsas diqqəti Qarabağdakı yenidənqurma və bərpa işlərinə veriləcək töhfəyə yönəlməli, Azərbaycan diasporunun beynəlxalq ictimaiyyətə çatdıracağı mesajlar arasında dövlətimizin erməni vəhşiliyinin viran qoyduğu torpaqlara dinc həyatı qaytarmaq əzmində olması ilk sırada dayanmalıdır.
Dünya Azərbaycanlılarının V Qurultayı müharibədən sonra həmvətənlərimizi – xaricdə yaşayan Azərbaycan diasporunu bir araya toplayan ən böyük tədbirdir. Bu tədbirin keçirilməsi isə tarixi zərurətdən irəli gəlir. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin yürütdüyü uğurlu xarici siyasət ətrafında öz fəaliyyətini vahid yumruq kimi birləşdirməyə nail olmuş, istər müharibəyəqədərki, istərsə də müharibə dövründə öz missiyasını layiqincə yerinə yetirə bilmiş diaspor üçün bu gün yeni fəaliyyət istiqamətləri müəyyən edilməlidir.
Bu baxımdan Dünya Azərbaycanlılarının V Qurultayı tarixi əhəmiyyətə malikdir. Bu gün Şuşada – Mədəniyyət Paytaxtımızda bütün dünyada yaşayan həmvətənlərimizlə birgə gələcək planlar müzakirə edilir. Azərbaycan dövlətinin diaspor nümayəndələrinə göstərdiyi diqqət nəzərə çatdırılır, diaspor nümayəndələrinin Azərbaycan üçün əhəmiyyəti, bu məsələdə dünyanın istənilən nöqtəsindəki azərbaycanlıların arasındakı dəstək və birliyin zəruriliyi bir daha xatırladılır.
Prezident İlham Əliyevin çıxışlarından birində dediyi kimi:
“Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımız o ölkələrin daxili siyasətinin amilinə çevrilməlidir. Artıq bunun vaxtı gəlib çatıb. Soydaşlarımız – azərbaycanlılar yaşadıqları ölkələrdə dövlət, hökumət qurumlarında, qanunvericilik orqanlarında təmsil olunmalıdırlar. Bunu etmək üçün azərbaycanlılar arasında qarşılıqlı dəstək və birlik daha da güclü olmalıdır”.
Şuşada keçirilən Zəfər Qurultayı da məhz dövlət başçısının bəhs etdiyi həmin o qarşılıqlı dəstək və birliyin sarsılmaz olmasını təmin etmək üçün atılmış tarixi addımlardan biri kimi yaddaşlarda qalacaq.
Orxan Tağıyev