Kubra Məhərrəmova yazır…
Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür.
Qısa məlumat verim ki, 1918-ci il 30 martdan – 3 aprelə kimi Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Bu kimi qırğınlar dəfələrlə baş verib, hər dəfə də üstünə daş qoyulub ki, unudulsun.
Sonra eyni hadisə Xocalıda baş verdi. Yenə Rusiyanın 366-cı motoatıcı alayı və erməni silahlı dəstələri dinc əhaliyə qarşı soyqırımı törətdi.
Çox ümid edirəm ki, heç olmasa Xocalını unutmarıq. Niyə ümid edirəm?
Çünki küçəyə çıxıb on nəfərdən sorğu alsaq çoxu bilməyəcək. Baxmayaraq ki, internetdə xeyli məlumat var. Təəssüf ki, bizim xalq üçün “TikTok”dakı “rəqqasələr” daha maraqlı olduğu üçün, çox yox, 30 il əvvəl baş verən faciə maraqlı deyil. O ki, qala 1918-ci ildə baş verən soyqırımı.
Əslində çox az bir zümrə var ki, onlar əsl mübarizdirlər. Məhz onlar Azərbaycan uğrunda gedən döyüşlərdə arxasınca minlərlə adam apara bildilər. Boyun əyməmək, qürurlu olmaq, sona qədər döyüşmək bu insanların xislətidir.
Təəssüf ki, yaşlı nəsil Sovetin qorxusundan “ay bala, səsini çıxartma” deyərək, özündən sonra gələn nəsli gözüqıpıq böyütdü. Özünü də, övladını da qorxu içində yaşatdı.
“Yuxarıdan” əmr alıb, gününü yola verdi. Bu gün o nəsil, o adamlar üçün ağlasığmaz hadisələr yaşanır. Onların “idealları” kül olub, küləyə gedir.
Sovetin qorxusu iliyinə kimi işləyən adam üçün Rusiyanın deputatına cavab qaytarmaq və ya həddini bildirmək mümkünsüz məsələdir. Ona görə də baş verənlər onlarda şok və qorxu yaradır. İt qorxusu. Onsuz da o “ağsaqqallar” tarixin lazımsız səhifəsinə gömüləcək.
Bu gün həmin insanlara demək istərdim ki, qorxmayın, siz qalib ölkənin vətəndaşısınız. Bunu anlayın. Heç kimin də haqqı yoxdur ki, Azərbaycanı təhdid etsin. Canlı efirdə desin ki, Bakının neft sənayesi taktiki nüvə silahı ilə vurulacaq. Qəribədir ki, bunu Peskov, Zaxaraova anlayır, amma bizim “ağsaqqallar” anlamır. Peskov da, Zaxarova da, bir başqaları da anlayır ki, Azərbaycanla təhdid dilində danışmaq, ona hədə-qorxu gəlmək olmaz. Ona görə də rəsmi qaydada açıqlamalar və günün sonunda üzr videosu gəldi.
Delyagin də kəsilə-kəsilə guya üzr istədi. Bu Delyagin üçün alçaldıcı idimi? Bəli. Çünki “velikaya derjava” fikri ilə sayıqlayan adam üçün Azərbaycandan hipotetik olsa belə üzr istəmək faciədir. Şəxsi faciədir. Faciədən savayı həm də cinayət işidir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Delyaginə qarşı cinayət işi açaraq onu İnterpolun axtarışına verib. Delyaginin hünəri varsa, Rusiyanı tərk etsin. Bir də görəcək ki, Bayıldadır. Bakının küləyi onu qarşılayır.
Bu o deməkdir ki, rəsmi Bakı hər kəsə yerini və həddini göstərir və göstərəcək. Heç kəs Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı çıxa bilməz.
Bunu bir özümüzünkülər də anlasa yaxşı olar.
Anlasınlar ki, bu gün yeni reallıq var. Bu kiminsə xoşuna gəlsə də, gəlməsə də belədir. Azərbaycan balaca ölkə olsa da, beynəlxalq siyasətdə heç də balaca deyil.
Elə dünən baş verən hadisəni diqqətinizə çatdırım.
30 mart Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə üzrə dövlət katibinin müavini – Silahlı Qüvvələr üzrə Dövlət naziri Ceyms Heppi Azərbaycana səfər edib və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb. Daha sonra isə Şəhidlər Xiyabanını ziyarət edib.
Böyük Britaniyanın ölkəmizdə olan səfiri James Sharp isə öz “Twitter” səhifəsində foto paylaşaraq yazıb: “Silahlı Qüvvələr Naziri Ceyms Heppi bu gün Şəhidlər Xiyabanını ziyarət edib və Kremlin göstərişləri nəticəsində həlak olanların xatirəsini ehtiramla yad etdi. O şəhidlər Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda ediblər”.
Maraqlı paylaşımdır, deyilmi?
Bu, Azərbaycanın xarici siyasətinin, diplomatiyasının qələbəsidir, deyilmi?
Bu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Bu, həmçinin 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününü, Xocalının dünyaya tanıtdırılmasıdır.
Xalq olaraq dostumuza sadiq, düşmənimizə qarşı amansız olmalıyıq!
Hər birimiz, bir nəfər kimi.