Tehranın xarici siyasətinin istiqamətləri “islam dünyasını parçala və hökm sür” prinsiplərini özündə ehtiva edir, hərçənd ki, molla rejimi bunu pərdələmək üçün gah təhlükəsizlik mühitini, gah da müsəlman hüquqlarının qorunmasının adı altındakı fəaliyyətini bəhanə gətirir.
Rejim əsrlər boyu müsəlman coğrafiyasında davam edən sünni-şiə rəqabətini siyasi motivlərlə alovlandırır və dini müzakirələri mədəni mübahisə kontekstindən çıxarmağa can atır.
O, islam dünyasında əsasını dərin dini mübahisələr təşkil edən münaqişələrin mövcudluğunu özünün güc siyasətinin mühüm aspekti kimi görür.
Bunu İranın regionlardakı mollalardan ibarət proksi qüvvələrinin dillərindən tökülən kəlmələrdə eşitmək olur və Tehran eyni tərzi Azərbaycandakı qulbeçələrinin leksikonuna da köçürməyə nail olmuşdu.
Azərbaycan dövləti və xalqı yad ideoloji cisimlərin şəkillənib böyüməsinə qarşı ictimai müqavimət ruhunu gücləndirdi, Prezident İlham Əliyev isə ölkədə tarixin süzgəcindən keçmiş multikultural ənənələrin ayaqda qalması üçün böyük işlərə imza atdı ki, bununla da İranın ideoloji bazasının dayaqları laxlamağa başladı. Qarabağ münaqişəsinin həlli və Azərbaycanın regionda yeni reallıqların müəllifinə çevrilməsi ilə ölkədə molla rejiminin əbasını əyinlərinə keçirənlərin də “dilləri kəsildi”.
Prezident İlham Əliyev müxtəlif mötəbər beynəlxalq tribunalarda da islam həmrəyliyinin vacibliyini önə çəkən tezislərini səsləndirir və Azərbaycandakı din modelinin nümunəsini misal kimi göstərir.
Azərbaycan dünyəvi dövlətdir və hər hansı məzhəb və ya dini ayrı-seçkiliyin körüklənməsini qətiyyən yaxına buraxmaq niyyətində deyil, onun xarici siyasət kursundakı “islam istiqaməti” isə müsəlman dünyasında həmrəyliyin bərqərar olmasına hesablanıb.
İlham Əliyevin bu yaxınlarda Əlcəzairə səfəri və onun Ərəb Dövlətləri Liqasının Zirvə sammitindəki çıxışı mövcud siyasətin davamı kimi mühüm çəki qazanır, özünü islam dünyasının az qala himayədarı hesab edən İran isə Bakının xarici siyasətdəki islam amilini qısqanır, çünki bu, Tehranın başqa ölkələrdəki ideoloji elektoratını zəiflədə bilər.
Bir sözlə, Azərbaycan, Türkiyənin də dəstəyi ilə mötədil yanaşmalarla islam dünyasına doğru pəncərələri açır, molla respublikası isə müsəlman coğrafiyasını dəhşətli zorakılıqlar müstəvisinə salmaq istəyir.
Bu, Tehranın islam dünyasını islam inqilabı konsepsiyasının bəhrələri olan hərbi-siyasi şiəlik çərçivəsində görmək istəklərindən qaynaqlanır.
Molla rejimi islam məzhəbləri arasındakı parçalanma meyillərini zəhərli ideoloji vasitələrlə stimullaşdırır: Yaxın Şərqin qan çanağına çevrilməsində bu regionda maraqları olan böyük oyunçuların nə qədər rolu varsa, Tehranın da bəd əməllərdə imzası mövcuddur.
Regional təhlükəsizlik mühitini mütiləşdirib öz caynağında saxlamaq istəyən molla rejimi ideoloji bazalarının laxlamasından sonra onu yenidən dirçəltməkdə çətinlik çəkir, ölkədə tüğyan edən təlatümlər və etirazçıların sərt mövqeyi Tehranı sarsıdır.
NƏTİCƏ:
Molla respublikasının Azərbaycandakı ideoloji bazasının fiaskosu radikal hərbi-siyasi dairələrin kürkünə birə salmaqda davam edir, üstəgəl İlham Əliyevin müsəlman dünyasına praqmatik baxış bucağı Tehranın qısqanc xətt sərgiləməsinə gətirib çıxarır.
Azərbaycan dövləti molla respublikasının maskasını yırtaraq onun əsl mahiyyətini üzə çıxarır, elə Tehran özü də Ermənistanın mənəvi himayəçisinə çevrilməklə də niyyətini etiraf etmiş olur. Güman etmək mümkündür ki, Bakı hələ əlində olan bütün faktları açıqlamır.
Aqşin Kərimov