• Şb. Noy 2nd, 2024

Türkiyədə keçiriləcək seçkilərdən hansı nəticələri gözləmək olar? – Yevgeniya Qaberlə MÜSAHİBƏ

ByYenigun.news

Mar 15, 2023


Türkiyədə mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərinin vaxtı yaxınlaşdıqca, onların nəticəsi ilə bağlı ziddiyyətli fikirlər ortaya çıxır.

Bəzi sosioloqlar seçkidə Rəcəb Tayyib Ərdoğanın qeyd-şərtsiz qələbə qazanacağını proqnozlaşdırırlar. Belə ki, hazırkı prezidentin seçkidə rəqibi elan olunan Kamal Kılıçdaroğlunun şansları yüksək qiymətləndirilmir.

Oxu.Az-ın Türkiyədəki seçki kampaniyası ilə bağlı suallarını siyasi elmlər üzrə fəlsəfə doktoru, Kartlon Universitetində (Kanada) Müasir Türkiyə Araşdırmaları Mərkəzinin analitiki, Ukraynanın Türkiyədəki səfirliyinin keçmiş əməkdaşı Yevgeniya Qaber cavablandırıb.

– Belə bir ehtimaldan çox danışılsa da, Türkiyədə seçkilərin tarixi dəyişdirilmədi. Seçkilər mayın 14-də olacaq. Bu, daha çox kimə sərf edir – müxalifətə, yoxsa indiki hakimiyyətə?

– Mayın 14-ü tarixi həm müxalifət, həm də iqtidar tərəfindən dəstəklənən kompromis qərardır. Xatırladım ki, ilkin olaraq seçkilərin iyundan may ayına keçirilməsi ilə bağlı müzakirələr gedirdi. O zaman bu, iki amillə izah edildi. Birincisi, iyunda insanların çoxu məzuniyyətdə olacaqdı, ikincisi isə həmin ayda həcc ziyarəti başlayır. Zəlzələdən sonra səsvermənin yarım il, hətta bir il təxirə salınması ehtimalı səsləndirildi, lakin seçkilərin 14 may tarixinə təyin edilməsinə dair qərar müxalifəti razı saldı, onlar dağıdıcı zəlzələdən sonra üstünlüyün daha çox onların tərəfində olduğu qənaətindədirlər.

Eyni zamanda, bir çox ekspert Prezident Rəcəb Tayyib Ərdoğanın seçkiləri məhz əvvəldən nəzərdə tutulan vaxtda keçirmək istəyəcəyini proqnozlaşdırırdılar. Axı uzunmüddətli perspektivdə təbii fəlakətin vurduğu ziyanın həcmi daha da böyüyəcək (söhbət iqtisadi itkilərdən, bərpa işlərindən və sair məqamlardan gedir). 14 may tarixi həm Türkiyə cəmiyyətinin, həm iqtidarın, həm də müxalifətin etiraz etmədiyi variantdır.

– Bəs indi kimin qalib gəlmək şansı daha çoxdur?

– Tamamilə fərqli nəticələr göstərən müxtəlif sorğular var. Bütün ekspertlər bunu qeyd edirlər ki, müxalifətin seçkilərdə qalib gəlmək şansı son 20 ildə heç vaxt bu qədər yüksək olmayıb. Məsələ də burasındadır ki, məhz şanslar dəyərləndirilir, amma müxalifətin qələbəsi qətiləşməyib. Hər şey çox sürətlə dəyişir.

Fevralın 6-da baş verən zəlzələlərdən dərhal sonra hakimiyyət təbii fəlakətin nəticələrini aradan qaldırmaqla bağlı iş apararkən ictimai narazılığın fonunda müxalifət qüvvələrinin populyarlığının artdığını gördük. O zaman fərq müxalifətin xeyrinə 10%-ə çatırdı. Amma “İYİ Partiya”nın sədri Meral Akşenerin müxalifət koalisiyasından çıxıb, sonra yenidən oraya qayıtması ətrafında yaranan böhrandan sonra müxalifətin reytinqi düşdü. Bir neçə gün əvvəl isə hazırda siyasi qüvvələrin hər birinin neçə faiz səs qazandığını açıqlamasa da, səs itkisinin dinamikasından xəbər verən “Metropoll” sosioloji xidmətinin maraqlı araşdırması olub. Belə ki, hakim Ədalət və İnkişaf Partiyası seçicilərin beş faizinin, Cümhuriyyət Xalq Partiyası (CHP), “İYİ Partiya” və kürdyönümlü Xalqların Demokratiya Partiyası (HDP) isə seçicilərin iki-üç faizinin səsini itirib. Eyni zamanda, qərarsız seçicilərin sayı da artıb. Ona görə də çox şey seçki kampaniyasının necə keçirilməsindən asılı olacaq.

Biz bilirik ki, Prezident Rəcəb Tayyib Ərdoğan təcrübəli siyasətçidir, o, seçkilərə bir ay qalmış böyük layihələr barədə elan verib, vəziyyəti öz xeyrinə dəyişə bilər. Türkiyənin kürd seçicilərinin nə qərar verəcəklərindən çox şey asılıdır. Kürdyönümlü HDP indi danışıqlar aparır, təbii ki, onlar üçün Meral Akşenerin “İYİ Partiya”sındansa, Kamal Kılıçdaroğlunun CHP-si ilə razılaşmaq asandır. Ona görə də sadalanan bütün bu amillərin nəticəsi olaraq siyasi qüvvələrin qaçış zolağının start xəttinə hansı nəticələrlə çıxacaqları həlledici olacaq.

Mənim təəssüratım belədir ki, hazırda müxalifət prezidentlik yarışında müəyyən üstünlüklərə malikdir. Parlament seçkilərində vəziyyət daha rəngarəngdir: müxalifət blokunun hələlik kifayət qədər mandat qazanmaq şansı var, söhbət parlamentin üçdə birindən gedir.

– Türkiyənin daxili siyasəti özünün gözlənilməzlikləri ilə məşhurdur. Seçicilər hətta bir həftə ərzində öz fikirlərini dəyişə bilərlər…

– Doğrudur. Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin “24 saat Türkiyə siyasəti üçün çox uzun müddətdir” sitatını çox sevirəm. Doğrudan da, hər bir siyasi qüvvə üçün hər şey həm müsbət, həm də mənfi istiqamətdə dəyişə bilər. “Qara qu quşu” peyda ola bilər (ağır nəticələrə gətirib çıxaran bəzi nadir və proqnozlaşdırıla bilməyən hadisələr – red.). Belə ki, baş verən silsilə zəlzələlər hakimiyyətin planlarını pozan “qara qu quşu”na çevrildi. Lakin hansısa pozitiv hadisə də baş verə bilər, məsələn, Türkiyə xarici siyasətdə böyük uğur, qələbə qazanar. Amma Türkiyənin üzləşdiyi obyektiv reallıq var: ağır iqtisadi vəziyyət, zəlzələnin nəticələri və liberal, qərbyönlü islahatlar tələbi. Digər tərəfdən, Türkiyə cəmiyyətinin qütbləşmiş bir hissəsi də müxalifətdən narazıdır. Ona görə də dinamik vəziyyət hökm sürür, eyni zamanda seçkilərdə öz namizədi və partiyası ilə bağlı qərarsız olanların sayı da çoxdur.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir