Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev Azərbaycan Respublikası ərazisində qanunsuz rejimin təşkil etdiyi qondarma prezident seçkisi ilə bağlı bəyanat verib.
Bəyanat Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi səhifəsində dərc olunub.
“Türk Dövlətləri Təşkilatının Baş katibi Ermənistanın Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaratdığı qanunsuz rejim tərəfindən 9 sentyabr 2023-cü ildə təşkil edilmiş qondarma prezident seçkisi ilə bağlı dərin narahatlığını ifadə edir.
Biz bu təxribatçı əməli beynəlxalq hüququn, eləcə də Azərbaycan Konstitusiyasının və qanunlarının ciddi şəkildə pozulması, regionda sülh və sabitliyə xələl gətirilməsi kimi qiymətləndiririk və qətiyyətlə pisləyirik. Eyni zamanda biz Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisini öz konstitusiya sisteminə reinteqrasiya etmək səylərini yüksək qiymətləndiririk.
Baş katib bir daha bəyan edir ki, Qarabağ bölgəsi Azərbaycanın və türk dünyasının tərkib hissəsidir. Buna görə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə mane ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə və konstruktiv dialoqa çağırır”, – deyə bəyanatda qeyd edilib.