Ukraynanın Lviv şəhərində Ukrayna azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) müşavirəsi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbir çərçivəsində UABD sədri Hikmət Cavad mövcud problemləri müzakirə etmək üçün təşkilatın yerli fəalları ilə görüşüb.
H.Cavadın bildirdiyinə görə, görüş zamanı Ukraynada Rusiyanın işğalçlılğı ilə bağlı azərbaycanlıların vəziyyəti müzakirə olunub.
“Hərbi təcavüz nəticəsində zərər çəkmiş azərbaycanlı ailələrə maddi yardım göstərilməsi, habelə Ukrayna ordusu sıralarında döyüşən azərbaycanlı mənşəli Ukrayna vətəndaşlarına kömək məsələləri müzakirə olunub” – deyən UABD rəhbəri qeyd edib ki, Ukraynada yaşayan soydaşlarımız arasında həmçinin Ermənistanla dövlət sərhədi boyu son günlər baş vermiş toqquşmalar və çoxlu sayda şəhidlərimiz olması da eyni dərəcədə narahatlıq doğurub.
“Bununla yanaşı, görüş zamanı Ukraynanın erməni lobbisinin təsiri altına düşən bəzi tanınmış ukraynalı ictimai xadimlərinin Azərbaycanı Ermənistana qarşı təcavüzdə ittiham etmələri də narahatlıqla qarşılanıb. Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərə xələl gətirmək məqsədi daşıyan bu cür fikirlər görüş iştirakçıları tərəfindən qəti şəkildə pislənib. Ukraynanın da separatçılıqdan əziyyət çəkdiyi, daha əvvəllər Azərbaycanda da olduğu kimi ərazi bütövlüyünün pozulduğu xatırlanıb. Bununla əlaqədar olaraq baş verən hadisələr, Azərbaycanın Ermənistanla qarşıdurmaya dair mövqeyi ilə bağlı hərtərəfli məlumatların Ukrayna ictimaiyyətinə çatdırılmasının vacibliyi də qeyd olunub”, – deyə UABD sədri H.Cavad bildirib.
Görüşün sonunda Azərbaycan – Ermənistan sərhədində son günlər baş vermiş hərbi qarşıdurma fonunda Azərbaycana qarşı təbliğat dalğasının artmasına qarşı etiraz məqsədilə Ukraynada fəaliyyət göstərən beynəlxalq təşkilatların yerli ofislərinə müraciət ünvanlamaq qərarı qəbul edilib.