• Ca. Okt 31st, 2024

Xainin dəyişməyən xisləti: İranın şəhidlərimizin qanına bulaşan əlləri…

ByYenigun.news

Yan 27, 2023

Öz ambisiya və ehtiraslarının qurbanına çevrilmiş İran rejimi artıq uzun illərdir ki, nəinki Cənubi Qafqaz, eləcə də bütün dünya üçün şər yuvasına çevrilib. Qaragüruhun əsarətində idarə olunan İran öz xain əməllərinə müqəddəs islam dinini də alət etməklə beynəlxalq ictimaiyyət qarşısında formalaşdırdığı obrazla həmçinin bütövlükdə İslam aləminə xəyanət edir.

Qlobal terror, xaos və özbaşınalığa açıq-aşkar dəstək verən İran demək olar ki, dünyanın bir çox nöqtələrində baş verən qətl və cinayətlərdə bu və ya digər şəkildə iştirakçı rolunu oynayır. İraqda, Suriyada yüzlərlə insanın qanına əli bulaşan molla rejimi təkcə hüdudlarından çox uzaqlarda deyil, həm də sərhədlərindəki gərginliklərdə də baş rolu icra edir.

Bu gün səhər saatlarında Tehrandakı Azərbaycan səfirliyinin binasına edilən terror hücumu da məhz İranın riyakar, məkrli və xain siyasətinin nəticəsi kimi qarşımıza çıxır.

Məsələ ilə bağlı Azərbaycan XİN-in bəyanatında xatırladılır ki, rəsmi Bakı bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi barədə tədbirlər görülməsi üçün İran qarşısında davamlı olaraq məsələ qaldırıb. Görünür, terror və özbaşınalığa rəvac verən İran heç də diplomatlarımızı qorumaq məsələsinə “istəkli” yanaşmayıb. İranın “istəksiz” davranmasının kökündə isə molla rejiminin düçar olduğu acizlik, bu rejimin terrorla “qidalanması”, İranın hər zaman xaos mühitini özü üçün münbit inkişaf şəraiti seçməsi kimi bir çox amillər dayana bilər. Üstəlik, İran üçün yaxın qonşusuna xəyanət etməyin özü heç də böyük problem sayıla bilməz, rəsmi Tehran ikiüzlülüyünü artıq dəfələrlə sübut edib.

Bu mənada İranı ifşa etmək üçün heç də uzaq keçmişə getməyə də gərək yoxdur. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsi zamanı İranın bütün dəyərlərə xəyanət edərək işğalçıya “qardaşlıq” etməsi hər birimizin xatirindədir.

Özünün bu gün “dəyişilməsinə” böyük nifrət və qəzəblə qarşı çıxdığı şimal sərhədlərində Ermənistan üçün nəfəslik rolunu oynayan, Azərbaycan hərbçilərinin, dinc azərbaycanlıların ölümünə səbəb olan silahların “kiçik qardaş”ına daşınmasında böyük canfəşanlıq edən və nəhayət Azərbaycanla sərhəddə əl atdığı təxribatla Müzəffər Ordumuzun hücumunu ləngidən, işğalçılara hazırlıq üçün vaxt qazandıraraq növbəti dəfə Azərbaycan xalqına, müsəlman aləminə ən iyrənc xəyanəti edən İranın müvafiq dosyesi olduqca qabarıqdır.

Həmin vaxt molla rejimi artıq iç özünü bütün çılpaqlığı ilə ifşa etmiş, əlini azərbaycanlıların qanına bulamaqdan çəkinmədiyini göstərmişdi. Tətiyi çəkən İran olmasa da, 44 günlük müharibə dövründə İranın namərd davranışı axan qanlarda onun da payının olması həqiqətini əsla dəyişmir.

Özünü İslam dünyasının hamisi elan edən İran nəinki məscidlərin viran qoyulmasına susdu, hətta sökülən dini və mədəniyyət abidələrinin, azərbaycanlıların yurd-yuvalarının Qarabağdan daşınan materialları ilə özünün viran qalmış, səfalət içindəki şəhərlərini “restavrasiya” etdi. Bununla da cənub qonşumuz öz gələcəyini qan və iztirablarla, terror və vəhşiliklə inşa etdiyini ortaya qoydu.

Bu gün isə İranın riyakarlığı və məkrli oyunları növbəti dəfə Azərbaycan şəhidinin qanı ilə nəticələndi. 44 günlük müharibədə olduğu kimi bu gün də İran əlini Azərbaycanın qəhrəman övladının, mərdlik və şücaət nümunəsi olan şəhidinin qanına boyadı.

44 günlük müharibədə bütün müqəddəs dəyərlərə xəyanət edən, islam dünyasının kürəyinə xəyanət bıçağını saplayan, “qardaşı” Ermənistanla birgə dinc sakinlərin, şəhidlərin qanına bais olan İran əsl mahiyyətini göstərərək, bu gün baş verənlər üçün illər əvvəl zəmin hazırladığını sübut etdi.

Ancaq İran rejimi unudur ki, tarix xəyanətləri, günahsızların qanında əli olan xainləri mütləq cəzalandırır və onları layiq olduqları tozlu səhifələr arasında itib-batmağa, məhv olmağa məhkum edir…

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir