• Ç. Okt 30th, 2024

Xankəndi yolundakı etirazların molla rejimində yaratdığı xof: İran çirkin əməllərindən əl çəkmir – ŞƏRH + FOTO

ByYenigun.news

Dek 17, 2022

Şuşa-Xankəndi yolunda ekofəallar və QHT nümayəndələrinin başlatdığı aksiya artıq altıncı günündədir. Gecələri çadırlarda keçirən fəalların əsas tələbi Qarabağ iqtisadi rayonunda ekoloji terrorun sonlandırılmasıdır. Etirazçılar Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdəki təbii sərvətləri ermənilərin talan etməsinə, separatçıların rəhbəri Ruben Vardanyanın torpağımızda təxribatçı fəaliyyətlə məşğul olmasına qarşı şüarlar səsləndirirlər. 

Lakin yolun Rusiya sülhməramlıları tərəfindən bağlanmasına və azərbaycanlı ekofəalların haqlı tələblərinə baxmayaraq, vəziyyəti təhrif edib mediası vasitəsilə Azərbaycanı dünyaya sanki müharibə istəyirmiş kimi göstərməyə çalışanlar da var. Hərçənd bu ermənipərvər fəaliyyətə bürünən cənub qonşumuz İranın mediasına dünyada nə qədər etibar edildiyi sual altındadır, ancaq yenə də Azərbaycan əleyhinə atılan növbəti addım qəbuledilməzdir. Molla rejiminin media orqanlarının Şuşa-Xankəndi yolundakı jurnalistlərin, aksiya iştirakçılarının Azərbaycan hərbçiləri olduğunu iddia etməsi onların fantaziyalarından başqa bir şey deyil. 

Məsələ barədə Oxu.Az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, bu, İranın köhnə şakəridir: 

“İrandan başqa nə gözləmək olar? Onlar Azərbaycan istiqlaliyyət əldə etdikdən sonra həmişə anti-Azərbaycan mövqeyi tutublar, Azərbaycan həqiqətlərini saxtalaşdırıblar. Ümumiyyətlə, belə totalitar rejimlərdə mətbuat müstəqil yox, asılı olur, hakim zümrənin mənafeyini ifadə edir. Bu baxımdan İran mediasındakı həmin fikirlər mollakratiyanın mövqeyidir. O mövqe isə vahid Azərbaycan ideyalarının əleyhinə yönəlib. 

İnanmıram ki, dünya mediası İran mətbuatından nələrsə götürsün. İranı dünya tanıyır və az qala bütün dünya İranın əleyhinədir. Bu, əlbəttə ki, İran-Azərbaycan münasibətlərini daha da pisləşdirəcək. Azərbaycan bir daha öz praktikasında görəcək ki, İran təkcə mediası ilə deyil, bütün qüvvələri ilə Azərbaycanın əleyhinədir, Ermənistanın yanındadır”.

Politoloq İlyas Hüseynov isə ilk olaraq azərbaycanlı ekofəalların niyyətindən söz açıb:

“Azərbaycan tərəfi Xankəndi-Şuşa yolunda ekofəalların aksiyası ilə bağlı bəyan edib ki, biz Laçın yolunu bağlamamışıq, yolu Rusiya sülhməramlıları bağlayıb və əraziyə gedən jurnalistlərimiz də bunu dəfələrlə işıqlandırıblar. Ötən dövr ərzində humanitar əsaslı yüklərin maneəsiz keçməsi də baş verib. Ona görə də burada Azərbaycanı günahlandırmaq, ölkəmizə qarşı hər hansı kampaniya başlatmaq yolverilməzdir. Ermənistanın kütləvi informasiya vasitələrində bunu artıq “ermənilərin soyqırımı” kimi qələmə verirlər. Lakin əsl soyqırımı Ermənistan XX əsrin sonlarında azərbaycanlıların başına gətirib. Maraqlıdır ki, bu gün İran tərəfi də Ermənistanın müdafiəsinə qalxır və Tehran rejiminə tabe olan media orqanlarının jurnalistləri həqiqətləri yenidən təhrif etməklə məşğuldurlar. Onlar Azərbaycanın siyasətinin Ermənistana, eləcə də Qarabağda olan ermənilərə qarşı yönəldiyini göstərməyə çalışırlar. Lakin bu, tamamilə yalandır”.

Ekspert rəsmi Bakının baş verən proseslərlə bağlı dəfələrlə məlumat verməsinə də diqqət çəkib:

“Brifinqlər keçirilib, məlumat mübadiləsi olub. Nəzərə almaq lazımdır ki, bizim jurnalistlərimiz orada baş verən prosesləri şəffaflığı ilə dünya mediasına təqdim edirlər. Biz növbəti dəfə İranın ermənipərəst siyasətinin şahidiyik. Bu gün bu siyasət daha da geniş məzmun daşımağa başlayıb. Xüsusilə Vətən müharibəsindən sonra İran hər vəchlə Ermənistanla münasibətlərini daha da dərinləşdirməyə səy göstərir. Hətta indi də yaranan fürsətdən də istifadə edərək ölkəmizə qarşı çirkin kampaniyaları davam etdirir. Xüsusilə ərəb dünyasında İranın maliyyələşdirdiyi KİV var. Vətən müharibəsində də həmin KİV-in ölkəmizə qarşı təbliğat kampaniyasında iştirak etməsinin şahidi olmuşuq.  Belə görünür ki, İranın Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirməkdə maraqlıdır”.

Sayad Həsənli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir