İran hakimiyyəti bu dəfə də Azərbaycan qarşısında məsuliyyət daşımalı olacaq.
Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində qanlı, faciəli hadisə baş verib. Səfirliyin bir əməkdaşı həlak olub, ikisi isə yaralanıb.
Hadisə bütün göstəriciləri ilə terrordur, Azərbaycanın ərazisinə təcavüzdür.
Belə ehtimal etmək olar ki, hadisə İran hakimiyyətinin xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən planlaşdırılıb. Hələ 2022-ci ilin noyabrında İran səfirliyi qarşısında etiraz aksiyasının keçiriləcəyi ilə bağlı xəbər yayılmışdı. Onda İran vətəndaşı olan bir şəxs Azərbaycan səfirliyini, Naxçıvana tranzit olaraq keçən yük maşınlarının sürücülərini hədələmişdi. ABŞ-nin İrandakı səfirliyinə hücumu fəxarətlə söyləyən həmin şəxs səfirliyin daş-qalaq ediləcəyini, hətta, Azərbaycan vətəndaşlarının fiziki təzyiqə məruz qoyacaqlarını söyləmişdi. Həmin vaxt İran hakimiyyəti bu şəxsi məsuliyyətə cəlb etmədi.
İran rejimi bununla Azərbaycana hədə-qorxu gəlməyə cəhd etmişdi. Bu gün isə İranın real addım atdığı görünüb.
Hadisəni törədən şəxs Yasin Hüseynzadə İran vətəndaşıdır. Onun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la əlaqəli olduğuna dair şübhələr var. Bu da qəribə deyil. Çünki İran həmişə terror yuvası olub, terrora dəstək verən əsas ölkələrdən biridir.
Mövcud olduğu 44 il ərzində Tehran rejimi səfirlik və konsulluqlara hücumu ilə seçilib. ABŞ səfirliyi, Səudiyyə Ərəbistanının konsulluğuna hücumları sübut olaraq göstərmək mümkündür. Bu hadisələr İrandakı səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət olmadığını isbatlayır. İran hakimiyyəti başqa ölkələrdəki səfirlik və nümayəndəliklərə də hücum təşkil edib. ABŞ-nin İraqdakı konsulluğuna, İsrailin Argentinadakı nümayəndəliyinə hücumları misal göstərmək olar.
İranda xarici ölkə vətəndaşlarının təhlükəsizliyinə də təminat yoxdur. Son zamanlar etiraz aksiyaları fonunda baş verənlər bunu təsdiqləyir.
Azərbaycan tərəfi İran hakimiyyətində məsələ ilə bağlı obyektiv araşdırma gözləyir. Amma buna ümid çox azdır. Çünki artıq Tehran polisi ictimai rəyi fərqli istiqamətdə formalaşdırmağa səy göstərir. İddia ediblər ki, bu hadisə məişət hadisəsidir, guya terrorçu həmin əraziyə uşaqla gəlib (Bu, İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunun hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdür). Yayılan görüntülər və İran rəsmilərinin davranışları isə hadisənin terror aktı olmasını sübut edir. Çünki səfirliyin mühafizə xidmətinin əməkdaşları hücumun qarşısına çıxmasaydı, əlisilahlı adam diplomatik missiyanın əməkdaşlarının hamısını qətlə yetirəcəkdi.
Başqa bir tərəfdən, İran tərəfi Azərbaycan səfirliyinin təhlükəsizliyini zəif təşkil edib. Hadisə baş verən zaman həmin ərazidə İran polisi ya olmayıb, ya da polis terrorun qarşısını almaq üçün cəhd göstərməyib. Hər iki halda hadisənin arxasında İran dövlətinin olduğu görünür.
Beləliklə, Tehran hakimiyyəti münasibətləri danışıq yolu ilə həll etməkdə aciz qaldığı üçün səfirliyə qarşı terror törətməyə üstünlük verib. Bu, onun şakəridir. Öz vətəndaşlarının dinc aksiyalarını sakit, dialoq yolu ilə həll etməkdənsə, onlara SEPAH və başqa güc strukturları vasitəsi ilə hücum təşkil edir…
“Report” İnfomasiya Agentliyi