“10 noyabrda imzalanan üçtərəfli bəyanatın üstündən iki il keçməsinə baxmayaraq, bölgədə gözlənilən sülh hələ də baş tutmayıb. Sərhədlərin dəqiqləşdirilməməsi və Ermənistanın Qarabağ bölgəsinə döşədiyi minaların xəritəsini verməməsi Azərbaycanla Ermənistan arasında gərgin münasibəti davam etdirir. Həmçinin bütün dünyaya elan edilən Zəngəzur dəhlizinin saziş imzalandıqdan sonra açılmaması, hətta sazişin mətnində belə bir dəhlizin olmadığı fikrinin irəli sürülməsi də yeni bir gərginlik yaradıb”.
Bu sözləri türkiyəli professor, “Qafqaz Strateji Araşdırmalar” Mərkəzinin rəhbəri Hasan Oktay Oxu.Az-a Ermənistanın sülhdən yayınma cəhdlərindən danışarkən deyib.
Mütəxəssis Nikol Paşinyanın müharibə ssenarisini məqsədli şəkildə ortaya atdığını bildirib:
“Prezident İlham Əliyevin “Qarabağ məsələsi bitmişdir” açıqlamasına rəğmən, bölgədəki hadisələr bu şəkildə cərəyan etdiyi üçün yeni bir müharibəyə ehtiyac olduğu hər gün bir az daha özünü göstərməkdədir.
Paşinyan bir tərəfdən daxili müxalifətə, digər tərəfdən də Rusiyaya qarşı ciddi şəkildə mübarizə apararkən yeni bir müharibənin iqtidara qarşı olacağını və bu müharibədə hakimiyyətini qorumasının mümkün görünmədiyini bildiyi üçün diqqətləri bölgəyə çəkmək məqsədilə müharibə ssenarisindən bəhs edir”.
Politoloq Türkiyə-Ermənistan danışıqlarının bölgədəki vəziyyətə təsirindən də danışıb:
“Türkiyə-Ermənistan danışıqlarının başlaması və buna yaxın zamanda Azərbaycanın daxil olması bölgədə Azərbaycan lehinə sülh mühitini yaradacaq”.
Aqil Vəlili