Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı yazılı açıqlama yayıb:
“Bu səhər Azərbaycanın Tehrandakı səfirliyinə təşkil edilən silahlı hücumu lənətləyirik. Bu hücumda həyatını itirən səfirlik əməkdaşlarına Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik”.
Qeyd edilir ki, keçmişdə oxşar hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını dərindən paylaşır.
“Bu alçaq hücuma görə məsuliyyət daşıyanların dərhal tapılıb ədalət məhkəməsi qarşısında cavab verməsi və onun təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Qardaş Azərbaycan heç vaxt tək deyil”, – deyə bəyanatda vurğulanır.
Eyni zamanda qeyd edilir ki, Türkiyənin Azərbaycana dəstəyi hər zaman olduğu kimi fasiləsiz olaraq davam edəcək.