• Ca. Noy 28th, 2024

“Verbovka” olunmuş din xadimi: Orxan Məmmədovun erməni ağası…

ByYenigun.news

Apr 26, 2024




“Hüseyniyyun” ekstremist təşkilatının anti-Azərbaycan təbliğatının pərdəarxası məqamları hər kəsə bəlli olsa da, bir sıra faktlar bu şəbəkənin mahiyyətinə nəzər salmaqda daha geniş baxış bucağına sahib olmağımıza yardım edə bilər. Bu ekstremist təşkilatın mahiyyəti Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq, insanların dini inanclarını istismar etmək, dindən məkirli planlarını pərdələmək üçün istifadə etmək, suveren və dünyəvi Azərbaycan dövlətinin inkişafına əngəl törətməkdən ibarətdir. Təbii ki, sadalanan faktların hər birinin Azərbaycana düşmən mövqenin təzahürü olduğunu görmək elə də böyük məharət tələb etmir. Yəni ekstremist “Hüseyniyyun” təpədən-dırnağa qədər ölkəmizə düşmənçilik üzərində qurulub və heç bir ədalətli mövqe, dini təəssübkeşliklə yaxından uzaqdan əlaqəsi yoxdur…

Azərbaycana qarşı düşmənçilikdən bəhs edərkən burada erməni amilini unutmaq mümkün deyil. Hər nə qədər “Hüseyniyyun” bu amili kadr arxasında saxlamağa çalışsa da, həqiqətin ortaya çıxmaq kimi özəlliyə sahib olması ekstremist təşkilatın daha bir iyrənc üzünü ifşa etməyə yardım edib.

Gəlin ekstremist qruplaşma və üzvlərinin, rəhbərlərinin ermənilərlə olan əlaqələrinə nəzər salaq.

“Hüseyniyyun” rəhbərlərindən olan Orxan Məmmədov vaxtaşırı cənub qonşumuzun torpaqlarından dilini Azərbaycan dövlətinə və xalqına qarşı uzatmağa özündə cəsarət tapır. Təbii ki, hər bir riyakarın daşıdığı xüsusiyyət olan gizlində şirə dönmək xüsusiyyəti bu “din təəssübkeşi”nə də aiddir. Azərbaycan dövlətinə dil uzadan, xalqını təhqir edəcək qədər əqidəsiz, ləyaqətsiz, riyakar düşüncələri kəllə sümüyünün daxilində gəzdirdiyi mənşəyi bilinməyən məhlulda istehsal edən bu şəxs dini öz xain əməllərinə alət etməyə çalışır, sadə insanların inanclarından bədnam planlarında istifadə edir.

Orxan Məmmədov adlı şəxs öz ölkəsinə xəyanət üzərində qurduğu həyatını İranda davam etdirir. Təbii ki, sözügedən şəxsin hazırda olduğu ünvan planların dini hislərin istismarı hissəsini ətraflı izah edir, qalır məsələnin növbəti və daha ağır xəyanət sayılacaq hissəsi…

17 avqust 2022-ci il, “Tehran müasir beynəlxalq araşdırma və tədqiqat müəssisəsi” tərəfindən təşkilatın ofisində Azərbaycan və İsrail dövləti arasında əlaqələrə həsr olunan “toplantı” keçirilir.

Təbii ki, ənənəvi məzmunda Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirilir, Azərbaycan-İsrail münasibətləri “Hüseyniyyun”un xain planlarına uyğun gələcək şəkildə şərh edilir, dövlətimizə və xalqımıza qarşı çirkin kampaniya davam etdirilir. “Toplantı”nın “məruzəçi”lərindən biri də, təbii ki, Orxan Məmmədov olur.

Lakin elə bu məqamda kameralara tuş gələn bir an Orxan Məmmədov və təmsil etdiyi ekstremist təşkilatının mahiyyətini anlamağa bizə yol göstərir.

“Hüseyniyyun” rəhbəri, Azərbaycana qarşı yönəlmiş saxtakar, xain çıxışlar, ermənipərəst, paniranist, “siyasi şərhçi” Ehsan Movəhhedyan kimi “qonaq”… Bir sözlə ölkəmizə qarşı hər cür iftira və riyakarlığa imza atmaq üçün münbit şərait…

Təbii ki, belə münbit şərait varsa, burada ənənəvi olaraq peyda olan bakteriyaları – erməni amilini yaddan çıxarmaq olmaz.

Məhz bu məqamda kameralara tuş gələn Qriqor Qazaryan adlı erməni diqqəti cəlb edir. Öz xislətinə uyğun olaraq bir küncə sıxılıb Orxan Məmmədov və Movəhhedyanın “çıxışları”ndan qeydlər götürən bu Tehran ermənisi ümumi planda İrandakı Ermənistan səfirliyinin tərcüməçisi kimi gözə dəyir. Ancaq bu, sadəcə Qazaryanın qaranlıq kimliyinin gün üzünə çıxan hissəsidir. Əslində Qriqor Qazaryan “Daşnaksütyun” üzvüdür və bu terror şəbəkəsinin İranda “verbovka” əməliyyatlarında iştirak edən təmsilçilərindən biridir.

Məlumata görə, bu şəxs “toplantı” başa çatdıqdan sonra Orxan Məmmədovla təkbətək görüş də keçirir.

Göründüyü kimi Orxan Məmmədov ekstremist təşkilata təkcə dini zəmində deyil, həmçinin erməni sifarişi əsasında da “rəhbərlik edir”, erməni kəşfiyyatı, terrorçuları, “Daşnaksütyun” tərəfindən “verbovka” olunmuş xaindir.

“Toplantı”nın ümumi mənzərəsinə bir daha nəzər salaq. “Hüseyniyyun lideri” Orxan Məmmədov, erməni casus-tərcüməçi Qriqor Qazaryan və ermənipərəst, paniranist Ehsan Movehhedyan.

Birincidən fərqli olaraq digər iki ünsür qarşılıqlı səfərlərlə yadda qalırlar. Xüsusən Ehsan Movəhhedyan tez-tez Ermənistana səfər edir, Türkiyə və Azərbaycana qarşı kampaniya aparır, Qafqazda Ermənistana dəstək verilməsinin vacibliyini vurğulayır, İsrail və Azərbaycana qarşı Ermənistan, Rusiya, İran və Hindistanı koalisiyaya səsləyir, Türkiyənin Qafqazla əlaqəsinin birdəfəlik kəsilməsi istiqamətində təbliğat aparır. Ehsan Movəhhedyan hətta bir vaxtlar hazırda Bakıda həbsxanada olan separatçı Ruben Vardanyandan “İran Qafqazda sülh üçün daha fəal siyasət yürütməlidir” başlıqlı müsahibəsi ilə də yadda qalıb.

Qriqor Qazaryanın isə erməni təbliğat maşınının əlaltısı olduğu, erməni kəşfiyyatının “verbovka” missiyası icra etdiyi şübhə doğurmur.

Bütün bu faktların işığında “Hüseyniyyun”un mahiyyəti daha aydın şəkildə görünür. Ekstremist qruplaşma Azərbaycana düşmən olan qüvvələrin layihəsi, xəyanət şəbəkəsinin bir qanadıdır. Orxan Məmmədov heç bir halda din xadimi və ya təəssübkeşi deyil, xarici xüsusi xidmət orqanlarının əlində oyuncağa çevrilmiş bir zavallıdır.

İnsanların dini inanclarını istismar etməyə çalışan, bu yolla Azərbaycana xəyanət edən, E.Movəhhedyan və erməni ağası Qriqor Qazaryan kimi riyakarlarla çiyin-çiyinə dayanan Orxan Məmmədovun əsl siması ifşa olunub, din xadimi pərdəsi üzərindən götürülüb, əsl mahiyyəti gün üzünə çıxıb. “Hüseyniyyun” və “rəhbəri”nin “verbovka” olunmuş kimliyi bu xəyanət şəbəkəsinin nə dərəcədə cılız olduğunu bir daha göstərib. Azərbaycan dövləti nə qədər güclüdürsə, ona düşmən olan qüvvələr də bir o qədər birləşməyə, birgə xain planlar qurmağa çalışırlar. Yuxarıda bəhs etdiyimiz nümunə buna bariz sübutdur. Ancaq danılmaz fakt və yeganə həqiqət budur ki, Azərbaycan dövləti, dövlətinə sahib çıxan Azərbaycan xalqı bu riyakarlar yığıncağına qarşı dimdik durmağa və onların planlarını alt-üst etməyə qadirdir. İfşa olunan ekstremist qruplaşma və lideri Azərbaycandan kənarda qaranlıqlar içində şirə dönsə də, daim öz kölgəsindən qorxmağa məhkumdur!

Aqil Vəlili

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir