“Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatında (QH) öz liderliyini nümayiş etdirdi, onun daha sıx təşkilata çevrilməsi və parlamentarilərin öz fikirlərini bölüşə biləcəkləri QH Parlament Şəbəkəsinin yaradılması üçün səy göstərdi”.
Bunu “Report”a Uqanda parlamentinin üzvü Aleks Ruhunda bildirib.
“Bu konfransda son dərəcə mühüm qətnamələr qəbul olundu. Bu sənədlər üzv ölkələrin QH çərçivəsində həmrəyliyin möhkəmləndirilməsinə tərəfdar olduqlarını göstərir. Bu, digər tərəfdən, bizim əsrlər boyu dünya siyasətində dominantlıq edən inkişaf etmiş ölkələrdən daha asılı olmayacağımızı göstərir”, – o deyib.
Uqanda parlamentinin üzvü böyük dövlətlərin öz maraqları uğrunda çalışdıqlarını vurğulayaraq əlavə edib ki, hərəkata üzv ölkələr ümumi rifah naminə birlikdə olmalıdırlar.
Parlament üzvü Azərbaycan və Uqanda arasında əməkdaşlıq perspektivlərinə də toxunub.
“Azərbaycan ilə daha sıx ikitərəfli münasibətlər qurmalıyıq. Biz Azərbaycana qəhvə ixrac edirik. İki ölkə arasında ticarət əlaqələri genişləndirilməlidir”, – Aleks Ruhunda deyib.