• Bz. Noy 24th, 2024

Vaxtanq Maisaya: “Ermənistan dörd kəndi Azərbaycana qaytaracaq” – MÜSAHİBƏ

ByYenigun.news

Mar 26, 2024

Nikol Paşinyanın Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyasının praktiki mərhələsinin başlanması və ermənilər tərəfindən işğal olunmuş dörd kəndin Azərbaycan tərəfinə qaytarılması ilə bağlı son bəyanatı İrəvanda kəskin etirazlara səbəb olub.

Rəsmi İrəvanda bu yaşayış məntəqələrinin Ermənistan SSR ilə heç bir əlaqəsinin olmadığını bilsələr də, erməni ruhanilər, radikal siyasətçilər, yaraqlı dəstələr, o cümlədən keçmiş müdafiə naziri Seyran Ohanyan irəli gedərək Ermənistanda hakimiyyət çevrilişi və Azərbaycana qarşı müharibə çağırışları etməyə başladılar.

Yuxarıda adını qeyd etdiyimiz Seyran Ohanyan xalq üsyanının qanuni olduğunu bəyan etdi. Daha sonra “Döyüş qardaşlığı” adlanan terrorçu təşkilatın üzvləri Ermənistanın Azərbaycana qaytarmalı olduğu kəndlərin ərazisinə daxil olmağa cəhd göstərdi. Lakin onlar Ermənistan hökuməti tərəfindən saxlanılaraq tərk-silah edildilər. Bu hadisə isə erməni millətçilərinin İrəvan polis idarələrindən birinə silahlı hücumuna səbəb oldu.

Xatırladaq ki, söhbət Azərbaycanın eksklav kəndlərindən getmir. Bəs onların statusunun müzakirəsi başlayanda Ermənistanda vəziyyət necə olacaq? Belə bir şəraitdə Nikol Paşinyan ilkin mərhələdə Ermənistanın işğal etdiyi dörd qeyri-eksklav Azərbaycan ərazisini sülh yolu ilə qaytara biləcəkmi?

Oxu.Az-ın bu sualını cavablandıran Gürcüstanın milli təhlükəsizlik məsələləri üzrə mütəxəssisi, siyasi elmlər doktoru, professor Vaxtanq Maisaya qeyd edib ki, Ermənistan bu dörd kəndi sülh yolu ilə Azərbaycana qaytaracaq:

– Bəli, Ermənistanda müəyyən müqavimət olacaq, amma hesab edirəm ki, bu halda Nikol Paşinyan radikalları cilovlaya biləcək və onlar tələblərə boyun əymək məcburiyyətində qalacaqlar.

– Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası fonunda Ermənistanda dövlət çevrilişi və iğtişaşların olması mümkündürmü?

– Ən yaxın gələcək üçün Ermənistanda çevriliş cəhdləri və ciddi iğtişaşları gözləmək olmaz. Ancaq yaxın perspektivdə – iki ay sonra – hadisələrin belə bir inkişafını istisna etmək də olmaz. Rusiyayönümlü erməni siyasi qüvvələrinin bəzi özəl hərbi şirkət və ya strukturların dəstəyi ilə hərbi çevrilişə cəhd etməsi mümkündür.

– Bəs sizin iki ay sonra Ermənistanda dövlət çevrilişinə cəhdə dair ehtimalınız nə ilə bağlıdır? Səbəb delimitasiyanın sonrakı mərhələsində Azərbaycanın eksklav kəndlərinin müzakirəsi məsələsi ola bilər? Yoxsa söhbət başqa məqamlardan gedir?

– Hesab edirəm ki, bu, Rusiyanın Ermənistanın işlərinə daha ciddi yanaşması ilə bağlı olacaq. Kreml Nikol Paşinyanın artan avropapərəst, fransapərəst siyasəti fonunda ona qarşı sərt siyasi xətt yürütməyə başlaya bilər.

– Güman etmək olarmı ki, çox şey aprelin 5-də Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın Qərblə Ermənistan arasında əməkdaşlıq yollarının müzakirəsinə dair görüşünün nəticələrindən asılı olsun?

– Bəli, əsasən, belədir. Çox şey aprelin 5-dən sonra həll olunacaq.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir