Türkiyənin vitse-prezidenti Fuad Oktay ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlərə sərt reaksiya verib.
O, bu barədə özünün sosial media hesabından paylaşım edib.
Vitse-prezident tarixi və cari faktlarla bir araya sığmayan, tamamilə xoş niyyətdən uzaq, qərəzli mövqeyi özündə əks etdirən və diplomatik səyləri sabotaj edən bu bəyanatları qəbuledilməz olduğunu vurğulayıb.
“Ağ ev administrasiyası erməni diasporunun səslərinə göz qırpdığı aşkar görünən Pelosi və lobbi tərəfindən dəstəklənən bir neçə siyasətçinin Qarabağ məsələsinə dair açıqlamalarının ABŞ-ın rəsmi mövqeyini əks etdirib-etdirmədiyinə aydınlıq gətirməlidir”, – deyə o bildirib.
Bölgədə davamlı sülh və sabitliyin bərqərar olduğu bir vaxtda bütün beynəlxalq aktorları ədalətli və hər şeydən əvvəl məsuliyyətli davranmağa dəvət edən Fuad Oktay 30 ildir haqsız və qanunsuz işğal altında olan vətəninin azad edilməsi uğrunda mübarizə aparan Azərbaycanın bundan sonra da yanında olacaqlarını vurğulayıb.
4️⃣30 yıldır haksız ve hukuksuz bir şekilde işgal altında tutulan anavatan topraklarını azat etmek için cansiparane bir mücadele veren Can Azerbaycan’ın yanında durmaya kararlılıkla devam edeceğiz.
— Fuat Oktay (@fuatoktay) September 19, 2022
Yeri gəlmişkən qeyd edək ki, Türkiyə parlamentinin (TBMM) sədri Mustafa Şəntop da Pelosinin Ermənistana səfərinə diqqət çəkib və onun Tayvana ötən ay baş tutan qalmaqallı səfərini xatırladıb.
O, bir ölkənin parlament sədrinin başqa ölkəyə səfər etməsinin normal olduğunu, lakin Ermənistan və Azərbaycan arasında həll olunmağa doğru gedən problemi nəzər aldıqda, bu səfərin təxribat xarakterli və böhranı dərinləşdirmək potensialına malik olduğunu bildirib və bu prosesdə hər zaman Azərbaycana dəstək olduqlarını qeyd edib.
“Bununla əlaqədar Azərbaycan Milli Məclisinin sədri ilə danışdıq. bu müddətdə Azərbaycanın yanında olduğumuzu hər zaman ifadə etmişik, bunu əməldə göstərmişik. Bundan sonra da qətiyyətlə Azərbaycanın yanında olacağımızı bəyan etmişik”.
Mənbə: Sabah, “Anadolu” agentliyi