Rusiyadan qurtulmaq, heç olmasa, bu təsiri minimuma endirmək Ermənistan hökumətinin əsas prioritetlərindən birinə çevrilib. Son vaxtlar hakimiyyət bu istiqamətdə aktiv fəaliyyət aparır. Ermənistan rəsmiləri bir-birinin ardınca Qərb ölkələrinə səfərlər edir, Kremlin təsirini azaltmaq yollarını arayırlar.
Erməni mətbuatı yazır ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Brüsseldə Qərb məmurları və NATO nümayəndələri ilə görüşlərində bu və digər məsələlər diqqət mərkəzində olub. Görüşlərin təfərrüatına əsasən, Qriqoryan açıq şəkildə bəyan edib ki, ölkəsinin prioriteti Rusiyadan asılılığı minimuma endirməkdir.
Ermənistanın baş naziri Nikol Paşinyana xüsusi yaxınlığı ilə seçilən bu şəxs baş nazirin mesajlarını Qərbdəki tərəfdaşlarına çatdırıb. TŞ rəhbərinin əsas mesajı bundan ibarət olub ki, rəsmi İrəvan NATO ölkələri ilə yaxınlaşmaq xətti götürüb və ilk “uğuru” da var. Fransa parlamentinin spikeri Jerar Larşe rəsmi Paris qarşısında Ermənistanın təhlükəsizliyinin təmin olunması üçün ona müdafiə silahlarının verilməsi prosesini sürətləndirməsi tələbini qoyub.
Özü də Ermənistan Moskvadan tək müdafiə sahəsində “uzaqlaşmaq” fikrində deyil. Ermənistan Təhlükəsizlik Şurasının katibi açıq ifadə etməsə də, söhbətin Metsamor AES-dən getdiyi bildirilir. Bu stansiyanın məhz Rusiya ilə əməkdaşlıq səbəbindən fəaliyyətini davam etdirdiyi faktdır. Lakin indi bəlli olur ki, Ermənistan hakimiyyəti stansiyanı Qərbdəki ağaları ilə dostluq naminə “qurban verməyə” hazırlaşır. Beləliklə də, ermənilər atom energetikası sahəsində Rusiya ilə tərəfdaşlığı Birləşmiş Ştatlarla əvəzləməyi planlaşdırırlar.
Çox güman ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanın ABŞ Silahlı Qüvvələrin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini Kristofer Qredi və Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Çarlz Braun ilə görüşündə də Rusiya məsələsi diqqət mərkəzində olub. Erməni mediası sadəcə yazıb ki, danışıqlarda əməkdaşlıq məsələləri müzakirə edilib. Ermənistan-Amerika müdafiə tərəfdaşlığının hazırkı mərhələsi ilə bağlı da bir sıra məsələlər müzakirə edilib. E.Asryan Vaşinqtonda ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli ilə də qısa söhbət edib.
Ermənistanla Rusiya münasibətlərinin gərginləşəcəyini sürətləndirən digər bir məqam İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək niyyətidir. Erməni mediasında yer alan xəbərlərdə xüsusi vurğulanır ki, bu sənəd artıq qəbul olunub və yenidən baxılması mümkün deyil. Halbuki Moskva İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab etdiyini dəfələrlə bəyan edib.
İrəvanın Moskvanın asılılığından azad olmasında, sözsüz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) məsələsi də var. Ermənistan hakimiyyəti dəfələrlə ən yüksək səviyyədə təşkilatdan çıxmaq məsələsini qabardıb və bu qurumda üzvlüyü mənasız sayıb. Elə A.Qriqoryanın da Qərbdəki təmaslarında Ermənistanın bu təşkilatdan çıxmasına toxunub. A.Qriqoryan Ermənistanın Qərbdəki tərəfdaşlarını indiki mərhələdə bu dönüşü lazımi səviyyədə qiymətləndirməməkdə qınayıb. Rusiya qoşunlarının Ermənistan ərazisindən çıxarılması mümkünsüz görünsə də, Ermənistan hakimiyyət orqanları məqsədyönlü şəkildə buna doğru gedirlər. Məsələn, İrəvan artıq Hindistandan 250 milyon dollarlıq silah sifariş etməsi bu qənaəti möhkəmləndirir. Ermənistan üçün əsas prioritetlərdən biri Rusiya silahından imtina etməkdir. 44 günlük İkinci Qarabağ müharibəsində bu silahların necə yarıtmaz olduğunu ermənilər çox yaxşı xatırlayırlar.
Ermənistanın Rusiyanın forpostluğundan qurtulmasının digər məqamı ərazi məsələsidir. Söhbət Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli razılaşmadan gedir. Həmin razılaşmada Naxçıvana dəhlizin verilməsindən bəhs edilir. Ermənilər iddia edirlər ki, Rusiya ilə imzalanan üçtərəfli razılaşmaya uyğun olaraq bu dəhliz Rusiya sərhədçilərinin nəzarəti altında olacaq. Bu isə Ermənistanı qane etmir. Hesab edir ki, bununla da Ermənistanın Rusiyadan asılılığı daha da artmış olacaq.
Beləliklə, bu qənaətə gəlmək olar ki, Rusiyadan qurtulmaq Ermənistanın prioritetinə çevrilir və gec-tez bu arzusunu reallaşdırmağa çalışacaq. Nikol Paşinyan özü bu barədə konkret nəsə söyləməsə də, hökumət üzvlərinə, nəzarətində olan media və digər resurslara bu istiqamətdə aktiv fəaliyyət göstərməyi tapşıracaq.
“Report” İnformasiya Agentliyi