Azərbaycan və Ermənistanın sərhəd delimitasiyası üzrə dövlət komissiyalarının noyabrın 30-da keçiriləcək görüş yerinin adı açıqlanıb.
Bu barədə Ermənistan baş nazirinin müavinin ofisi məlumat yayıb. Bildirilib ki, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri (Şahin Mustafayev və Mqer Qriqoryan) sərhəd delimitasiyasını əhatə edən məsələləri Qazaxda müzakirə edəcəklər.
Fikrimizi cəmləyəcəyimiz nöqtə görüşün keçiriləcəyi məkanın Qazax olaraq seçilməsidir. Diqqət etmək lazımdır ki, görüş məhz Azərbaycan torpaqlarında baş tutur.
Delimitasiya komissiyalarının budəfəki müzakirələri əsas olaraq Qazaxın yeddi kəndinin Azərbaycana qaytarılması məsələsinin razılaşdırılması üçün kəşfiyyat xarakteri daşıyır.
Danışıqlar peykinin Qazax orbitinə çıxarılması, yəqin ki, elə Azərbaycanın öz təşəbbüsü və şərtidir.
Bu, Azərbaycanın yeddi kəndi yenidən öz ərazi suverenliyinə daxil etməsi paradiqmasını müəyyən edir və bir növ elə birbaşa “hadisə yeri”ndə yerli şərait öyrənilir.
Lakin bu o demək deyil ki, görüşdə fərqli delimitasiya istiqamətləri – Naxçıvan, Kəlbəcər, Laçın, Daşkəsən, Zəngilan, Qubadlı, Tovuz – müzakirə predmetinə gətirilməyəcəklər.
Düzdür, bir müddətdir davam edən gərginlikdən sonra Azərbaycanla Ermənistanın bir görüşdə yekun nəticə əldə edəcəyi ehtimalı azdır.
Ancaq açıq qalan məsələlərin aydınlaşdırılması, kənar oyunçular olmadan ikitərəfli formatda həll baxımından yaxşı bir örnək rolunu oynayır.
Görüşdən nəticə çıxmaya bilər, amma inandırıcı səslənmir ki, sırf bu müzakirələrdən sonra Bakı alternativ əməliyyatlar taktikasını işə salsın.
Bunun üç izahatı var.
Birincisi, Azərbaycan regiondakı həssaslığı ciddi təhlil edir və özünün provokasiyaya cəlb edilməsi üçün qurulan oyunları yaxşı başa düşür.
İkincisi, delimitasiya komissiyaları texniki məsələləri aydınlaşdırır, indiki mərhələdə, əsasən də, xəritələrin müəyyən edilməsi daha aktualdır.
Üçüncüsü, delimitasiya komissiyaları bir neçə görüşdən sonra yekun qərar çıxarmalı və bu qərarları dövlət rəhbərlik aparatlarına təqdim etməlidirlər.
Bundan sonra isə veriləcək qərarlar iki istiqamət üzrə inkişaf edə bilər:
– Qarşılıqlı razılaşma üçün konstruktiv meyarlar üstünlük təşkil etsə, ilk etapda sülh müqaviləsi üzrə delimitasiya məsələsində razılıq əldə oluna bilər.
– Ermənistan ənənəvi siyasi hiyləgərlik texnologiyasını davam etdirsə və Bakı danışıqların mənasız olduğunu mütləq mənada müşahidə etsə, delimitasiyanı alternativ üsullarla həyata keçirəcək.
Amma bu, yuxarıda qeyd etdiyimiz kimi, bir görüşün nəticəsində veriləcək qərarlar deyil və çoxşaxəli strateji analizlər tələb olunur.
Sərhədlərin müəyyənləşməsində tam funksional həll mexanizmini ərsəyə gətirmək üçün delimitasiya komissiyalarının Qazax raundundan sonra da görüşlərinin davam edəcəyini söyləmək olar.
Aqşin Kərimov