2022-ci ilin yanvarında Qazaxıstanda cərəyan edən hadisələr Rusiyanın həmin regionda daha təsirli və ambisiyalı olduğunu ortaya qoydu və bu Kremlin həm rəqiblərinə, həm də onunla pərdəli dostluq saxlayan ölkəyə – Türkiyəyə – əhəmiyyətli xəbərdarlıq siqnalı idi.
Ankaranın xarici siyasətində Asiyanın təhlükəsizlik mühitində üzməsi vacib xətt kimi görünür, bu, eyni zamanda Böyük Britaniyanın da prioritetləri ilə üst-üstə düşür.
Buna görə də, Asiyanın daha geniş üfüqlərə açılan pəncərəsi olan Qazaxıstanla perspektiv strateji gedişləri müəyyənləşdirmək Ankara ilə Londonun ortaq maraqları kimi də təqdim edilə bilər.
Mayın 10-da Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin prezident olaraq Türkiyəyə ilk səfəri gələcək istiqamətlərin müəyyənləşməsi baxımından önəmlidir.
Tokayev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək regional, beynəlxalq gündəmlə bağlı müzakirələr aparıb və nəticədə tərəflər arasında 15 sənəd imzalanıb.
İmzalanan sənədlər Türkiyə-Qazaxıstan əlaqələrini mövcud strateji tərəfdaşlıq xəttindən strateji müttəfiqlik səviyyəsinə qaldırmaq üçün münbit zəmin yaradır.
İki ölkə arasında ticarət həcminin 10 milyard dollara çatdırılması (Ərdoğan da, Tokayev də bu məsələyə vurğu edib) və qarşılıqlı investisiyalarda rəqəmlərin artırılması qarşıya məqsəd qoyulub ki, bu da strateji müdafiə mexanizmlərinin iqtisadi əsaslarının gücləndirilməsinə hesablanan addımdır.
İmzalanan sənədlərlə Bakı-Tbilisi Qars dəmir yolu ilə daşımaların həcmi 4 dəfə artacaq. Eyni zamanda Aktau limanının ticarət imkanları genişləndiriləcək.
Amma paqqıldayan dünya nizamında təkbaşına güclü müdafiə yaratmaq getdikcə çətinləşir, buna görə də, kollektiv qalxan formalaşdırılır. Bir neçə türk dövlətini kollektiv maraqlarla eyni platformada birləşdirən Türk Dövlətləri Təşkilatı (TDT: Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan üzv, Türkmənistanla Macarıstan isə müşahidəçi statusda) beynəlxalq sistemdə güclü müdafiə elementləri ilə özünə yer tutmağa can atır.
Bu, Rusiya ilə Qərb arasındakı təhlükəli rəqabət meydanına çevrilməmək, tərəflərin Mərkəzi Asiya istiqamətinə yönələn maraqlarına qarşı instinktiv reaksiyalardır. Ona görə də, Moskva və Qərbin Avrasiya gündəmini təyin etmək səyləri Türkiyə faktoru ilə üzləşəcək və Ankaranın səyləri TDT maraqları ilə koordinasiya ediləcək. Bu üzləşmədə regionda artan təsirlərin perspektiv ölçülərini indidən müəyyən etmək çətindir.
Təhlükəsizlik üçün Qərbin dəstəklədiyi Transxəzər layihəsinin reallaşması vacibdir, amma bu, daha çox enerji sektoruna töhfədir və buna Rusiyanın reaksiyaları fərqli istiqamətlərdə inkişaf edə bilər.
Çin amilinə gəlincə, Pekin iqtisadi ekspansiyalarla bütün rəqibləri regionda sıxışdırmaq siyasətini davam etdirəcək və bəzən Rusiya, bəzən isə Türkiyə ilə sövdələşmələrə gedəcək.
NƏTİCƏ:
Tokayev Qazaxıstanda Türkiyə amilinin güclənməsinə çalışır. Tokayevin Ankara səfəri Rusiya-Ukrayna müharibəsinin nəticələrinin Asiya regionuna keçidi ehtimallarının güclü olduğunu göstərir. Regional oyunçu Türkiyə bütün ssenarilərə hazırlıq üçün səylərini intensivləşdirəcək.
Aqşin Kərimov