Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında oktyabrın 2-də telefon danışığı olub.
Liderlərin ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə etməsi Azərbaycanla Qazaxıstanın Xəzər dənizindəki birgə hərbi təlimlərinin başlandığı günə təsadüf edib.
Prezidentlərin müzakirələrinə həmin fonda – hərbi təlimlərin işığında – qiymət verəndə Türkiyənin Xəzər dənizində təhlükəsizliyin qorunması prinsipləri üçün prioritetlər seçdiyi görünür.
Cəlbedicidir ki, Ankaranın xarici siyasət strategiyasının Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında yerləşdirdiyi alətlər bir-birilə sıx bağlıdır – elə digər oyunçuların da.
Qazaxıstan Türkiyənin Mərkəzi Asiyadakı əsas iqtisadi və siyasi partnyorudur ki, bu da Ankaranın bölgə dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməsinə münbit şərait yaradır.
Bu proses regionun Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində parlayan gündəliyini beynəlxalq oyunçuların masasında müzakirə predmeti edir.
Qısa şəkildə:
– Qərb TDT-nin iqtisadi gücünü öz tərəfinə doğru çəkmək üçün əlləşir;
– Qlobal təchizat zəncirləri qırılan Rusiya TDT-ni regional və qlobal ambisiyalarının çətirinə salmağa çalışır;
– Çin TDT-nin dinamikasından həzz alır. Çünki Pekin regionda Orta Dəhliz üzrə iddialarının yerinə yetirilməsində TDT-dən ən çox fayda götürən oyunçudur.
Türkiyə ilə Qazaxıstanın cərəyan edən beynəlxalq proseslərdə təmsil etdiyi dairə regionda maraqları kəsişən oyunçular üçün kritik nöqtədir.
Çünki Qazaxıstan zəngin təbii sərvətlərə malikdir, bu ölkə Mərkəzi Asiyadakı gələcək hadisələrə qapıdır, bu yaxınlarda cənab Tokayev dövlətin hibrid təhdidlərlə üz-üzə qaldığına dair ciddi siqnal verdi. Bu, qlobal rəqabətdə Mərkəzi Asiya üzrə tendensiyaların pərdəarxası dinamikasını göstərən simvollardır.
Bu mənada Türkiyənin həm ikitərəfli, həm də TDT çərçivəsindəki çoxtərəfli təhlükəsizlik formatında Qazaxıstanı ipə götürmək istəyənlərə qarşı hərəkətini aktivləşdirməsi başadüşüləndir.
Ərdoğanla Tokayevin danışıqları geniş mənada sistemli səbəblərlə beynəlxalq platformadakı münaqişələrin Mərkəzi Asiya səhnəsində davam edəcəyinə qarşı təsir dairələrini əhatə edir.
Rusiya-Ukrayna müharibəsi ilə beynəlxalq sistemdəki mürəkkəblik dozasının həddini keçməsi Türkiyə-Qazaxıstan əməkdaşlığının perspektiv təyinatlarını müəyyənləşdirmək çağırışlarını ortaya çıxarır.
Bu isə postsovet məkanının Cənubi Qafqaz teatrında yeni reallıqlar yaradan Azərbaycanın genişlənən strateji məzmunu ilə paraleldir.
Azərbaycan və Türkiyə TDT-nin genişlənmə siyasətinin əsas iki təşəbbüskarıdır, Qazaxıstan isə Bakı-Ankara gündəliyinin Mərkəzi Asiya oxuna dəstək göstərir.
TDT-nin güclənən orbitini zəifləyən orbitə doğru dəyişməməsi üçün:
– Özbəkistanın proseslərdə iştirak səviyyəsinin qalxması,
– Qırğızıstanın ərazi münaqişələri üzrə (Tacikistanla) problemləri sonlandırması,
– Müşahidəçi statusda olan Türkmənistanın enerji-iqtisadi layihələrdə TDT-nin gündəliyinə töhfə verməsi,
– Digər müşahidəçi qismində olan Macarıstanın Avropa İttifaqının regiondakı iqtisadi təşəbbüslərinin artmasına yardımçı olması lazımdır.
Sadalan bəndlər əsassız deyil, çünki tənəzzülə uğrayan qlobal siyasi sistem regional təhlükəsizlik atmosferini korlayır. İndi güclü təhlükəsizlik immunitetləri formalaşdırılmalıdır, TDT-nin bu potensialı Azərbaycanın Qarabağda suverenliyini təmin etməsi ilə güclənir. Yəni münaqişələrin bir-birilə əlaqəli halqalarından biri qırıldı, hərçənd, Mərkəzi Asiya regionu xeyli dərəcədə həssas olaraq qalmaqdadır.
Regionda hibrid güc tətbiqinin ən aktiv fazaya keçməməsi həyati əhəmiyyət kəsb edir, çünki o, vəziyyəti həll etmək əvəzinə daha da gərginləşdirir.
Ərdoğanla Tokayevin telefon danışığı mövcud problemləri həll etmək və genişmiqyaslı neqativ nəticələrin qarşısını almaq üçün gələcək kritik məqamlara işıq salacaq.
Aqşin Kərimov