“Azərbaycan hər zaman Türkiyə üçün, oradakı bütün siyasi partiyalar üçün ən yaxın dövlət olub. Yaxın tarixdən Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini xatırlamaq olar. Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıya verdiyi dəstək onun reytinqini artırıb. Burada söhbət Türkiyənin yeni müttəfiq əldə etməsindən getmir, çünki Azərbaycan Türkiyənin ən mühüm müttəfiqi olub və bu indi də belədir”.
Bu sözləri türkiyəli politoloq, siyasi elmlər namizədi, beynəlxalq və Türkiyə-Rusiya münasibətləri üzrə ekspert Kərim Has Oxu.Az-a müsahibəsində Azərbaycana dəstəyin türkiyəli siyasətçilərin seçki marafonunda nə qədər mühüm yer tutduğunu şərh edərkən söyləyib.
Kərim Has söyləyib ki, indi Türkiyəni Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsi düşündürür.
“Müqavilə hansı şərtlərlə imzalanacaq, sonra nə olacaq? Bu sülh sazişi kontekstində Ermənistan – Rusiya münasibətlərinin taleyi necə olacaq? Daha sonra Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı praktiki suallar yaranacaq, sərhədlər açıla bilər və bu proses Qərbdən dəstək alacaq. Mənə elə gəlir ki, Ankara Türkiyədə gələn ilin yazında, ya da yayında baş tuta biləcək seçkilərə qədər Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün əlindən gələn hər şeyi edəcək”, – deyə türkiyəli politoloq vurğulayıb.
Kərim Has hesab edir ki, əgər Türkiyədəki seçkilərdən əvvəl Azərbaycanın maraqlarına uyğun saziş imzalansa, bu, Prezident Rəcəb Tayyib Ərdoğanın reytinqlərinə çox müsbət təsir göstərə bilər.
“Mən onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazın İsveçinə çevrilir. İsveçdə ordu artıq çoxdan formalaşıb və NATO standartlarına uyğun fəaliyyət göstərir, baxmayaraq ki, İsveç Şimali Atlantika blokuna daxil deyil. Və indi, Rusiyanın Ukraynaya başı qarışdığı bir vaxtda, Stokholm Şimali Atlantika Alyansına qoşulmaq imkanı əldə edib. Azərbaycan da bu yolla gedir. NATO standartlarına uyğun ordu qurur. Bəli, bəlkə də Bakı heç vaxt bu alyansa qoşulmaq istəməz, bəlkə NATO bundan imtina edər, amma Azərbaycan Türkiyənin köməyi ilə Cənubi Qafqazda faktiki NATO ölkəsi olacaq”, – siyasi şərhçi fikrini tamamlayıb.
Nair Əliyev