Türkiyədə keçirilən səsvermədə bülletenlərin 99,45 faizinin işlənməsinin nəticələrinə görə, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 52,10 faiz səs qazanıb. “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,90 faiz səs toplayıb. Səsvermədə sayılmayan bülletenləri də nəzərə alsaq, aradakı fərqin bağlanmaq ehtimalının olmaması danılmaz faktdır. Odur ki, qardaş ölkədə baş tutan prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın parlaq qələbə qazandığını söyləyə bilərik.
Bu qələbə ilə Azərbaycan üçün hazırda mövcud olan və ümumilikdə türk dünyasının maraqlarına tamamilə uyğun geosiyasi vəziyyətin sabitliyi öz davamlılığını qorumuş oldu. Başqa sözlə, Türkiyə seçicisi öz qüdrətli dövlət imicinə, türk dünyasının tərəqqisinə və təbii ki, Azərbaycanla müttəfiqlik münasibətlərinin daha da inkişafına səs verdi. Seçkidən öncə qurulan “tamaşa”lar, sifarişli və planlı şəkildə idarə olunan təzyiq kampaniyaları Türkiyə xalqının iradəsi ilə iflasa uğradı. Uzun illərin davamlı və məqsədyönlü fəaliyyətinin bəhrəsi olan regionumuzda formalaşmış yeni reallıqlar təhdidlər qarşısında qalib gəlməyə müvəffəq oldu.
CHP-li Kamal Kılıçdaroğlunun Ermənistan və İrana nəfəslik sayıla biləcək və qətiyyən Türkiyənin maraqlarına xidmət etməyən layihəsi də beləliklə, tarixin tozlu səhifələri arasında unudulub getməyə, süquta məhkum edildi. Arxasında heç də Türkiyənin bütövlüyü və qüdrətini qorumağı özünə rəhbər tutmayan çoxsaylı ittifaqları, qrupları cəmləşdirən Kamal Kılıçdaroğlunun İttifaqı birmənalı şəkildə böyük türk xalqının əqidəsi qarşısında aciz duruma düşdü, Türkiyə xalqı ölkəsinin Ərdoğan liderliyində qlobal gücə çevrilməsinə, artan nüfuzuna və perspektivdə böyük uğurların dayandığı gələcəyə səs verdi.
Azərbaycanla qurulmuş ittifaqın regiondakı sabitlik və təhlükəsizlik üçün daşıdığı həyati əhəmiyyəti dərk edə bilməyən və ya öz havadarları tərəfindən buna təhrik edilən qüvvələrin planı boşa çıxdı. İran və Ermənistanla birgə addımlamağa tamah salan və bununla türk dünyasına ağır zərbə vuracağını belə dərk edə bilməyən Kamal Kılıçdaroğlu Ərdoğan qarşısında artıq sayını xatırlamadığımız növbəti məğlubiyyətini aldı. Bu seçkiləri sadəcə iki namizədin mübarizəsi kimi qiymətləndirmək təbii ki, mümkün deyil.
Türkiyənin gələcəyi üçün iki yolun, iki baxışın və iki siyasi kursun mübarizəsində qalib gələn tərəf tərəqqi, inkişaf və sabitlik oldu. Türk dünyasının dirçəlməsi planları qarşısına sədd çəkən, Türkiyəni təlatümlərin qucağına atan və regionda nüfuz itkisinə gətirib çıxara biləcək Kılıçdaroğlu layihəsi növbəti dəfə xalqın iradəsi qarşısında ağ bayraq qaldırmış oldu. Türkiyə xalqının Ərdoğan seçimi isə olduqca sadə səbəblərlə izah oluna bilər. Türkiyə xalqı qüdrətli dövlət, nüfuz sahibi lider və gələcəyi xalqı ilə birgə inşa edən siyasi kursa səs verdi. Azərbaycan xalqının olduqca diqqətlə izlədiyi seçkilərdə müttəfiqlik münasibətlərinə kölgə salan planlar və layihələr suya düşdü.
Ərdoğanın Kamal Kılıçdaroğlu ilə bağlı səsləndirdiyi “bye, bay Kamal” ifadəsi isə bu məqamda əsl yerinə düşür. Ərdoğanın sözünə qüvvət olaraq deyə bilərik ki, “bye, bye” İran və Ermənistanı “müttəfiq” görən, sabitlik və tərəqqini təhlükə altında qoyan planlar, “bye, bye” Türkiyənin bütövlüyünü və qüdrətini riskə atan, qardaş ölkənin dünyada yaratdığı qlobal güc imicini məhvə sürükləyən layihələr, “bye, bye” türk dünyasının uzun illər ərzində inşa etdiyi vəhdət və inkişaf yoluna daş qoymaq istəyən ittifaqlar, “bye, bye”…
Bir “bye” da Azərbaycandan – sadəcə xəritə üzərində qalan ümidlərə, heç zaman həyata keçməyəcək kirli oyunlara, sifarişlə qurulmuş səhnələrdə oynanılan “tamaşa”lara…
Aqil Vəlili