• Şb. Noy 23rd, 2024

Ukraynada müharibə: Avropa kömək üçün Bakıya müraciət edir

ByYenigun.news

Mar 17, 2022

Fransa Rusiyanın Ukraynaya hücumunun nəticələrini aradan qaldırmaq üçün Azərbaycanla yaxınlaşır.

Ukraynadakı müharibə SSRİ-nin dağılmasından bu yana görünməmiş geosiyasi zəlzələdir.

Geosiyasi tektonik plitələrimizdə baş verən bu şiddətli sarsıntının əsas xüsusiyyətləri yeni bütöv blokların, oxşar həyati maraqların sürətlə meydana çıxması və köhnə mübahisə və rəqabətin kənara atılmasıdır.

Buna ən yaxşı nümunə Vaşinqton və Karakas arasında sürətləndirilmiş danışıqlardır. Venesuelanı dağıdan bir neçə illik embarqolardan sonra ABŞ Prezidenti Co Bayden bu yaxınlarda Nikolas Maduro Morosa açıq diplomatik mesaj göndərdi: “Əgər qayıtsan, mən hər şeyi ləğv edəcəm!”

Qucaqlaşaq, Folvil!

Hər şeyin sürətlə dəyişdiyi daha bir region Cənubi Qafqazdır. Heç kimə sirr deyil ki, son illər Fransa ilə Azərbaycan arasında çılğın sevgi olmayıb. İkinci Qarabağ müharibəsindən xeyli əvvəl, Fransa Prezidenti Emmanuel Makronun beş illik səlahiyyət müddətinin başlanğıcından bəri bu ölkə Azərbaycan və Ermənistan arasında sülh prosesini təşviq etmək üçün nəzərdə tutulmuş Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, Bakıdan getdikcə daha çox qəzəbli mesajlar verilməsi fonunda İrəvana simpatiya və dəstəyini daha az gizlədirdi.

2020-ci ildəki müharibə (44 günlük Vətən müharibəsi – red.) dövründə Parisin rəsmi mövqeyi isə azərbaycanlılarda fransızların əhval-ruhiyyəsi barədə şübhə yeri qoymadı.

Sonra Rusiya Ukraynaya soxuldu. Fransa qəfildən xatırladı ki, Azərbaycan kifayət qədər nadir geostrateji aktivə sahibdir: onun təkcə qazı yox, həm də birbaşa ixrac üçün öz qaz kəmərləri var! Bu üstünlük diqqətəlayiqdir.

Heydər Əliyev (Azərbaycan xalqının ümummilli lideri – red.) 1993-cü ildə Azərbaycan Respublikasının prezidenti seçiləndə ərazisinin 20 faizini itirmiş, dağıdılmış bir ölkənin rəhbərliyini üzərinə götürməklə Qarabağdakı müharibəni dayandırdı.

Bu, fövqəladə çətin qərar idi. O, daha sonra ölkəsinin iqtisadi inkişafına diqqət yetirdi. Bu, ona iki şeyə nail olmağa imkan verdi: birincisi, neft sənayesini bərpa etmək, ikincisi, karbohidrogenlərin Rusiyadan yan keçməklə ixracı.

Rusiya qəyyumluğundan qurtulun

“Yeltsin Rusiyası” zərərsiz və biznes üçün kifayət qədər açıq görünürdü. Azərbaycan bundan istifadə edərək kəməri Putin (Vladimir Putin Rusiya Federasiyasının hazırkı prezidentidir – red.) hakimiyyətə gəlməzdən bir qədər əvvəl “qopardı”.

Bir neçə il keçsəydi, Putin heç vaxt Bakıya bunu etməyə icazə verməzdi. O ölkələr ki vaxtında bunu etməyə imkan tapmadı (məsələn, Qazaxıstan), bu gün nəhəng enerji resurslarına baxmayaraq, Rusiyanın girovudur.

Bu aktiv Bakıya bu gün danışıqlar masası arxasında yer qazandırdı. Bəzi məlumatlara görə, Azərbaycan Prezidenti İlham Əliyevin telefonuna aramsız zənglər gəlir – Şarl Mişel (Avropa Şurasının Prezidenti), Mario Dragi (İtaliyanın Baş naziri), NATO-nun Baş katibi (Yens Stoltenberq) və Emmanuel Makron tez-tez zəng edirlər. Zənglərin tezliyi ilə isə ton da dəyişir.

Azərbaycan Ukraynanı dəstəkləyir

Bakı tərəfi kin saxlamır. Avropalılar, xüsusən də Fransa Azərbaycandan keçmiş sovet respublikaları arasında zəif bənd olan Moldovaya kömək etməsini xahiş ediblər. Bakı gələn qış Kişinyova Rusiya qazı olmadan yaşamaq imkanı verəcəyini vəd verib.

Bu, qiymətli karbohidrogenləri cənubdan şimala nəql edə bilmək üçün qaz axınının (hansı ki, bu gün Rusiyadan Bolqarıstana gedir) istiqamətinin dəyişdirilməsini tələb edən çətin bir işdir.

2021-ci ilin yanvar ayından Azərbaycan artıq 19,5 milyard kubmetr qaz (Türkiyə, İtaliya, Yunanıstan və Bolqarıstana) tədarük edib və yaxın aylarda ixracı 7% və ya 8% (1,5 milyon kubmetr) artırmaq niyyətindədir.

Azərbaycan fevralın 26-dan (müharibənin üçüncü günündən) humanitar yardım çatdırmaqla Ukraynaya dəstək verir. Ukraynada 60-a yaxın yanacaqdoldurma məntəqəsinə sahib olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) təcili tibbi yardım və digər fövqəladə yardım maşınlarını pulsuz olaraq yanacaqla təmin edir.

Bakı son onilliklərdə Rusiyanın öz təsir dairəsinin bir hissəsi hesab etdiyi regionda sülh şəraitində yaşamaq üçün siyasi imkan tapa bilib. Azərbaycan Moskvanın vassalına çevrilmədən, yaxud Gürcüstan və Ukrayna kimi onun qəzəbini oyatmadan yoluna davam edir.

Fevralın 24-dən sonra yaranmış yeni geostrateji bloklar arasında Bakının manevr məkanı, təbii ki, məhduddur, lakin Fransa və Avropanın Azərbaycana münasibətinin dəyişməsi üçün kifayətdir.

Qeyd edək ki, Ejen Labiş və Ogüst Lefrankın “Qucaqlaşaq, Folvil!” vodevil komediyası ilk dəfə Parisdə 1850-ci il martın 6-da Dü Pale-Royal Teatrında səhnələşdirilib.

“Qucaqlaşaq, Folvil!” – fikir ayrılıqlarını unudaraq və ya problemləri gizlədərək dostluq, yaxud sevinc nümayişini bildirən ironik ifadəyə çevrilib.

Mənbə: CAUSEUR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir