• C. Noy 29th, 2024

Təhdidlərə qarşı ildırım kimi mesaj: “Barak-8” atəş vəziyyətinə gətirildi – ŞƏRH

ByYenigun.news

Sen 13, 2023


Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri təlim zamanı İsrail istehsalı olan “İldırım 8-ER” (“Barak-8”) zenit-raket kompleksindən raketlər buraxıb.

Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, “Barak-8”:

– Start mövqeyinə çıxarılıb,

– Döyüş tətbiqinə hazırlanıb,

– Şərti düşmən tərəfindən atılan ballistik raketin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetirib.

Azərbaycanın hava hücumundan müdafiə sistemində “Barak-8”in xüsusi yeri var.

“Barak-8” yer-hava tipli raketdir. Bu sistem döyüş təyyarələri, pilotsuz uçuş aparatları, helikopterlər, ballistik və qanadlı raketlər də daxil olmaqla istənilən növ hava hücumundan müdafiə üçün nəzərdə tutulub.

Sistemin həm dəniz, həm də quru əsaslı variantları mövcuddur.

Azərbaycan Ordusunun “Barak-8”i təlimə çıxarması ölkəyə təhdidlərin səngimədiyi, regionda gərginliyin artdığı dövrə təsadüf edir.

Mümkün mesaj bundan ibarətdir ki, Azərbaycan hava məkanının təhlükəsizliyini qorumaq üçün istənilən hədəfi vura bilər.

“Barak-8”in təlimi ilə bağlı Müdafiə Nazirliyinin xüsusi vurğusu Azərbaycanla İsrail arasında dərinləşən strateji əməkdaşlığın fonunda diqqət cəlb edir. 

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra hava hücumundan müdafiə sahəsində olan boşluqları təhlil edib onları etibarlı vasitələrlə doldurur.

Bu mənada Azərbaycanın hava hücumundan müdafiə sistemlərini təkmilləşdirməsi prosesi gedir və İsraildən yeni növ silahlar alınması prioritetdir.

“Barak-8”lə ötürülən mesaj Azərbaycan-İsrail əlaqələrindəki hərbi əməkdaşlıq dinamikasını qeyd etməyə əsas verir.

Nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycanla sərhəddə mövqelərimizə qarşı zərbə dronlarından istifadə edir. Onların zərərsizləşdirilməsi üçün müxtəlif üsullar Azərbaycanda mövcuddur. Lakin Müdafiə Nazirliyinin məhz “Barak-8”in altını qırmızı xətlə cızması xüsusilə diqqət çəkir.

Azərbaycan özünü hava təhdidlərindən müdafiə etməkdən ötrü istənilən hədəfi vurmaq hüququnu özünə saxlayır.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir