Gürcüstanın paytaxtı Tbilisidə 8 Noyabr – Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, paytaxtın 64 saylı məktəbində baş tutan tədbir Azərbaycanlı Məktəbli Gənclər Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutub.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin, “Alyans” Gənclər Mərkəzinin rəhbərləri və üzvləri, yerli ictimaiyyətin nümayəndələri və məktəbin müəllim-şagird heyəti iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirildiyi tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra tədbirdə çıxış edən məktəbin müəllimi, “Ceyran” rəqs ansamblının rəhbəri Ceyran Qurbanova, ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyev xalqımızı və Gürcüstanda yaşayan soydaşlarımızı möhtəşəm bayram münasibətilə təbrik ediblər.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi Zəfər hərb tarixində qazanılmış ən nadir qələbələrdən biri adlandırılıb. Gürcüstanda yaşayan soydaşlarımızın bu Qələbənin qazanılmasında mühüm rolu, gənc nəslin bu barədə məlumatlandırılmasının vacibliyi, Zəfər Gününün tarixi əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbirin bədii hissəsində “Ceyran” milli rəqs ansamblının üzvlərinin ifasında Azərbaycan, gürcü milli rəqsləri və Mehtər Marşı təqdim olunub.