15 iyul tarixində “Bakı Ekspo Mərkəzi”ndə üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi baş tutub.
Oxu.Az xəbər verir ki, açılış mərasimində “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvləri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iştirak ediblər.
Gənclər və idman nazirinin müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyevin açılış nitqi ilə start götürən tədbir Təşkilat Komitəsi üzvlərinin nitqi ilə davam edib.
İdarəçi rəhbərlər çıxışlarında “Yüksəliş” müsabiqəsinin hər il yeni nəsil idarəçilərin aşkara çıxarılması və formalaşmasında oynadığı əhəmiyyətli rolu vurğulayıb, günümüzdə idarəçiliyin tələblərinə uyğun olaraq rəqabətli insan kapitalının önəminə diqqət çəkiblər.
Gənclər və idman nazirinin müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsi finalçılarına səslənərək istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə layihənin keçirilməsində yaxından iştirak etdikləri üçün qürur hissi duyduğunu bildirib. Fərhad Hacıyev onu da əlavə edib ki, finalçılar arasında ötən illər müsabiqədə iştirak etmiş namizədlərin çoxluq təşkil etməsi sevindirici haldır. Bunun müsabiqənin ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin və iştirakçıların etimadını qazanmasının göstəricisi olduğunu bildirən İşçi qrupunun rəhbəri sonda hər bir finalçıya uğurlar arzulayıb, onların final mərhələsinədək gəlib çatmasının qalibiyyətə bərabər olduğunu qeyd edib.
Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 109 nəfər iştirakçı mübarizə aparır.
Final mərhələsi 3 gün davam edəcək və müsabiqə 16 iyulda yekunlaşacaq.
“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 000 AZN dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.