• C. Noy 29th, 2024

Vardanyanın puluna göz dikən kollektiv Qərb: ABŞ özünün siyasi əqidəsinə xəyanət edir – ŞƏRH + FOTO

ByYenigun.news

Apr 25, 2024




Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan yenidən gündəmə gəlib. Bir sıra cinayətlərdə ittiham olunan R.Vardanyan 2023-cü ilin sentyabr ayından bəri həbsdədir.

Buna baxmayaraq, ABŞ hələ də onu siyasi səhnədən çıxarmamağa çalışır. Maraqlıdır ki, açıq qərbyönümlü siyasət yeridən Nikol Paşinyanı devirmək üçün siyasi meydana çıxarılan Ruben Vardanyan elə kollektiv Qərbin rəhbəri sayılan ABŞ tərəfindən təbliğ edilir.

Belə ki, son zamanlar qondarma rejimin “dövlət naziri” ilə bağlı kampaniya başlayıb. Bu işdə dünyanın məşhur PR şirkətləri də iştirak edir. Təbliğat R.Vardanyanı bir növ qəhrəmanlaşdırmağa hesablanıb.

Sual yaranır: dünyanın PR kampaniyaları, konkret olaraq “Edelman” şirkəti niyə R.Vardanyan kimi birinin təbliğatı ilə məşğuldur? Nə üçün Qərb bütün imkanları ilə keçmiş “naziri” unutdurmamağa çalışır?

Səbəb aydındır: R.Vardanyanın pulu. Belə ki, o, milyarderdir. R.Vardanyanın çirkli pulların yuyulmasında iştirakına dair kifayət qədər fakt var. Xatırladaq ki, hələ 2019-cu ildə yayılmış “The Troika Landromat” hesabatında R.Vardanyanın Rusiyanın ən böyük investisiya bankı olmuş, sahiblik etdiyi “Troika Dialoq” və heç nədən xəbəri olmayan erməni fəhlələrin adlarına yaratdığı nəhəng ofşor şirkətlər vasitəsi ilə milyardlarla məbləğdə çirkli pulların yuyulmasına, qeyd edilən qanunsuz əməliyyatlardan nəhəng gəlirlər əldə etməsinə dair üzə çıxan çoxsaylı faktlar təqdim edilir.

Yəni R.Vardanyanın kifayət qədər maliyyə imkanı var. Bu isə o deməkdir ki, o, pula həris olan istənilən gücə öz xidmətlərini təklif edə bilər. ABŞ-nin ayrı-ayrı siyasətçilərinin rüşvət müqabilində addımlar atması barəsində də çoxsaylı məlumatlar var.

Nümunə kimi qatı ermənipərəst senator Bob Menendesin rüşvət qalmaqalını göstərmək olar. Bu tip konqresmen və senatorların fəaliyyəti nəticəsində Vaşinqton çox zaman məhz Azərbaycan həqiqətlərini görməzdən gəlib. Bu nöqteyi-nəzərdən yuxarıda qeyd etdiyimiz versiyanın, yəni Qərbin məhz pul amilinə görə R.Vardanyanı ön plana çıxarmaları tamamilə mümkündür.

Maraqlıdır ki, R.Vardanyan bu yaxınlarda Nobel Sülh Mükafatına namizəd kimi göstərildi. Ardınca onun guya aclıq aksiyası keçirməsinə dair məlumat yayıldı. Ailə üzvləri müxtəlif beynəlxalq media qurumlarına müsahibələr verdilər. Bütün bunlar açıq şəkildə PR kampaniyasının tərkib hissəsidir. Təbliğatın sistemli və ardıcıl şəkildə aparılması onu deməyə əsas verir ki, ortada konkret maraqlar var.

Azərbaycanda separatizmi dəstəkləyən, rəsmi Bakıya qarşı hədə-qorxu ilə çıxış edən biri ABŞ-nin nəyinə lazımdır? Əslində, söhbət heç də R.Vardanyanın personasında deyil. Çünki o, uğursuz siyasətçidir. Bunu Qərb dairələrinin özündə də başa düşürlər. Sadəcə olaraq, dediyimiz məqama – pul faktoruna görə ABŞ bu qədər “canfəşanlıq edir”.

İş orasındadır ki, R.Vardanyan təkcə Azərbaycanda deyil, Ukraynada da separatizmə dəstək verib. ABŞ isə Ukraynanı dəstəkləyir (red: ən azından sözdə). Belə olan halda ABŞ-nin Ukraynadakı separatizmi dəstəkləyən birini müdafiə etməsi və onun təbliğatı ilə məşğul olması nə qədər məntiqlidir? Bu, Vaşinqtonun ikili standartlarının, riyakarlığının ən bariz nümunələrindəndir.

Yəni ABŞ-nin addımları kifayət qədər ziddiyyətlidir. ABŞ Cənubi Qafqaz və Şərqi Avropadakı maraqlarına uyğun gəlməyən addımlar atır. Bununla isə özünü ifşa edir.

Necə deyərlər, ayının min oyunu bir armudun başındadır. ABŞ pul üçün bütün riyakarlıqlara əl atır. Bu, həm də siyasi əqidəsizlikdir.

Əlbəttə, bu addımlar nəticə verməyəcək. ABŞ-nin səyləri nəticəsiz qalacaq. Sadəcə olaraq, rəsmi İrəvan və rəsmi Kiyev, nəhayət, başa düşməlidirlər ki, pula satılan Vaşinqtondan onlara xeyir gəlməz.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir