2030-cu ilədək Azərbaycanın elektrik enerjisi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payını 30 %-ə çatdırılması istiqamətində aparılmış təhlillər onu göstərir ki, yeni günəş və külək elektrik stansiyaları vasitəsi ilə 1 500 meqavat (MVT) gücün yaradılması mümkündür.
Bunu “Report”a açıqlaması zamanı ötən gün təməlqoyması keçirilən “Qaradağ” Günəş Elektrik Stansiyası (GES) və digər bərpa olunan enerji mənbələri ilə bağlı enerji layihələrinin əhəmiyyətini şərh edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev deyib.
“Biz bunu mərhələlərə bölmüşük ki, ümumi enerji sisteminə təsiri çox olmasın. İlkin mərhələdə “Acwa Power” şirkəti ilə inşa ediləcək 240 MVT gücündə külək elektrik parkı, “Masdar” şirkəti ilə 230 MVT gücündə günəş elektrik stansiyası işə düşəcək.
Həmçinin növbəti mərhələdə imzalanmış icra müqaviləsi çərçivəsində BP şirkətinin Zəngilan-Cəbrayıl zonasında 240 MVT gücündə günəş elektrik stansiyasının tikintisi, eyni zamanda bərpa olunan enerji hərraclarının keçirilməsi nəzərdə tutulur. Biz çalışırıq bu hərraclara daha optimal güclərlə çıxaq. Növbəti illərdə bərpaolunan enerji hərraclarının keçirilməsi nəzərdə tutulur və dənizdə külək enerji potensialından səmərəli istifadə, eyni zamanda göllərdə və digər su hövzələrində üzən günəş sistemlərinin quraşdırılması istiqamətində müvafiq təhlillər aparılır. Gələcək illərdə daha böyük miqyaslı layihələrin həyata keçirilməsi istiqamətində işlərimiz davam etdirilir”, – Agentliyin direktoru bildirib.
Onun sözlərinə görə, bərpaolunan enerjidən istifadə artıq bir qlobal trenddir:
“İstər ekoloji töhfələr baxımından, istərsə də tükənən resurslardan istifadənin daha qənaətli bir rejimdə istifadəsi baxımından bərpaolunan enerji mənbələrindən istifadə çox zəruridir.
Artıq bildiyiniz kimi ötən gün “Qaradağ” GES-inin təməlqoyma mərasimi keçirildi. Bundan 2 ay öncə də “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) təməli qoyulmuşdu. Hər iki təməlqoyma mərasimində Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirak etməsi məhz ölkə rəhbərliyinin bu sahənin inkişafına olan marağını göstərir və dəstəyini ifadə edir.
Qeyd etmək istərdim ki, biz bərpa olunan enerji sahəsində olan layihələrin reallaşmasında özəl sektorun maksimum iştirakına çalışırıq. Bu istiqamətdə də dünyanın nəhəng şirkətləri ölkəmizdə fəaliyyət göstərməyə maraqlarını ifadə edirlər. Bir daha qeyd etmək istəyirəm ki, bu ölkə başçısının rəhbərliyi altında ölkəmizdə həyata keçirilmiş uğurlu islahatların nəticələridir.
Həmin islahatların nəticəsi özünü əyani şəkildə göstərir. Bu uğurları biz xüsusilə də energetika sektorunda da görürük”.
Agentliyin direktoru xatırladıb ki, son illər energetika sektorunda çox uğurlu islahatlar həyata keçirilir ki, buna misal olaraq ötən il “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun qəbul edilməsini də göstərmək olar:
“Eyni zamanda artıq müvafiq tənzimləyici, ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanması istiqamətində işlər aparılır”.
Onun sözlərinə görə, bu iki layihənin xüsusi önəmi ondan ibarətdir ki, onlar artıq gələcək layihələr üçün xüsusi platforma rolunu oynayacaq:
“Həmçinin bu layihələr çərçivəsində özümüz də təcrübə qazanacağıq. Artıq növbəti layihələr barəsində də düşünməyə başlamışıq.
İşğaldan azad edilmiş ərazilərdə BP şirkəti ilə birlikdə layihənin həyata keçirilməsinə başlamışıq. Eyni zamanda azad edilmiş ərazilərin külək elektrik potensialından istifadəsi istiqamətində işlər aparılır. Bildiyiniz kimi Xəzər dənizi əlverişli külək enerjisi potensialına malik nadir su hövzələrindən biridir. Hazırda bu külək enerjisi potensialından istifadə istiqamətində də işlər aparılır”.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 230 MVT gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin 18 ay ərzində həyata keçirəcəyi layihənin ümumi dəyəri 225 milyon ABŞ dollarıdır. İllik 500 milyon kVt/saat elektrik enerjisi istehsal ediləcək GES sayəsində 110 milyon kubmetr qaza qənaət ediləcək, 200 min tondan artıq karbon emissiyasının atmosferə atılmasının qarşısını alacaq.
Ümumilikdə 110 min evin enerji ilə təmin edilməsi üçün imkan yaradacaq layihənin inşası dövründə 700-dən artıq, stansiyanın istismarı zamanı isə 25-dən artıq daimi iş yeri yaradılacaq.