• Ça. Noy 26th, 2024

Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsi yaradılıb – FOTO

ByYenigun.news

Mar 6, 2023

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” (AQC) İctimai Birliyinin sədri Vüqar Oruc və Qazaxıstanın Qymətləndirmə Palatasının sədri Askar Omerbekov yeni yaradılmış Türk Dövlətləri Qiymətləndiricilər Birliyi Təşkilat Komitəsinin koordinatorları seçiliblər.

“Report” xəbər verir ki, bununla bağlı qərar ötən il keçirilmiş onlayn toplantıda qəbul edilib.

Görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın həqiqi, Şimali Kiprin isə müşahidəçi üzv qismində qatıldığı qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

V.Oruc “Report”a bildirib ki, türk dövlətlərində fəaliyyət göstərən qiymətləndirici qurumları öz ətrafında cəmləşdirən platformanın Koordinasiya Mərkəzi aprel ayında Bakıda bir araya gələcək:

“İyun ayında isə Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiriciləri Birliyinin təsis yığıncağı keçiriləcək. Türk dünyası qiymətləndiriciləri arasında faydalı və qarşılıqlı münasibətlərin qurulması, birgə fəaliyyət mexanizminin təşviq edilməsi, vahid məlumat bazasının yaradılması, təcrübə mübadiləsinin təşkili, habelə türk dünyası dövlətləri arasında inteqrasiyanın təmin olunması istiqamətində fəaliyyət göstərəcək birliyin müvafiq strukturları formalaşdırılacaq. Təsis qurultayına qədər isə Təşkilat Komitəsinə rəhbərlik A.Omerbekovla mənə həvalə edilib”.

Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması ilə bağlı razılıq V.Oruc və A.Omerbekov, eləcə də Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci,Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nərgizə Mirzərəhimova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov arasında əldə edilib. Türkmənistan Qiymətləndiricilər Cəmiyyəti tamhüquqlu, Şimali Kipr Dəyərləmə Uzmanları Birliyi isə müşahidəçi üzv kimi Türk Dövlətləri Qiymətləndiriciləri Birliyində təmsil olunmaq qərarını elan ediblər.

Yekunda birliyin gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, mütəmadi iclaslar keçirilməsi və təsis konfransının hazırlıqla bağlı müvafiq qərarlar qəbul olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir