Noyabrın 29-da Türkiyə Milli Təhlükəsizlik Şurası 2,5 saat davam edən iclas keçirib.
İclasda yeddi bəndlik müzakirə portfeli masaya qoyulub. Onları qısa şəkildə belə təsvir edə bilərik:
1. Türkiyənin PKK, FETÖ və İŞİD terror təşkilatları ilə mübarizəsi;
2. Türkiyəyə yönələn təhdidləri mənbəyindəcə yox etmək;
3. İsrail-Fələstin münaqişəsi;
4. İsrail-Fələstin müharibəsinin Türkiyənin qonşusu olan İraqa mümkün təsirləri, Kərkükdə yaşayan türkmanların taleyi;
5. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə regiondan kənar dövlətlərin müdaxilə etməməsi, Zəngəzur dəhlizi;
6. Rusiya-Ukrayna müharibəsi;
7. Türkiyənin Qara dənizdən Afrikaya, Qafqazdan Balkan regionuna qədər geniş bir coğrafiyada sülh və təhlükəsizlik mühiti yaratmaq üçün səyləri.
Yeddi bəndlik müzakirə portfeli Türkiyənin bir neçə regionu əhatə edən təmsilçilik dairəsini genişləndirmək istiqamətlərini təyin edir. Bu gün bir bölgədə baş verən insident və ya hərbi eskalasiya çox asanlıqla digər regiona sıçrayır. Çünki oyunçular aşağı-yuxarı eynidir və biri digərini güzəştə məcbur etmək üçün alternativ regionlardakı kartlarını oynayır.
Türkiyə də manevrlərini gücləndirmək və strateji maraqlarını təmin edib onu qoruyub-saxlamaqdan ötrü regional aktor olaraq marağı olan bölgələrə bir paket halında baxır.
Artıq şübhə yoxdur ki, Türkiyə məramlarını böyük bir ölçüyə gətirərək özünün təhlükəsizlik və sülh indeksindəki rolunu nəzərəçarpacaq dərəcədə yüksəyə ucaldır.
Ancaq yaranan regional münaqişələr və bunun qlobal bazarlardakı əks-sədası Türkiyə üçün bir xeyli çağırışlar da yaradır.
Burada Türkiyənin Cənubi Qafqaz regionundakı genişlənən statusuna diqqət edəcəyik. Düzdür, bu bölgədə Türkiyənin uzun müddətdir maraqları olub, lakin onları üstün səviyyədə təmin etmək prosesi İkinci Qarabağ müharibəsinin geosiyasi nəticələrindən sonra başladı. Bu mənada, Qafqaz regionunda yüksəksəviyyəli təmsilçilik müasir Türkiyə üçün yeni bir tendensiyadır.
Bu baxımdan, Türkiyəyə qarşı yönələn və ya istiqamətləndirilən təhdidlərin bir ucu, təbii ki, Ankaranın Cənubi Qafqazdakı arteriyasına da toxunur.
Ona görə də Ankara regiona kənar müdaxilələrin qarşısını almaq təşəbbüslərində haqlı tərəf kimi çıxış edir.
Burada Türkiyənin əsas rəqibləri Qərbdən gəlir, hərçənd ki, Böyük Britaniya ilə Ankaranın müştərək sferası fərqli tendensiyaları əhatə edir. Yəni Londonu çıxmaq şərtilə, ABŞ, Fransa, Almaniya, Kanada kimi Qərb sisteminə daxil olan ölkələrin Cənubi Qafqazdakı gizli gündəliklə iştirakı Ankara üçün o qədər də ürəkaçan deyil.
Deməli, Türkiyəyə qarşı qüvvələr eyni zamanda Bakı-Ankara strateji müttəfiqliyindən də narazıdırlar. Türkiyə üçün onları neytrallaşdırmaq vacibdir, buna görə də, Ankara regionda geosiyasi mübarizəni şiddətləndirən problemlərin həllinə tərəfdardır.
Türkiyə problemlərin düsturunu hazırlayarkən öz müdafiə qabiliyyətini artıraraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə kilidlənir. Əks təqdirdə isə, Azərbaycanın ata biləcəyi addımlara təhlükəsizlik təminatı verən ölkə kimi Türkiyənin yeri daha çoxunu narahat edəcək.
Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi ilə əlaqədar müzakirələr aparılması Ankaranın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə olduqca geniş bir pəncərədən baxdığını göstərir.
Burada Türkiyənin, əsasən, Mərkəzi Asiya və Cənubi Qafqaz körpüsündəki strateji maraqları önə çıxır.
Deməli, Türkiyə Zəngəzur dəhlizi ilə əlaqədar yarana biləcək gələcək tendensiyaları yuxarıda göstərdiyimiz yeddi bəndlik vahid paketin daxilində təhlil edərək maraqlarını vahid geosiyasi məkan qavrayışında inkişaf etdirir.
Ankaradan Zəngəzur dəhlizinin açılması üçün verilən mesajlar Azərbaycanın regional məqsədlərində əlavə nəticələr əldə etməsi üçün böyük bir stimul olaraq qalacaq.
Aqşin Kərimov