Azərbaycanda səfərdə olan Ukraynanın bir qrup media nümayəndəsi Ağdam rayonunda azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi ilə tanış olub.
“Report” xəbər verir ki, Ukraynanın “1+1” və “5-ci kanal” telekanallarının, UNIAN informasiya agentliyinin, “Украина сейчас” və “Третья сила” internet nəşrlərinin əməkdaşlarına Ağdam şəhərində və bütün ərazilərdə ermənilər tərəfindən quraşdırılmış mina tələləri və digər partlayıcı qurğular barədə məlumatlar verilib.
Tamamilə dağıdılmış Ağdam və onun bütün kəndləri Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı azad etdiyi digər rayonlar arasında minadan ən çox çirklənmiş ərazidir.
Ukraynalı jurnalistlər Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) istehkamçılarının işini, istifadə etdikləri xüsusi texnika və texnologiyanı əks etdirən kadrları çəkiblər. Bu materiallar Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üzrə işlərin gedişi ilə bağlı hesabatların əsasını təşkil edəcək.
Jurnalistlər artıq zərərsizləşdirilmiş mina və sursatlarla tanış olublar. Üstəlik, onlara aşkarlanmış minaların partladılaraq necə zərərsizləşdirildiyi göstərilib.
Ukrayna mətbuatının nümayəndələri vaxtilə çiçəklənən şəhərin ermənilərin 30 illik işğalığı dövründə xarabalığa çevrildiyini görüblər, onlar burada hazırda aparılan bərpa işləri ilə də tanış olublar.
Qeyd edək ki, daha əvvəl ukraynalı jurnalistlər Füzuli, Cəbrayıl və Zəngilanda olublar.