• Ca. Dek 26th, 2024

Ukraynalı ekspert: “Türkiyə Rusiya ilə Ukrayna arasında mühüm vasitəçi rolunu oynayır”

ByYenigun.news

Yan 14, 2023

“Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun Ukrayna ilə Rusiya arasında humanitar dəhliz açmaqla bağlı son təşəbbüsü Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunun əhəmiyyətini bir daha nümayiş etdirir”.

Bunu “Report”a açıqlamasında “New Geopolitics Research Network” platformasının Asiya-Sakit okean regionu bölməsinin rəhbəri Yuri Poyta “zərər çəkmiş uşaqlara, qadınlara və yaralılara yardım üçün birləşmə dəhlizinin yaradılması” imkanlarını şərh edərkən deyib.

Poytanın sözlərinə görə, rəsmi Ankaranın hazırkı mövqeyi ümumilikdə Kiyev üçün əlverişlidir.

“Rəsmi Ankara Rusiyanın təcavüzünü pisləyən aydın siyasi mövqe nümayiş etdirdi, “taxıl dəhlizi”nin formalaşdırılması ilə bağlı razılığa gələ bildi və Montrö Konvensiyasını rəhbər tutaraq, Rusiya hərbi gəmilərini Qara dənizə buraxmadı”, – deyə o bildirib.

Ekspertin fikrincə, Ukrayna Türkiyənin də Rusiyaya qarşı sanksiyalara qoşulmasını istərdi, lakin rəsmi Ankara ilə Moskva arasında əhəmiyyətli iqtisadi əlaqələri nəzərə alsaq, bunun baş vermə ehtimalı hələlik çox azdır.

“Ərdoğanın yaralıların təxliyəsi və müalicəsi üçün humanitar dəhliz açmaqla bağlı bəyanatı dəstəkləməsi onun bundan sonra da Rusiya-Ukrayna müharibəsinin dayandırılması və Türkiyənin Ukraynaya kömək edə biləcəyi sahələrin genişləndirilməsi üçün vasitəçilik missiyasında mühüm rol oynamağa davam etməyə hazır olduğunu göstərir”, – deyə Poyta bildirib.

Ekspert deyib ki, Ukrayna hərbçilərinin müalicəsi və reabilitasiyası rəsmi Kiyev üçün çox vacib yardımdır, çünki Rusiya tərəfindən mülki infrastrukturun dağıdılması şəraitində Ukrayna xəstəxanalarında müalicə aparılması problemli məsələdir.

“Türkiyə hazırda Rusiya-Ukrayna müharibəsi ilə bağlı neytral mövqe tutan digər dövlətlər üçün nümunə ola bilər”, – deyə Poyta fikrini tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir