• C. Noy 29th, 2024

“Təxribatlara əl atan Ermənistan həmişə itirən tərəf olacaq” – ŞƏRH + FOTO

ByYenigun.news

İyn 16, 2023


“Azərbaycanla sərhəddə təxribatlar törədilməsinin, bölgənin problemli şəraitdə qalmasının səbəbkarı yalnız Ermənistan və ona kömək edən digər dövlətlərdir. Regionda sabitliyin olması, görünür, həmin ölkələrin marağında deyil”.

Bu fikirləri Oxu.Az-a politoloq Tofiq Abbasov Ermənistanın son bir neçə gündə Azərbaycanla sərhəddə törətdiyi təxribatların, silahlı qarşıdurma cəhdlərinin səbəb və nəticələri haqqında danışarkən deyib. O bildirib ki, baş verən hadisələrdə Rusiyanın əlinin olması da istisna deyil:

“Çünki Rusiya çalışır ki, Qarabağda sabitlik, əmin-amanlıq olmasın. Ona görə də təhlillər göstərir ki, azsaylı erməni icmasını, qanunsuz erməni silahlı birləşmələrini qızışdırıb ortaya salan Rusiya, İran, Fransa, Hindistan, Yunanıstan kimi ölkələrin adlarını çəkmək mümkündür. Bəziləri uzaqdan diktə ilə, bəziləri yaxından müdaxilə ilə vəziyyəti qarışdırmağa çalışırlar. Amma biz istənilən çağırışlara cavab verməyə hazırıq. Əvvəllər ermənilər iddia edirdilər ki, guya Azərbaycan sabitliyi pozur. Halbuki erməni yalanı uzun çəkmədi. Bütün dünya qeydə alınan görüntülərdən, hadisələrin təhlilindən, yaranmış vəziyyətin izahından anladı ki, ermənilərin mahiyyəti nədir. Təxribatlar erməni xislətinin şakəridir.

Sabitliyi pozmağa çalışan, təxribatlara əl atan Ermənistan həmişə itirən tərəf olaraq qalacaq. Heç bir halda düşmənə və havadarlarına istəklərini həyata keçirməyə imkan verməyəcəyik. Bu qüvvələr bölgədə öz maraqlarını yerləşdirməyə və kommunikasiyaların açılmasına maneçilik törətməyə çalışırlar. Maraqlı məqamdır ki, kommunikasiyaların açılması bütün ölkələrə xeyir gətirəcəyi halda bunu əngəlləməyə cəhd edirlər. Azərbaycan bütün proseslərdə nəzarəti əlində saxlayır. Hər bir məsələdə ölkəmiz iştirakını əlində saxlayır. Ermənilərin təxribat törətdikləri tarixə diqqət edin: Şuşa Bəyannaməsinin ikinci ildönümündə, Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri ərəfəsində, Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin paytaxtımızda olduğu zamanda atəşə başladılar. Azərbaycana dost ölkələrin rəsmilərinin səfəri zamanı belə addım atmaqla guya demək istəyirlər ki, sizi tərk-silah edə bilərik, bu isə absurd xülyadan başqa bir şey deyil. Ermənistan əvvəl-axır sülhə, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olacaq”.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir