ABŞ-ın respublikaçı senatoru Marko Rubion yeni qanun layihəsi təqdim edib. Layihədə Rusiyadan Çinə neft və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerləri sığortalayan və ya qeydiyyatdan keçirən hər hansı hüquqi şəxsə qarşı sanksiyaların tətbiq olunacağı əks etdirilib. Çünki senator Çinin Rusiya neftini almaqla Ukraynadakı xüsusi əməliyyatı dəstəklədiyi düşüncəsindədir. O hesab edir ki, bu cür cəhdlərlə Rusiyaya kömək edən təşkilatlar, o cümlədən Çinin dövlət şirkətləri ciddi nəticələrlə üzləşməlidir.
Mövzu barədə Oxu.Az-a danışan ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, iqtisadçı Riçard Kozlariç bildirib ki, bu layihənin qanuna çevrilməsi üçün hələ keçməli olduğu mərhələlər var:
“Bu, yenicə təqdim edilmiş qanun layihəsidir. O, rəsmi şəkildə qanuna çevrilməmişdən əvvəl ABŞ qanunvericiliyində bir neçə mərhələdən keçməlidir.
Hamı razılaşar ki, Rusiyanın neft, qaz və kömür satışlarından əldə etdiyi gəlirləri Ukraynadakı ədalətsiz müharibəsini və törətdiyi soyqırımını maliyyələşdirməyə istifadə etməsini əngəlləmək üçün daha çox iş görülməlidir. Bayden administrasiyası Rusiya qurumlarına qarşı sanksiyaları davam etdirir, eyni yolu izləmələri üçün müttəfiqlər arasında əməkdaşlığı gücləndirir. Həmçinin neftin qlobal bazarlara axmasına imkan verən, lakin Putinin müharibəsi üçün gəlirləri azaldan Rusiya neftinə qiymət məhdudiyyəti tətbiq edir.
Çin isə mövcud sanksiyaların onun firmalarına tətbiq ediləcəyi təqdirdə ABŞ ilə ticarətin perspektivlərini hesablayır. Həmçinin belə bir vəziyyətdə Rusiya ilə iş görməyin hesab-kitabını da aparır. Çünki yekun olaraq Çin öz iqtisadi maraqlarına əməl edəcək”.
Həmsöhbətimiz ABŞ-ın 2022-ci ildə LNG (mayeləşdirilmiş təbii qaz) ixracatında qlobal lider olduğunu diqqətə çatdırıb:
“Enerji İnformasiya Administrasiyası xalis neft ixracının 2023-cü ildə rekord səviyyələrə yüksələcəyini gözləyir. Qlobal miqyasda ABŞ nefti və qazı bazara nə qədər çox daxil olarsa, Çin kimi ölkələrin Rusiyadan gəlməyən neft və qazı tapmaq imkanları bir o qədər çoxalar. Rusiyadan başqa da enerjinin tələb və təklifinə təsir edən amillər (COVID-19 kimi) olmasına baxmayaraq, qiymətlərin azalacağı qənaətindəyəm”.
ABŞ Dövlət Departamentinin sabiq rəsmisi, politoloq Pol Qobl isə düşünür ki, ABŞ daha ucuz qiymətə neft təklif etməklə Çinin alışlarını dəyişməsinə səbəb olacaq tənzimləmələr həyata keçirə bilər:
“Mən ümumiyyətlə neftdə qiymət artımını görmürəm. ABŞ Çini inandırmaq istəyir ki, Qərbdən neft almaq Rusiyadan neft almaqdan daha yaxşıdır. ABŞ qiymətləri Rusiyanın Çinə satışlarda təyin etdiyindən daha da aşağı sala bilər. Bundan sonra Çin neft bazarında ABŞ-a və çoxlu tankerləri olduğu üçün Yaxın Şərqə yönələ bilər”.
Sayad Həsənli