Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında görüş Vaşinqtonda aprelin 30-da keçiriləcək.
Nəzərə almaq lazımdır ki, növbəti danışıqlar masası Laçın yolunda Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurmasından sonraya təsadüf edir.
Diplomatların danışıqlarının növbəti raundu bir bəyanat və bir informasiya fonunda maraq doğurur.
Bəyanat: Ceyhun Bayramovun fransalı həmkarı Ketrin Kolonna ilə görüşdən sonra ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki roluna xüsusi minnətdarlıq hissi ilə başa düşülən mövqeyi diqqət çəkdi.
İnformasiya: Ermənistanın “Hraparak” nəşri ABŞ-nin sülh müqaviləsi üçün Ermənistana təzyiq etdiyi barədə məlumat yayımladı.
Bu iki məqamı ip üzərinə gətirəndə hiss etmək olur ki, ABŞ Azərbaycanın tələb və şərtlərini ön planda tutan mövqe göstərir.
Diqqət edilməlidir ki, ABŞ-nin regionla bağlı prioritetlərində Azərbaycanın çəkisi artır. Xəzər dənizindəki təhlükəsizlik mühitindən tutmuş enerji damarlarının şaxələnməsinə qədər məsələlər ABŞ-nin geostrateji portfelində Azərbaycanı xüsusi əhəmiyyətli məqama yerləşdirir.
Ancaq ABŞ-nin regionla əlaqədar siyasətində erməni amili ilə bağlı mövqelər köklü dəyişikliyə məruz qalmayıb, görünür ki, Bakı Vaşinqtona bunun perspektiv ziyanları barədə mövqeyini çatdırır.
Hər halda, ABŞ ilə Azərbaycan qarşılıqlı ehtiyaclar və təhlükəsizlik sferasının İran, Rusiya ilə bağlı kontekstlərində bir-birilə faydalı əməkdaşlıq quraraq onu irəliyə daşımaq niyyətindədirlər.
Lakin ABŞ-nin regiondakı birbaşa iştirak şəkli natamamdır və Rusiyanın bölgə üzrə siyasi vizyonuna qalib gəlməkdə çətinlik çəkir.
Azərbaycan bu baxımdan təhlükəsizliyin bir neçə mühüm aspektini Moskva ilə uzlaşdırır. Ancaq regiondakı digər istiqamətlər üzrə ABŞ ilə uzlaşdırma nisbəti üstündür, xüsusilə də İran məsələsində.
Bu baxımdan, ABŞ-nin Azərbaycan və Ermənistan arasındakı tənzimləyici rolu eyni zamanda İran kontekstinə söykənir, Vaşinqtonun İrəvana təzyiqləri barədə məlumatlar həmin məqamı göstərən aynadır.
Çünki İrəvan, zənnimizcə, Tehranla münasibətlərdə ABŞ-nin təyin etdiyi “qırmızı xət”ləri tapdalayıb və bu, Ağ Evi qəzəbləndirir. Ağ Ev həmin səbəbi də əlavə edərək Azərbaycanın maraqlarını yuxarı rəfdə tuta bilər.
Bayramov-Mirzoyan müzakirələrinin sırf Azərbaycan-Ermənistan münasibətlərindəki prinsiplərinə gəlincə, bunun sülh müqaviləsi üçün irəliyə doğru proqress kimi şərh etmək olar.
Vaşinqton görüşü sülh müqaviləsi üzrə konseptual layihələrin Moskva ilə mübadiləsini həyata keçirmək baxımından əhəmiyyətlidir.
Amma nəticə barədə danışmaq tezdir, çünki tərəflərin Vaşinqtondan sonra Moskvaya yollanması gözlənilir və Kreml ABŞ mərkəzli danışıqlardan nə qədər məmnun qalıb-qalmadığını göstərəcək.
Aqşin Kərimov