• Ça. Noy 26th, 2024

Tofiq Zülfüqarov son hadisələr barədə: “Proseslər yavaş-yavaş Qarabağdan Zəngəzura keçir” – MÜSAHİBƏ + FOTO

ByYenigun.news

Avq 4, 2022

Son günlər Ermənistanın təxribatları nəticəsində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində vəziyyət gərginləşib. Doğrudur, hazırda vəziyyət sabit olsa da, gərginlik hər an yenidən arta bilər. Ermənistanın təxribatları nəticəsində avqustun 3-də əsgər Anar Kazımovun şəhid olması Azərbaycan Ordusunu “Qisas” əməliyyatını keçirməyə məcbur edib. Beləliklə, Azərbaycan Ordusu elə həmin gün əməliyyat keçirərək qanunsuz erməni silahlı dəstələrinin cavabını verib və şəhidimizin qanı yerdə almayıb.

Eyni zamanda, “Qisas” əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Bununla yanaşı, Müdafiə Nazirliyinin avqustun 4-də yaydığı məlumata görə, “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində, o cümlədən dövlət sərhədində nisbi sakitlikdir. Eyni zamanda əməliyyat şəraitinin Azərbaycan Ordusunun bölmələrinin tam nəzarəti altında olduğu vurğulanıb.

Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Qarabağdakı gərginlik, “Qisas” əməliyyatı və proseslərin mümkün inkişafı barədə “Report”un suallarını cavablandırıb.

– “Qisas” əməliyyatını necə qiymətləndirirsiniz?

– 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından iki ilə yaxın vaxt keçib. Təəssüf ki, Ermənistan həmin sənəddəki bəzi öhdəliklərin yerinə yetirilməsi prosesini çox gecikdirir. Beləliklə, sülh prosesi dalana dirənir. Çünki rəsmi İrəvan məğlubiyyətdən sonra başqa siyasət yeritməyə başladı. Ərazi iddiaları davam etdi. Əlbəttə, bu, bizim maraqlarımıza uyğun deyil. Ona görə biz həm vasitəçi Rusiyadan, həm də Ermənistandan bu öhdəliklərin yerinə yetirilməsini tələb edirdik. Amma əksinə, təxribat silsiləsi ilə üzləşdik və şəhidimiz oldu. Buna adekvat olaraq, biz əks-hücum əməliyyatlarına başladıq. Fikrimcə, bu, həm Ermənistan hakimiyyətinə, həm də qondarma rejimə dərs olmalıdır. İrəvan öhdəliklərini yerinə yetirməlidir – terrorçular Qarabağdan çıxarılmalı, xunta tərk-silah edilməlidir, Zəngəzur dəhlizi Azərbaycanın istifadəsinə verilməlidir. Ya diplomatik, ya da hərbi yolla bu məsələlər həllini tapmalıdır.

– Yəni Azərbaycan Ordusunun yeni əməliyyatlar keçirəcəyini istisna etmirsiniz?

– Bu, Ermənistandan asılıdır. Biz “Qisas” əməliyyatı ilə göstərdik ki, düşmənə adekvat cavab verməyə həmişə hazırıq. Onlar bizim tələblərimizi də, 10 Noyabr sazişinin şərtlərini də yaxşı bilirlər. İndi hansısa bəndləri yanlış başa düşdüklərini deyirlər. Bu, yayınma cəhdləri olmaqla yanaşı, həm də mənasız addımdır. Azərbaycanın siyasi iradəsi ortadadır. Bu mənada oyunlara son qoyulmalı və dediyim kimi, tələblərimiz yerinə yetirilməlidir.

– Sizcə, genişmiqyaslı müharibə başlayarsa, rəsmi Moskvanın buna münasibəti necə olacaq?

– Bu, ikinci dərəcəli məsələdir. Əsas məsələ Azərbaycan xalqının iradəsidir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanda indi çox mürəkkəb siyasi proseslər gedir. İrəvan Qərbə meyillənməyə, Rusiyadan canını qurtarmağa davam edir. Bunu şimal qonşumuz da yaxşı başa düşür. Hazırda Ermənistanda Qərblə Rusiyanın qarşıdurması baş verir. Bu mənada, əslində, Rusiyanın birdən-birə erməniləri müdafiə etməsi məntiqsiz görünər. Buna imkanı da yoxdur.

Yəni Kreml, bəlkə də, Ermənistanın Qərbin nəzarətinə keçməsinə razıdır. Rusiya üçün Zəngəzur dəhlizi layihəsi çox vacibdir. Çünki beləliklə, həm Türkiyə, həm də İranla dəmiryol əlaqəsi qurmaq niyyətindədir. İndi əsas məsələ budur ki, Ermənistan Qərbin “çətiri altına” Zəngəzur dəhlizi ilə birlikdə keçəcək, ya yox. Ümumiyyətlə, proseslər yavaş-yavaş Qarabağdan Zəngəzura keçir. Bu isə o deməkdir ki, hazırda baş verən hadisələr böyük bir ssenarinin tərkib hissəsidir.

– Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, son günlər baş verənlər sülhməramlıların fəaliyyətini sual altına qoyur. Sizin fikrinizcə, o, bununla nə mesaj verir?

– Bu, Ermənistanın Rusiyadan nəsə gözləmədiyinə mesajdır. Rəsmi İrəvan Rusiyanı Qərbin, beynəlxalq təşkilatların əvəz etməsi niyyətindədir. Ümumiyyətlə, Ermənistan həmişə kiməsə arxalanmaq istəyir. İndi, Rusiyanın zəiflədiyi bir vaxtda, Paşinyan hakimiyyəti Qərbə sığınmağa məcbur olub.

– Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə səfər edəcək, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Liderlər Cənubi Qafqaz və Qarabağdakı son durum barədə də danışacaqlar. Bu görüşün əsas nəticəsi nə olacaq?

– Zəngəzur dəhlizi yenə də əsas məsələlərdən biri olacaq. Dediyim kimi, indi Rusiya üçün bu layihə strateji əhəmiyyət kəsb edir. Türkiyə, Rusiya və İran liderlərinin üçtərəfli görüşündə də bu məsələ gündəmdə olmuşdu. Bu mənada Soçi görüşünü Astana müzakirəsinin davamı da hesab edə bilərik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir