“Biz bilirik ki, qardaş Azərbaycan ilk dəqiqədən etibarən Sizin (Prezident İlham Əliyev-red.) tapşırığınızla səfərbər olub. Təkcə Fövqəladə Hallar Nazirliyi ilə deyil, bütün qurumları, cəmiyyətləri, xalqı ilə səfərbər olub. Ürəkləri bizim acımızı yüngülləşdirmək üçün döyünüb. Biz bunun şahidi olduq, görürük”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağçı Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində səsləndirib.
Göstərilən dəstəyə görə minnətdarlığını bildirən səfir deyib:
“Həqiqətən çox böyük zəlzələ oldu. Türkiyə tarixində ilk dəfə lokal olmayan zəlzələ bizə böyük acı verdi. Ondan çox şəhərə, on milyondan çox insanımıza təsir etdi, itkilərimiz hər gün artır. Allah millətimizə səbir versin və bir daha bizə belə böyük acı yaşatmasın, İnşallah”.