• C. Noy 29th, 2024

Türkiyəli deputat: “Brüssel görüşü regionda sülh prosesini pozmağa yönəlib” – FOTO

ByYenigun.news

Apr 5, 2024

“Brüsseldə keçirilən üçtərəfli görüş Cənubi Qafqazda sülh danışıqlarını pozmağa yönəlib”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Kamil Aydın deyib.

O qeyd edib ki, Belçikanın paytaxtı Brüsseldə ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün guya siyasi və iqtisadi məsələlərə həsr olunduğu iddia edilsə də, əslində, bəhs olunan toplantının Cənubi Qafqazda sülh prosesinin açıq şəkildə pozulmasına yönəldiyi aydın görünür.

K.Aydının fikrincə, belə toplantılar Avropa İttifaqı, ABŞ və erməni diasporunun 30 ildən artıqdır ki, bölgədə yaratdıqları işğalın aradan qaldırılmasından sonra anti-Türkiyə, anti-Azərbaycan təbliğatının nəticəsidir:

“Bu qüvvələr Ermənistanın inkişafı adı altında bölgədə yeni xaos yaratmağa çalışırlar”.

Deputat bildirib ki, Türkiyənin Azərbaycanla sıx koordinasiya şəraitində Ermənistanla normallaşma prosesini davam etdirdiyi və bu çərçivədə müəyyən müsbət irəliləyişlərə nail olunduğu bir dönəmdə haqqında danışılan üçtərəfli görüşün təşkili təxribatdan başqa bir şey deyil:

“Bununla yanaşı, biz açıq şəkildə görürük ki, Paşinyan və onun nümayəndə heyəti sülh prosesinə start vermək üçün Türkiyə rəsmiləri ilə vaxtaşırı görüşlər keçirir. Aparılan danışıqlar çərçivəsində Türkiyə ilə Ermənistan arasında hava nəqliyyatının bərpası və Zəngəzur dəhlizi ilə bağlı bəzi real planların həyata keçirilməsi kimi xoşməramlı addımlar atılıb. Azərbaycan və Türkiyə regionda sabitliyi və inkişafı, Ermənistanla sülhü təmin edəcək bu kimi addımlar atdığı halda, Azərbaycanı görməzdən gəlmək, bu cür səthi və birtərəfli təşəbbüslərin irəli sürülməsi keçmişdə olduğu kimi, indi də problemli məsələdir. Ona görə də Ermənistan rəhbərliyi özünə gəlməli, ilk növbədə isə ikitərəfli sazişin tərəfdarı olan Azərbaycanla danışıqların inkişaf etdirilməsini, daha sonra isə bu sülh prosesinin bütövləşməsinə kömək etmək üçün regionda mühüm rol oynayan dövlətlərlə bir araya gəlməlidir. Əks halda, uzaqlardan heç kim Ermənistana sülh və iqtisadi rifah gətirməyəcək”.

Rusiya-Ukrayna müharibəsini qızışdırmaq üçün “alovun üstünə yanacaq tökən” Qərbin iqtisadi dəstək adı ilə İrəvana silah yardımı edib, sülhdən çox savaşı dəstəklədiyini deyən K.Aydın 2008-ci ildə Gürcüstanı “demokratik Qərb xəttinə” üzv etmək adı altında Rusiyanı zəiflətmək cəhdlərinin olduğunu xatırladıb və bu ssenarinin bu gün də davam etdiyini bildirib:

“Ukrayna və Gürcüstandan sonra bu dəfə Ermənistanı meydana çevirməyə çalışırlar. Məlumdur ki, yenə də məqsəd Ermənistanın inkişafını təmin etmək yox, Rusiyanı regionda zəiflətməkdir. Təbii ki bu görüşlə bağlı narahatlıq bildirən yalnız biz deyilik. Bu narahatlıqlar həm Rusiyanın hakimiyyət orqanları, həm də Azərbaycanın xarici siyasət sözçüləri tərəfindən açıq şəkildə ifadə edilir”.

O, Ermənistanın Rusiyanın regionda mövcudluğunu, Azərbaycanın sülhsevər münasibətini və Türkiyənin bu ölkənin iqtisadi inkişafına gerçək sülhün kölgəsində töhfə vermək kimi pozitiv ideyasını nəzərə almasından ciddi fayda əldə edəcəyini də vurğulayıb.

K.Aydın Avropa İttifaqı və ABŞ-nin bu təşəbbüslərini regionda güclü alternativ birləşmələrin olmaması ilə əlaqələndirib:

“Əvvəllər son hədəf yalnız Rusiya olsa da, hazırda Ermənistan regionda ayaq üstə duran, azad və müstəqil, öz güclü varlığını hər kontekstdə hiss etdirən Azərbaycana və yerləşdiyi regionda lider olan Türkiyəyə qarşı “kozır” olaraq istifadə edilir. Amma güclənməkdə olan Türk dünyasının düzgün prinsiplər üzrə hərəkətindən əldə edilən uğurların qarşısında heç bir bəd niyyət dayana bilməyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir