• Be. Noy 25th, 2024

“Vətən müharibəsindən sonra Azərbaycan diktə, İrəvan icra etməyə məhkumdur” – RƏY + FOTO

ByYenigun.news

İyn 28, 2023


“Vətən müharibəsindən sonra Azərbaycan diktə, İrəvan isə icra etməyə məhkumdur”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin üzvü Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, iyunun 26-da Qarabağda qanunsuz hərbi birləşmələr tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribatın məqsədi Vaşinqton görüşü ərəfəsində sülh müqaviləsi istiqamətində ABŞ-nin dəstəyi ilə aparılan danışıqlara kölgə salmaq, bu formatda yekun sülh imkanlarının mümkün olmaması məzmununda mənfi ab-hava yaratmaqdır:

“Lakin nəzərə alınmayan reallıq var ki, Vətən müharibəsindən sonra yaranan vəziyyətdə Azərbaycan və Ermənistan bərabərhüquqlu beynəlxalq subyektlər deyil, Azərbaycan qalib tərəfdir, Ermənistan məğlub, Azərbaycan diktə, İrəvan isə icra etməyə məhkumdur”.

“Bu gün Azərbaycan Prezidenti beynəlxalq hüquqa əsaslanan 5 şərt irəli sürürsə, bu, Ermənistana verilən tarixi şansdır və İrəvan unutmamalıdır ki, biz qalib kimi davranmaq imkanımızdan imtina etməmişik. Azərbaycan region xalqlarının firavan gələcəyi naminə, milli maraqlarımızı və BMT Nizamnaməsini rəhbər tutmaqla istənilən vaxt məcburetmə-cəza tədbirlərini həyata keçirə bilər. Elə ötən gün olduğu kimi, Azərbaycan əsgərinin yaralanması ilə həyata keçirilən “Qisas” əməliyyatı ilə qanunsuz hərbi birləşmələrin azı 5 üzvü məhv edildi. İrəvan da, separatçılar da, Ermənistanın havadarları da, o cümlədən son təxribatları təşkil edənlər də anlamalıdırlar ki, əsgərimizə Xankəndiyə qədər irəliləmək üçün bir əmr və bir neçə saat kifayətdir. Amma biz məsələnin qansız-qadasız reallaşmasında maraqlıyıq”, – o, qeyd edib.

Deputat bildirib ki, indi separatçıların yeni təxribatlara hazırlaşması ilə bağlı məlumatlar daxil olur:

“Amma hər kəs bilməlidir ki, qanunsuz birləşmələr bizim üçün legitim hədəfdir və onların məhvi Azərbaycanın terrorizmlə, cinayətkarlıqla mübarizədə beynəlxalq hüquqla dəstəklənən suveren hüququ və ayrılmaz özünümüdafiə haqqıdır.

Nə separatçılar, nə Ermənistan kiməsə ümidvar olmalıdırlar. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, heç kim onların əvəzinə gəlib döyüşməyəcək, heç kim onları Azərbaycanın cəza tədbirindən xilas edə bilməz”.

“Erməni xalqı anlamalıdır ki, Qarabağdakı terrorçu rejimlə iç-içə yaşayan Rusiya sülhməramlılarının komandanlığı və erməni lobbisinin əsirinə çevrilən korrupsioner Qərb siyasi dairələri üçün yalnız öz maraqları var, son nəticədə zərər çəkən elə ermənilər özləri olacaqlar. Azərbaycan dövlətinin bu gün aydın xarici siyasət kursu mövcuddur, bir an öncə yekun sülhə nail olub bölgədə sülh və əməkdaşlıq platforması formalaşdırmaq. Bakı müharibə başa çatdıqdan dərhal sonra bu istiqamətdə ciddi səylər göstərir, lakin Azərbaycan dövləti bu səylərinə sadiq olsa da, daha uzun illər prosesə güc, zaman və enerji sərf etmək niyyətində deyil.

Biz müharibəyə qədər 27 il, müharibədəki qələbəmizdən sonra isə artıq 3 ilə yaxındır ki, səbirlə dialoq mühitinə sədaqətimizi qoruyuruq. Lakin İrəvan istər 2020-ci ilə qədər, istərsə də sonrakı dövrdə dəfələrlə göstərib ki, Ermənistan dialoqa sadəcə vaxt uzatmaq, yeni işğalçı məqsədlər üçün güc toplamaq üçün vasitə kimi baxır”, – deputat xatırladıb.

B. Məhərrəmov vurğulayıb ki, dialoqun gedişində artıq prosesdən yayınmaq mümkün olmayanda, Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən başqa əlac qalmayanda Ermənistan şərti sərhəd boyu gərginliyə, habelə separatçıların əli ilə sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə də hərbi təxribatlara əl atır:

“O cümlədən də Vaşinqton təmasları müddətində. Bu yanaşma çox təhlükəli tendensiyadır, lakin Azərbaycandan çox Ermənistanın özü üçün təhdid əxz edir. Biz sülh arzu edirik, amma onlar istərmirlərsə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, o zaman sülh olmayacaq. Sonrası nə olacaq, İrəvan bunu düşünməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir