• Şb. Noy 23rd, 2024

Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” – MÜSAHİBƏ

ByYenigun.news

Mar 28, 2024

Moldovada cari ilin payızında baş tutmalı olan prezident seçkisi və eyni vaxtda Avropaya inteqrasiya ilə bağlı referendumla (Moldova parlamenti hələ dəqiq tarix təyin etməyib) bağlı olaraq daxili siyasi həyat təlatümlüdür. Gərginlik təkcə Kişineuda deyil, etnik qaqauz türklərinin məskunlaşdıqları Qaqauziya Muxtar Ərazi qurumu (Qaqauz Yeri), eləcə də Dnestryanıda da yaranıb.

Məşhur moldovalı politoloq Viktor Çobanu Oxu.Az-a Moldovada baş verənlər, bu ölkədəki siyasi qüvvələrin reytinqləri və Qaqauziya ilə bağlı hadisələrdən danışıb.

– Bu yaxınlarda Moldova Marketinq və Sosioloji Tədqiqatlar İnstitutunun (IMAS) apardığı sosioloji araşdırmanın nəticələri dərc olunub. Məlum olub ki, moldovalıların yarıdan çoxu prezident seçkisinin Avropaya inteqrasiya ilə bağlı referendumla eyni vaxtda keçirilməsi ilə razılaşmır. Bundan əlavə, respondentlərin əksəriyyəti (59%) hazırkı prezident Maya Sandunu ikinci müddətə seçmək istəmir.

– Təqdim olunan sorğunun bəzi nəticələrinə şübhə ilə yanaşıram. IMAS mürəkkəb konstruksiyalı, qeyri-səhih suallar verməsi ilə fərqlənir. Ancaq bəzi rəqəmlər uyğun ola bilər.

Seçkidə Maya Sandunun şansı digər namizədlərdən hələ də yüksəkdir, bunu hətta istinad etdiyiniz bu sorğudan da görmək olar. Sandu rəqibi İqor Dodondan (keçmiş prezident, Moldova Respublikası Sosialistlər Partiyasının sədri – red.) xeyli irəlidədir, heç digər namizədləri demirəm.

Prezident seçkisi ilə eyni gündə baş tutmalı olan referenduma gəlincə, burada suallar var. Bəzi konstitusiya hüquqşünasları buna qarşı çıxır, digərləri isə iki səsvermənin eyni vaxtda keçirilməsinin prosedura uyğun olduğunu deyirlər. Siyasi mənada da bu iki hadisə bir-birinə təsir etməlidir.

Bir tərəfdən, Avropaya inteqrasiya ilə bağlı referendum, Sandunun müşavirlərinin fikrincə, onun prezident seçkisindəki nəticəsini yaxşılaşdırmalıdır. Amma bunun əksi də var, çünki Sandu Avropaya inteqrasiya ilə assosiasiya olunur, bu o deməkdir ki, referendum Moskva üçün Moldovadakı vəziyyəti qarışdırmaq vasitəsinə çevrilə bilər. Razılaşın ki, Avropaya inteqrasiya üzrə referendumda mənfi nəticə əldə etmək Kreml üçün böyük müsbətdir.

– Mənfi nəticə mümkündürmü?

– Bəli, Moldovada çoxlu kremlpərəst siyasətçilərin olduğunu nəzərə alsaq, bu mümkündür. Artıq İqor Dodon haqqında danışdıq. İndi o, Moldovanın monastırlarını gəzir, görünür, hamıya demək istəyir ki, Patriarx Kirill (Moskva və Bütün Rusiyanın Patriarxı – red.) şəxsən ona “hökmranlıq üçün xeyir-dua verib”. Bundan əlavə, İlan Şor (Moldova bank sistemindən 1 milyard dollar oğurlamaqda ittiham olunan moldovalı oliqarx – red.) iki həftə Moskvada olub. Onun Moldovada qadağan olunmuş Şor Partiyasında çoxlu klonları var.

– Regionlarda, məsələn, qondarma Dnestryanı ərazilərində də sabitlik yoxdur…

– Bəli, bir müddət əvvəl, fevralın sonunda Dnestryanıda sabitliyi pozmaq cəhdi oldu. Bütün səviyyələrdə olan deputatların qurultayı çağırıldı, bu qurultayda KİV-in məlumatına görə, bir növ müstəqillik bəyannaməsi qəbul etmək və Rusiyaya qoşulmaq üçün Moskvaya müraciət göndərmək planlaşdırılırdı. Bu ideya uğursuz oldu. Daha sonra Tiraspoldakı hərbi hissələrdən birində pilotsuz uçan aparatın helikopteri partlatması ilə bağlı montaj edilmiş videonu gördük. Beləliklə, Dnestryanı təhlükəsizlik qüvvələri gərginlik yaratmağa davam edəcək.

– Qaqauziyada vəziyyət necədir? Bu yaxınlarda Prezident Maya Sandu, qanunla tələb olunsa da, Qaqauz Yerindən seçilmiş başkan Yevgeniya Qutsulu hökumətə daxil etməyəcəyini açıqlayıb. Yevgeniya Qutsulun Qaqauziyanın rəsmi Kişineuya təsir etmək üçün Türkiyəyə ümid bəslədiyi barədə açıqlamaları var. Eyni zamanda, o bildirib ki, Qaqauziya Moldovadan ayrılmaq imkanını nəzərdən keçirmir.

– Qaqauziya Moldovanın tərkibində türklərin, türkdilli əhalinin yaşadığı muxtariyyətdir. Bu regionun Türkiyə və Azərbaycanla strateji əlaqələri inkişaf etdirməsi məntiqli olardı. Xarici yardım paketinə baxsaq, görərik ki, Türkiyə Qaqauziyada yol infrastrukturu qurur. Əsas donor – Rumıniyanın təmsil etdiyi Avropa İttifaqı (bu, Qaqauziya üçün əsas “dəhşət hekayəsi”dir) uşaq bağçaları və məktəbləri təmir edir. ABŞ bəzi layihələrdə yardım edir.

Amma Qaqauziya ənənəvi olaraq rusiyayönümlü səs verir. Əhali məlumatı Rusiya mediasından alır, ona görə də bu cür seçimi izah etmək olar. Əvvəlki yerli seçkilərdə və hətta bundan da öncə başkan seçkisində İlan Şorun qrupu, demək olar ki, məhdudiyyətsiz pul tökürdü, bu da ona gətirib çıxardı ki, səlahiyyətlərin icrası Qaqauziyada heç tanınmayan bir şəxsə – Şor Partiyasını təmsil edən Yevgeniya Qutsula həvalə olundu.

28 yaşayış məntəqəsindən 26-da yerli seçkilərdə Şor üzvləri mer oldular. Ona görə də, yeri gəlmişkən, referendum təhlükəsindən danışanda mən Qaqauziya seçicilərinin İlan Şorun dediyi kimi davranacaqlarını nəzərdə tuturam. Ya referendumu boykot edəcəklər, ya da Avropaya inteqrasiyanın əleyhinə səs verəcəklər. Dnestryanıda da eyni qaydada səs verəcəklər, burada da istənilən nəticəyə hazır olmaq lazımdır.

Moldovanın şimalında vəziyyət Dnestryanıdakı kimi birmənalı deyil, lakin güman ki, ümumilikdə əhali Avropanın inkişaf vektorunun əleyhinə səs verəcək.

– Bəs Prezident Maya Sandu niyə Qaqauziyanın başkanının Nazirlər Kabinetinin üzvü təyin edilməsi haqqında sərəncam imzalamaq istəmir? Axı bu, qanuni tələbdir.

– Bəli, belə bir norma var. Amma Yevgeniya Qutsul hələ də istintaq altındadır və Şor Partiyası Konstitusiya Məhkəməsi tərəfindən mütəşəkkil cinayətkar qrup kimi tanınıb. Qaqauziyanın başkanı hələ də keçmiş sponsorlarını açıq şəkildə rədd etməyib, üstəlik, o, komandasının Şorun komandası olduğunu daim təkrarlayır. İlan Şor isə, sizə xatırladıram ki, Moldova məhkəməsi tərəfindən 15 il müddətinə azadlıqdan məhrum edilib, o, qaçaq sayılır.

Buna görə də Prezident Maya Sandu hüquq-mühafizə orqanları aydınlıq gətirməyənə qədər Yevgeniya Qutsul kimi bir şəxsi hökumətə daxil etməyə bilər.

– Bəs Qaqauziyanın başkanının regionun xüsusi hüquqi statusunu pozmaması üçün Moldova hökumətinə təsir etmək xahişi ilə Türkiyəyə müraciəti necə? Komratın (Qaqauz Yerinin paytaxtı) belə müraciəti Kişineunu narahat etmirmi?

– Bəli, yeni bir şey idi. Ola bilsin ki, Moldova hökuməti bundan narahatdır, amma hesab edirəm ki, Kişineu Ankara ilə bu mövzunu da müzakirə edə bilər. Başa düşməliyik ki, Kişineu qaqauz xalqına və qaqauz muxtariyyətinə qarşı deyil. Başkan və onun necə seçilməsi ilə bağlı suallar var.

– Deməli, Qaqauziyanın Moldova daxilində xüsusi statusuna heç nə təhlükə yaratmır?

– Təbii ki, Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir. Bunların hamısı regionda yayılan Moskvanın tərtib etdiyi “dəhşət hekayələri”dir. Qaqauziyadakıları qorxudurlar ki, Moldova Avropa İttifaqına daxil olarsa, onların muxtariyyəti ləğv olunacaq. Hər şey tam əksinədir. Milli azlıqların hüquqları Avropa qanunvericiliyi ilə qorunur.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir