Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan gömrüyündə keçirdiyi əməliyyat nəticəsində külli miqdarda korrupsiya faktının üstü açılıb, Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlunun 132 milyon manat dövlət vəsaitini mənimsədiyi ortaya çıxıb və o, 4 ay müddətinə həbs edilib.
Ardınca noyabrın 28-də ölkə başçısının imzaladığı fərmanla Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edilərək, Dövlət Gömrük Komitəsinin tərkibində Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.
Qeyd edək ki, son günlər DTX-nin Muxtar Respublikada keçirdiyi əməliyyatlarla külli miqdarda korrupsiya faktlarının üstünün açılması və buna paralel olaraq Naxçıvandakı bir sıra qurumların ləğvi artıq yavaş-yavaş müsbət nəticələr verməyə başlayıb.
Belə ki, yerli sakinlərin verdiyi məlumatlara əsasən, DTX-nin məlum əməliyyatlarından sonra Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələrində İran və Türkiyəyə gedən vətəndaşlar üçün tətbiq olunan qadağa və məhdudiyyətlərin bir qismi aradan qaldırılıb.
Bu barədə məlum səbəblərdən adının açıqlanmasını istəməyən Naxçıvandakı mənbələr Azpolitika.info-ya bildiriblər ki, İran və Türkiyədən gətirilən ərzaqlarla bağlı bir sıra qadağalar ləğv edilib:
“Artıq bir neçə gündür ki, Türkiyəyə rahat gedib-gələ bilirik. Gömrük işçiləri əvvəlki kimi bizi incitmirlər. Ərzaq məhsulları ilə bağlı hər hansı bir qadağa yoxdur. Həmçinin Türkiyəyə getmək üçün 50 kiloqram tərəvəz keçirmək tələbi də aradan qaldırılıb”.
Mənbə gömrükdəki bir sıra məhdudiyyətlərin hələ də ləğv edilmədiyini bildirib:
“İlk günlərdən avtomobillərin də Türkiyəyə sərbəst şəkildə gediş-gəlişinə icazə verilirdi. Lakin sonra yenidən 15 günlük qadağa tətbiq edilməyə başlandı. Hazırda vətəndaşlar şəxsi avtomobilləri ilə ay ərzində yalnız iki dəfə Türkiyəyə səfər edə bilərlər”.
Onu da xatırladaq ki, rəsmi qurumlar tərəfindən təsdiqlənməsə də, noyabr ayının 1-dən Naxçıvan-Türkiyə, 24-dən isə Naxçıvan-İran quru sərhədinin mülki vətəndaşlar üçün açıldığı bildirilir.
“Ərzaq qiymətləri yavaş-yavaş ucuzlaşmağa başlayıb”
İqtisadçı Rövşən Ağayev öz “Facebook” səhifəsində paylaşım edərək bildirib ki, illərdir tətbiq olunan absurd qadağaların bir qismi aradan qaldırıldıqdan sonra mağazalardakı bəzi ərzaq məhsullarının qiymətində ucuzlaşma baş verib:
“Naxçıvandan olan bir tanış deyir ki, Türkiyədən 5 litrini 33 manata aldığımız, amma hətta şəxsi istehlak üçün gömrükdən keçirməyə imkan verilməyən zeytun yağı Muxtar Respublikada 65 manata satılırdı. Son günlər bu yağın qiyməti artıq 40 manat ətrafında qərarlaşıb”.
Onu da qeyd edək ki, bir sıra KİV-lərdə yayılan məlumatlara görə, Naxçıvan Muxtar Respublikası ərazisində ilk dəfə olaraq Bakıdakı market şəbəkələri fəaliyyətə başlayacaq. Bu barədə qeyd olunur ki, yaxın günlərdə Naxçıvan şəhərinin mərkəzindəki “Gənclik” kafesi adlanan binanın birinci mərtəbəsində məşhur market şəbəkələrindən biri ilk dəfə olaraq xidmət göstərəcək.
Bütün market və restoran şəbəkələrinin Naxçıvanda fəaliyyət göstərməsinə yaradılan süni maneələrin artıq aradan qaldırıldığı bildirilir. Xatırladaq ki, indiyədək Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun xüsusi göstərişi ilə heç bir market və restoran şəbəkəsinin Muxtar Respublikada fəaliyyətinə icazə verilməyib.
Əvvəl Naxçıvan gömrüyündə hansı qadağalar var idi?
Uzun illərdir Azərbaycandan ayrı düşən, blokada vəziyyətində olan Naxçıvanın İran və xüsusən də, Türkiyə ilə sərhədinin olması müəyyən mənada Muxtar Respublika sakinləri üçün “nəfəslik” rolunu oynayırdı. Naxçıvan əhalisi müstəqilliyin ilk illərindən öz dolanışıqlarını qarşılamaq üçün Türkiyə və İrana səfər edərək, buradakı bazarlarda öz təsərrüfat məhsullarını satırdılar. Qazandıqları pulla da özlərinə lazım olan məhsulları alaraq geri qayıdırdılar. Amma təəssüf ki, zamanla, xüsusən də 2005-ci ildən sonra bu sahədə qeyri-qanuni qadağalar tətbiq olunmağa, əhalidən “dövlət rüsumu” adı altında toplanan rüşvətin miqyası artmağa başladı.
Nəticədə belə çətin şəraitdə yaşamaqdan bezən Naxçıvan sakinləri kütləvi şəkildə Muxtar Respublikanı tərk etməyə başladılar. Bu gün rəsmi statistikada Naxçıvanın əhalisi 462 min nəfər göstərilsə də, əslində bu say 200 mindən artıq deyil.
Pandemiya dövründə süni əngəllərin bir qədər də artdığı, sərhədi keçmək istəyən vətəndaşlardan ağlasığmaz məbləğlərin tələb olunduğu deyilir. Məsələn, Türkiyə tərəfdən sərhədi keçənlərdən 30 kiloqramdan artıq məhsula görə rüşvət tələb olunurdu. İndiyədək adamlar gətirdikləri məhsullardan asılı olaraq, artıq çəkiyə görə 25-50 manat ödəyirdilər (ərzaq üçün rüşvət daha yüksək idi – red.). Həmçinin “Sədərək” gömrük məntəqəsindən yük maşınlarına 300 litrdən artıq dizel yanacağı keçirməyə icazə verilmirdi. Yanacaq çənində bu miqdardan artıq dizel daşıyan yük avtomobilləri ya sərhəddən buraxılmır, ya da əlavə hər yüz litr üçün 60 dollar rüşvət tələb olunurdu.
Eyni zamanda Naxçıvan gömrüyündə yeddi qapıdan yalnız biri fəaliyyət göstərirdi. İnsanlar gömrük nəzarətindən keçmək üçün saatlarla uzun növbələrdə gözləməyə məcbur olurdular.
İran tərəfdə isə vəziyyət daha acınacaqlı idi. Azərbaycan tərəfi əvvəllər adamların istifadə etdikləri əl arabalarını yığışdırdığına görə, insanlar iki kilometr məsafəni əl yükləri ilə birlikdə piyada qət etməyə məcbur edilirdilər. Həmçinin, ay ərzində cəmi 30 kiloqramdan artıq məhsul keçirməyə icazə verilmirdi.
Eyni zamanda ət, pomidor, xiyar, kartof, yağ, yuyucu tozlar və bu kimi məhsulların Muxtar Respublikaya gətirilməsinin qarşısı alınırdı.
Bu barədə verilən məlumatlarda qeyd olunur ki, gömrük əməkdaşları tərəfindən müsadirə olunan malların böyük bir hissəsi bir müddət sonra çeşidlənib baha qiymətlərlə bazara çıxarılırdı.
Həmçinin, o da bildirilir ki, bütün bunlar Vasif Talıbovun göstərişi ilə edilib və bunun arxasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin, eyni zamanda onun yaxın adamlarının inhisarçı maraqları dayanıb.
“Ərzaq məhsulları Türkiyə ilə müqayisədə 2 dəfə baha satılır”
Naxçıvanda ərzaq və bir sıra tərəvəz məhsullarının qiyməti Bakı və digər bölgələrlə müqayisədə hər zaman baha olub. Bahalaşmanın səbəbi monopoliya və kənardan gətirilən məhsulların Muxtar Respublikaya buraxılmasına qoyulan qadağalarla izah olunur.
Bu barədə Naxçıvandakı mənbələr də Muxtar Respublikadakı qiymətlərin hər zaman yüksək olduğunu təsdiqləyiblər:
“Bildiyiniz kimi, İranda ərzaq məhsulları, o cümlədən sabun və yuyucu tozlar, Türkiyədə isə digər mallar, əsasən də müxtəlif geyim ləvazimatları Naxçıvanla müqayisədə bir neçə dəfə ucuzdur. Məsələn, 30 manata Türkiyədə satılan yağ Naxçıvanda 59 manata təklif olunur. 5 litrlik qarğıdalı yağı Türkiyədə 15 manat olduğu halda, Naxçıvanda 30 manatdır. Həmçinin kartof Türkiyədə 60 qəpik olduğu halda, Naxçıvanda 1 manat 20 qəpikdən, 70 qəpiyə satılan makaron isə Naxçıvanda 1 manat 50 qəpikdən satışa çıxarılır. İranda 20-30 qəpik olan eyni kartofu Naxçıvanda əhaliyə 1-2 manatdan satırlar. Həmçinin İranda 40-50 qəpiyə satılan xiyar və pomidorun qiyməti Naxçıvanda 3-5 manatdan aşağı olmur”.
Göründüyü kimi, Muxtar Respublikada yaradılan monopoliya səbəbindən, əhaliyə ərzaq məhsullarını Naxçıvandan yox, Türkiyə və İrandan almaq sərf edir. Ancaq bu, Vasif Talıbovun və onun yaxın adamlarının monopolist maraqlarına cavab vermədiyindən İrandan və Türkiyədən ərzaq məhsullarının Naxçıvana girişinə hər zaman süni əngəllər və problemlər yaradılıb.
Bütün istixanalar, yerli müəssisələr və fabriklər Talıbovların nəzarətindədir…
Muxtar Respublikadakı bütün istehsal sahələri və iri marketlər Talıbovların nəzarətində olduğundan istədikləri qiymətləri əhaliyə diktə etməyi bacarıblar. Rəsmi məlumatlara görə, Naxçıvandakı yerli müəssisə və fabriklərdə 90 növdə, 280 çeşiddə ərzaq məhsulları istehsal edilir. Talıbovlara məxsus bu müəssisələrin Muxtar Respublika əhalisinin ərzağa olan tələbatının 90 faizdən çoxunu ödədiyi bildirilir.
2022-ci ilə aid olan məlumatlara əsasən, hazırda Naxçıvanda ümumi sahəsi 156 075 kvadratmetr sahədə tərəvəz məhsullarının yetişdirilməsi üzrə ixtisaslaşdırılmış 36 istixana təsərrüfatı fəaliyyət göstərir. Cari ildə ümumi sahəsi 3494 kvadratmetr olan 4 istixana təsərrüfatının yaradıldığı bildirilir. Rəsmi məlumata görə, ötən il bu istixanalarda 100 min tona yaxın pomidor, xiyar, göbələk, göyərti, badımcan, bibər, lobya və digər məhsullar yetişdirilərək satışı həyata keçirilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 475 milyon 517 min 500 manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub. Həmçinin, cari ilin yanvar-sentyabr aylarında Naxçıvanda ümumi daxili məhsul istehsalı 2 milyard 227 milyon manata yaxın olub. Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,3 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 56,7 faiz təşkil edib. Sənaye üzrə 2022-ci ilin yanvar-oktyabr aylarında 953 milyon 501 min 400 manat dəyərində məhsul istehsal edilib.
Bu məhsulların böyük bir qismi Talıbovun gömrüyə və bütün digər strukturlara nəzarət edən yaxın adamlarının özəl müəssisələrində istehsal olunub. Ona görə də bu məmurlar vətəndaşların digər ölkələrdən ucuz idxal malları almasında maraqlı olmayıblar, çünki belə olan halda onlar öz məhsullarını baha qiymətə əhaliyə sata bilmirlər. Digər tərəfdən, sıravi vətəndaşlara bəzən 1 kiloqram məhsul belə gətirməyə icazə verməyən gömrükçülər nədənsə Talıbovların kurasiyasında olan şəxslərin gömrükdən “əlini-qolunu sallayaraq” mal keçirmələrinə göz yumublar. Nəticədə bu məhsullar heç bir rüsum ödənilmədən Naxçıvana gətirilərək, real qiymətindən dəfələrlə bahasına dükanlara satılıb.
Talıbov və onun yaxın ətrafının uzun illər yerli istehsalatı və gömrüyü monopoliyada saxlaması Muxtar Respublikada işsizlik, imkansızlıq və maddi sıxıntı içərisində “sağ qalmağa” çalışan yerli sakinlərin vəziyyətini bir qədər də ağırlaşdırıb.
Talıbovların “monopoliya siyasəti” Naxçıvana nə qədər ziyan vurub?
Vasif Talıbov 26 ildən çoxdur ki (16 dekabr 1995-ci ildən) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini daşıyır. V.Talıbov bu illər ərzində Muxtar Respublikada yaratdığı korrupsiya mexanizmi nəticəsində yerli sakinlər üzərindən külli miqdarda vəsaitlər əldə edib. Bu müddət ərzində Talıbovların əldə etdikləri vəsaiti təxmin etmək üçün sadəcə bir fakta diqqət yetirmək kifayətdir. Söhbət noyabrın 28-də DTX-nin Naxçıvan MR-in Maliyyə Nazirliyində keçirdiyi əməliyyatdan gedir.
Bu əməliyyat nəticəsində Naxçıvanın maliyyə naziri Rafael Əliyevin 144 milyon dövlət vəsaitini mənimsədiyi ortaya çıxıb və o, 4 ay müddətinə həbs edilib. Yeri gəlmişkən, onu da qeyd edək ki, Rafael Əliyev bu vəzifəyə 2020-ci ilin 19 avqust tarixində təyin edilib. Yəni, o, cəmi iki ildən bir qədər artıq müddət ərzində bu qədər pul oğurlamağı bacarıb (Təbii ki, R.Əliyev bu qədər vəsaiti tək “yeməyib” -red.). Bu zaman sual olunur ki, R.Əliyev bu qədər qısa vaxtda sözügedən vəsaiti ələ keçirə bilibsə, bəs başda “xan”ın özü olmaqla, uzun illərdir Naxçıvanda yüksək vəzifələrdə çalışan məmurlar dövlətdən və xalqdan nə qədər vəsait oğurlamağı bacarıblar?
Ortaya çıxan korrupsiya faktları onu deməyə əsas verir ki, təkcə Naxçıvandakı qeyri-qanuni gömrük yığımları və yerli istehsalatdakı monopoliyanı nəzərə alsaq, Talıbovun və onun ətrafındakı məmurların 26 il ərzində ələ keçirdikləri məbləğ təxminən 30 milyard manatdan artıqdır. Bu vəsait hesabına Muxtar Respublikanı söküb, yerində daha müasir bir yaşayış bölgəsi yaratmaq olardı…
İqtisadçı: “Ortaya çıxmayan və gizlədilən vəsaitin həcmi daha böyükdür”
Bu barədə iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, Naxçıvanda aşkarlanan korrupsiya faktları bizə məlum olanların sadəcə bir qismini təşkil edir:
“Son hadisələrə fikir versək, Gömrük Komitəsinin şöbə müdiri 132 milyon yeyintidə, maliyyə naziri isə 144 milyonluq mənimsəmədə ittiham olunur. Bu hələ ortaya çıxan və bizə məlum olan faktlardır. Əslində ortaya çıxmayan və gizlədilən vəsaitlərin həcmi daha böyükdür. Bütün bunlar idarəetmədə ciddi problemlərin olduğundan xəbər verir”.
Ekspert qeyd edir ki, Naxçıvan büdcəsində gömrük yığımlarının həcmi cəmi 5 faiz, vergi yığımları 18 faiz, digər vergilər isə 2 faiz təşkil edir:
“Yəni, cəmi 25 faizini özləri toplayırdılar. Gömrükdə yaşanan neqativ hallar onu göstərir ki, büdcənin gəlirləri kifayət qədər aşağı salınıb. Maliyyə sahəsindəki yeyintilər isə mərkəzi büdcədən verilən pulların talan edildiyini göstərir. Büdcədən verilən dotasiyalar isə neft gəlirləri hesabına formalaşır. Deməli, bu cür idarəçiliklə təkcə dövlətə ziyan vurulmayıb, həm də millətin sərvəti talan edilib”.
Ekspertin sözlərinə görə, bazarda rəqabət mühitinin pozulması, qiymətlərin yüksəlməsinə və inflyasiyaya mənfi təsir göstərir:
“Bütün bunlar iqtisadiyyatın monopoliyalaşmasına səbəb olur. Təbii ki, monopoliya Azərbaycanın digər ərazilərində də mövcuddur. Ancaq Naxçıvanın uzun illər digər ərazilərdən kənarda qalması, bu bölgədə vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxarıb. Bu adamlar da hamıya məlum olan, bilinən şəxslərdir. Hesab edirəm ki, Azərbaycan ərazisində antiinhisar qanunvericiliyini tətbiq etməyə böyük ehtiyac var. Bu, büdcə gəlirlərinin artmasına, ölkədə rəqabət mühitinin yaxşılaşmasına və qiymətlərin aşağı düşməsinə səbəb ola bilər”.